NASA Günəşdə böyük ləkənin görüntüsünü əks etdirən video yayıb. Kadrlar 5-11 iyulda çəkilib. Görüntülərdə ləkə balaca görünsə də, əslində mütəxəssislər onun ölçüsünün həddən artıq böyük olduğunu bildirir. Yaranan bu vəziyyət yerdə hər hansı təhlükə yarada bilərmi?
Şamaxı Rəsədxanasının direktoru müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev Cebhe.info-ya açıqlamasında bildirib ki, 2 665 nömrəli bu ləkə getdikcə zəifləyir:
“Hər zaman Günəşdə alışma ehtimalı olub. Öncələr çox ciddi alışmaların ola biləcəyi ehtimal vardı. Lakin getdikcə ləkənin ölçüsü kiçilməyə başlayır. Maqnit sahəsinin mürəkkəbliyi sadələşməyə doğru gedir. Günəşdən hər hansı gücə malik olan alışma yaranarsa, onun Yerə doğru yönəlmə ehtimalı böyükdür”.
Mütəxəssis bildirib ki, Yer üçün təhlükə haqda hələlik heç nə demək olmaz: “Alışma olmadan, Yerə doğru yönəlmədən bizim üçün hər hansı təhlükədən söhbət gedə bilməz. Təhlükə yaranarsa, telekommunikasiya sistemində siqnalların qısamüddətli donmasına səbəb ola bilər. Maqnit qasırğası yaranarsa, bioloji sistemlərə zərər vura bilər. Bu amil də xroniki xəstələr, uşaq və yaşlılara mənfi təsir edə bilər. O qədər ciddi həyati təhlükə yoxdur”.
Qeyd edək ki, NASA hələlik Günəşdəki ləkənin nəyin nəticəsində yarandığını açıqlamayıb. Bununla belə, mütəxəssislər onun Günəşdəki alışmalarla əlaqədar ola biləcəyini ehtimal edir.
Nigar Cahid
Cebhe.info