“Qars-Gümrü dəmir yolu qatarların hərəkət etməsi üçün artıq hazır vəziyyətdədir”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə "Cənubi Qafqaz Dəmir Yolları"nın direktoru Viktor Rebets çıxış edib. Onun sözlərinə görə, bu dəmir yolundan istifadə olduqca zəruridir:
“Bir neçə il öncə sərhəd məntəqəsində Qars-Gümrü dəmir yolunun bərpası işlərinə başlamışdıq. Artıq bu işlər yekunlaşıb və qatarların hərəkət etməsi üçün hazır vəziyyətə gətirilib. Dəmir yolunun açılması yalnız Ermənistan-Türkiyə arasında siyasi qərardan sonra əldə edilə bilər. Mənim fikrimcə, buna tələbat var və olduqca zəruridir”.
Ermənistan və Türkiyəni birləşdirən Qars-Gümrü dəmir yolu Rusiya imperiyası zamanı inşa edilib. 1961-ci ildə SSRİ və Türkiyə arasında daşınma ilə bağlı saziş imzalanıb. Lakin 1993-cü ildə Türkiyə Ermənistan ilə sərhədlərini bağladıqdan sonra bu dəmir yolu vasitəsinin istifadəsi dayandırılıb.
Qeyd edək ki, "Cənubi Qafqaz Dəmir Yolları" “Rusiya dəmir yolları” şirkətinin törəməsidir və Ermənistanda dəmir yolları infrastrukturunun inkişafı ilə məşğuldur.