Azərbaycanın siyasiləri Dünya Çempionatına qoşulur

11-06-2014, 10:48   
Azərbaycanın siyasiləri Dünya Çempionatına qoşulur
Sabah Braziliyada Dünya Çempionatı başlayır. Siyasi mövqeyindən asılı olmayaraq, dünyadakı insanların bir çoxu bu çempionatı izləməyi və öz sevimli ölkələrinin komandasını qalib görməyi düşünür.

Rəsmi məlumatlara görə, bu ilki DÇ-də 3 milyarda yaxın insan azarkeşlik edəcək.

Axar.az olaraq hər zaman müxtəlif mövzularda fikirlərini öyrəndiyimiz, proqnozlarını izlədiyimiz müxtəlif sahələrdə fəaliyyət göstərən dəyərli ekspertlərimizin futbolla bağlı fikirlərini də öyrənmək maraqlıdır. Bu məqsədlə onlardan hansı komandaya azarkeşlik etdiklərini və hansı komandanın daha şanslı hesab etdiklərini öyrənməyə çalışdıq.

Milli Məclisin deputatı, tanınmış yazar Aqil Abbas ev sahibi olan Braziliyaya azarkeşlik etdiyini deyir:

“Braziliyanı sevirəm və istəyirəm ki, o da qalib gəlsin. Amma Portuqaliyanı da sevirəm. Ronaldoya görə”.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə kubokun Avropaya gətirilməsinin tərəfdarıdır:

“Mənim sevimli komandam İspaniya yığmasıdır və düşünürəm ki, çempionat Braziliyada keçirilməsinə baxmayaraq, İspaniya bu il qalib olacaq.

“Real” hərəkatının İcra katibi, tanınmış iqtisadçı Natiq Cəfərli Messinin tarix yazacağına inanır. Onun sözlərinə görə, bu çempionat Argentina kimi Messinin özü üçün də əhəmiyyətlidir:

“Mən hər çempionatda olduğu kimi bu Çempionatda da Argentina yığmasına azarkeşlik edəcəyəm və güman edirəm ki, Braziliyada məhz Argentina qalib gələcək, Messi dünya çempion olaraq futboldakı öz mövqeyini sübut edəcək. Əgər dünya çempionu olmasa Messi tarixdə ancaq klub səviyyəsində böyük bir oyunçu kimi qalacaq. Onun ən azından Maradona kimi tarix yazmasında dünya çempionu olması əsas şərtdir”.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə digərlərindən fərqli olaraq komandalara deyil, gözəl oyuna azarkeşlik etdiyini deyir:

“Mən hər zaman konkret komandalara deyil, gözəl oyuna azarkeşlik etmişəm. Hansı komandanın qalib gəlməsi deyil, oyunun gözəlliyi mənim üçün maraqlıdır. Amma hazırkı durumda Braziliyanın qalib ola biləcəyini düşünürəm. Hesab edirəm ki, onun şansı daha çoxdur. Bir tərəfdən güclü komandadır, digər tərəfdən də doğma divarlar arasında top qovacaq. Amma bu oyun onunçün asan olmayacaq. Çünki onun İspaniya, Almaniya, İtaliya kimi güclü rəqibləri olacaq. Hər halda final oyunu ən düzgün nəticəni ortaya qoyacaq”.

“Mən Braziliyanı dəstəkləyirəm”, – deyən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı, tibb elmləri doktoru Asim Mollazadə Braziliyanın durumunun normal olmadığını etiraf edir:

“Baxmayaraq ki, komandanın vəziyyəti o qədər də yüksək deyil, amma yenə də Braziliyanın qalib gələcəyini düşünürəm”.

Politoloq Qabil Hüseynli DÇ-nin ilk üçlüyünə sahib olacaq komandaların adlarını bildiyini də dedi. Onun fikrincə, Braziliya kuboku özündə saxlayacaq:

“Mən Braziliya və Almaniya dəstək verirəm. Amma düşünürəm ki, Braziliya bu il qızıl ilahəni Braziliya başı üzərinə qaldıracaq. İlk üçlüyün proqnozunu da verə bilərəm. Birinci yeri Braziliya, ikinci yeri Argentina və üçüncü yeri Almaniya tutacaq. Bu nəticənin olacağına dəqiq əminəm. Dördüncü yerdə Kamerun, yaxud İngiltərə ola bilər”.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov hansısa komandaya deyil, futbolun özünə tamaşa etdiyini bildirdi:

“İstəyərəm ki, maraqlı və məzmunlu çempionat keçsin. Ona görə də qabaqcadan kimin çempion olması ilə bağlı heç bir şey deyə bilmərəm. Görmək istədiyim komandaların bir sırası orada olmadığına görə mən həvəsli deyiləm bu çempionata baxmağa. Hakimlər ədalətli olsa, Braziliya kimi futbol ölkəsində maraqlı futbol tamaşası olacaq. Həmişə Braziliya və Hollandiya yığmasına azarkeşlik etmişəm. Tərəfkeşlik kimi həmişə istəmişəm ki, Türkiyə komandası çempion olsun. Ancaq təəssüflər olsun ki, bəzən onlar etimadı doğrultmurlar. Düşünürəm ki, Braziliyanın öz meydanında oynamasına rəğmən, bu dəfə dünya çempionu olması çətin olacaq”.

Tarixən Braziliyaya azarkeşlik etdiyini deyən tarixçi alim Altay Göyüşov hesab edir ki, gözəl oyun nümayişinə görə komandasını dəyişə də bilər:

“Tarixən Braziliyaya azarkeşlik etmişəm. Bu dəfə də Braziliyanın qalib gəlməsini istəyirəm. Azarkeşlik etdiyim komandalar arasında hər zaman Fransa və Türkiyə yığmaları da olub. Əgər bu komandalar oynayırsa, onların qələbəsini arzulayıram. Amma bir şeyi etiraf edim ki, bir az yaşlaşdıqca azarkeşlik emosiyalarım bir az azalıb və indi daha çox oyunun keyfiyyətinə rəğbət bəsləyirəm. Ola bilər ki, azarkeşlik etdiyim komanda başqa komanda ilə oynayır və rəqib komanda sözün əsl mənasında gözəl oyun nümayiş etdirir. O zaman mən loyallığımı dəyişə bilərəm. Belə deyək ki, mən bu məqamda o qədər də sabit azarkeş deyiləm”.

Çempionatın taleyi ilə bağlı proqnozlarını da bölüşən alim hesab edir ki, Braziliyanın qələbə qazanmaq şansları daha çoxdur:

“Hamı bilir ki, Braziliya yığmasının vəziyyəti arzu olunan səviyyədə deyil. Amma doğma meydan anlayışı baxımından bu ölkənin şanslarını daha çox dəyərləndirirəm. Amma Messinin top qovacağı Argentinanın, İtaliyanın, Almaniyanın imkanlarını da düzgün qiymətləndirmək lazımdır. Messi kimliyini sübut eləmək üçün bu şansdan istifadə edəcək”.

Xatırladaq ki, Braziliyada iyunun 12-dən iyulun 13-nə qədər davam edəcək Dünya Çempionatında 32 ölkənin milli yığması birincilik uğrunda mübarizə aparacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.