Ötən gün axşam saatlarında Gəncədə baş verən təbii fəlakət nəticəsində şəhərin infrastrukturuna ciddi ziyan dəyib. 1000-dən artıq fərdi yaşayış evlərini su basıb, 100-ə yaxın yaşayış evlərinin dam örtüklərinin dağılıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hadisə ilə bağlı açıqlama verib. Bildirib ki, saat 22 radələrində güclü küləklə müşahidə olunan leysan yağış təxminən 20 dəqiqə davam edib. Nəticədə Gəncənin elektrik, qaz, su, kanalizasiya və rabitə təsərrüfatının böyük hissəsinə ciddi ziyan dəyib.
“Güclü yağış nəticəsində təxminən 1000-dən artıq fərdi yaşayış evlərini həyətlərinə, eləcədə zirzəmisinə sel suları dolub. Külək nəticəsində 200-dən artıq iri gövdəli ağac aşaraq küçə və prospektlərdə avtomobillərin hərəkətini məhdudlaşdırıb. 50-yə qədər avtomobil ağacların aşması nəticəsində ziyan görüb. Gəncə şəhər İcra Hakimiyyətində baş verən təbii fəlakətin aradan qaldırılması üçün fövqəladə komissiya yaradılıb. İlkin araşdırma zamanı şəhərin 27 qaz təsərrüfatının, 30-dan artıq yarımstansiyanın sıradan çıxdığı, eləcədə 100-ə yaxın yaşayış evlərinin dam örtüklərinin dağıldığı məlum olub".
İcra başçısı bildirib ki, hadisə nəticəsində qaz təsərrüfatında 27 yerdə böyük dağıntılar var. Şəhərin 80%-də demək olarkı işıq yoxdur. Su-kanalizasiya sistemində problemlər aradan qaldırılır. Eyni zamanda FHN-nin aidiyyatı qurumları xidmət aparır. Su basmiş evlərin, dam örtükləri dağılmış binaların siyahısı aparılır. 100 illik çinar ağacları aşıb. Gəncəyə çox böyük ziyan dəyib, bütün bunlar aradan qaldırılır. Onu deyə bilərəm ki, bütün məsələlər nəzarət altındadır”.
Xatırladaq ki, gecə saat 01:30 radələrində Gəncənin bir hissəsin elektrik verilişi təmin olunsa da, qaz təsərrüfatında yaranan ciddi problemlərin aradan qaldırılması işləri aparılır. Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin texnika və canlı qüvvəsi də gecə saatlarında küləyin və yağışın törətdiyi fəsadların aradan qaldırılmasını həyata keçirib.
Qeyd edək ki, Gəncədə baş verən təbii fəlakətin aradan qaldırılması, eləcədə dəymiş ziyanın hesablanması üçün paytaxtdan xüsusi yaradılmış komissiya ezam olunacaq.
[media=http://www.youtube.com/watch?v=cllnK5D5vew]