"Hər gün bir kənd sakini atamın heykəlinin ətrafını süpürsün "

19-08-2017, 11:18   

Sabirabadda atasına heykəl qoyduran deputat Prezident Administrasiyasına (PA) çağrılıb. Bu barədə Yayiminfo.com-a rayonun Nizami kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, Sabirabad rayonundan millət vəkili seçilən Rüstəm Xəlilovun atası Gülabba Xəlilov üçün heykəl qoyduraraq rayon sakinlərinə heykəli məcbur ziyarət etmələri göstərişini verdikdən sonra, kənd sakinləri PA-ya şikayət ərizəsi ilə müraciət ediblər.


"Prezident Administrasiyasına getdik. Dedilər ki, şikayətinizi yazılı olaraq bildirin. Dedilər ki, narahat olmayın, bu haqda ölçü götürüləcək. Biz də şikayətimizi elə oradaca yazıb, imzaladıq. Xəbər aldıq ki, artıq Rüstəm Xəlilov PA-ya çağırılıb. Ümid edirik ki, deputat bu əməlinə görə, cəzalanacaq” deyə şikayətçi rayon sakinləri saytımıza bildiriblər.

Onların sözlərinə görə, deputat atasının heykəli ilə bağlı xəbərlərin yayılmasından sonra kənd sakinlərindən qisas almağa başlayıb: "Kəndin icra nümayəndəsinə tapşırıb ki, kənd camaatı öz aralarında bölgü edərək hər gün biri atamın heykəli ətrafını süpürsün, heykəlin üstündəki gülləri yeniləsin”.

Son məlumata görə, məsələ ilə bağlı Sabirabad icra hakimiyyəti rəhbəri Nazim İsmayılova irad bildirilib və deputat R.Xəlilov danlanıb. Heykəlin götürüləcəyi gözlənilir.

Xatırladaq ki, deputatın atası Xəlilov Gülabba 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı, daha sonra Lenin ordeni ilə təltif olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.