DİN yol polisindən şikayətləri qəbul etmək üçün əlavə “qaynar xətt” yaratdı

11-06-2014, 14:30   
DİN yol polisindən şikayətləri qəbul etmək üçün əlavə “qaynar xətt” yaratdı
Daxili İşlər Nazirliyində (DİN) yol polisindən şikayətləri qəbul etmək üçün “qaynar xətt” yaradılıb.

Virtualaz.org DİN-in mətbuat xidmətinə istinadən bildirir ki, insan hüquq və azadlıqlarının qorunması, korrupsiyaya qarşı mübarizə sahəsində respublikanın daxili işlər orqanları tərəfindən müvafiq dövlət proqramları əsasında həyata keçirilən sistemli tədbirlər hər bir şəxsin konstitusion hüquqlarının və qanuni mənafelərinin müdafiəsi işinin səmərəsini daha da artırıb. Təkcə 2013-cü ildə nazirliyin “102” Xidməti - Zəng Mərkəzi sisteminə 216 minə yaxın, o cümlədən 13 mindən çox cinayət xarakterli məlumat daxil olub, bu əsasda 300-dək ağır və xüsusilə ağır cinayət “isti izlərlə” açılıb, minlərlə şəxsə hüquqi yardım göstərilib, zəruri izahlar verilib. Həmçinin, polis əməkdaşları tərəfindən qanunçuluğun pozulması, vəzifə səlahiyyətlərinin lazımi qaydada icra edilməməsi barədə bütün şikayətlər operativ və obyektiv araşdırılıb, adekvat intizam tədbirləri görülüb.

Məlumatda həmçinin qeyd edilir ki, müvafiq sahədə fəaliyyətin davamı olaraq Baş Dövlət Yol Polisi İdarəsində də şikayətlərin qəbulunu həyata keçirən “Qaynar xətt” xidməti yaradılıb. Bununla əlaqədar həmin qurumun əməkdaşlarının qanunsuz hərəkətləri barədə “102” xidməti ilə yanaşı “902” telefon nömrəsinə də məlumat vermək olar.

Hər bir müraciət üzrə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi, qarşılaşdığınız və ya şahidi olduğunuz neqativ halların hərtərəfli və obyektiv araşdırılması təmin ediləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.