“MTN generalları ilə iş birliyində olan bələdiyyə sədrləri də məsuliyyətə cəlb edilməlidir”
Mahmud Hacıyev: “Həm MTN, həm də “Rabitə işi”ndə həbs edilənlər sadəcə icraçılardır”
Adı “MTN işi”ndə keçən bir sıra general və polkovniklərin ölkənin müxtəlif regionlarında fermer və iş adamlarına məxsus hektarlarla torpaq sahəsini zorla öz yaxınlarının adına keçirdiyi, mediada bir ildən çoxdur ki, bu istiqamətdə silsilə informasiyaların yer aldığı hər kəs məlumdur. Məlum problemlə üzləşən şikayətçilərin bir çoxu bu məsələdə MTN generallarına bələdiyyə sədrlərinin, yerli icra nümayəndələrinin yaxından kömək etdiyini iddia edir.
Maraqlıdır, torpaqları əllərindən alınan vətəndaşlarla bağlı istintaq işi aparılarkən həmin ərazinin bələdiyyə sədrləri, icra nümayəndələri də istintaqa çağırılmalıdırnı? Bu məsələdə onların da məsuliyyət payı varmı?
anaxeber.info-a açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev keçmiş MTN yetkililəri ilə yanaşı, bu şəxslərin də məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu qeyd etdi:
“MTN generalları ilə iş birliyində olan bələdiyyə sədrləri də məsuliyyətə cəlb edilməlidir. Əgər hansısa vətəndaşın əlindən 50 sot, bir hektar, hektar yarım torpağı alınıbsa, bununla bağlı həmin ərazinin bələdiyyə sədri, icra nümayəndəsi, Əmlak Komitəsinin regional nümayəndəsinin yetkilisi də çağırılıb dindirilməlidir. Çünki bu insanlar da bilirdilər ki, hansısa vətəndaşın torpağını “KQB” generallarının özünün, yaxud da qohumlarının adına sənədləşdirmək qeyri-qanuni işdir.
Cinayət tərkibli əməllərdə əsas fiqur cinayəti təşkil edən, onu sifariş edən şəxslərdir. Cinayət tərkibli əməldə subyektlər dörd cür olur: cinayətin təşkilatçısı, cinyətin sifariçisi, cinayətin iştirakçısı və bir də cinayətin icraçısı. Məsələ bundadır ki, “MTN işi” ilə bağlı tutulanların hamısı iştirakçılar və icraçılardır. Əsas fiqurantlar – təşkilatçı və sifarişçilərin əksəriyyyəti kənardadır. Bu, “MTN işi”ndə də, “Rabitə işi”ndə də belədir”.
Seymur Əliyev