30 min manatlıq yas xərci - Adi molla 200 manat, VİP ondan baha...

26-08-2017, 19:58   

Azərbaycanda bir neçə il öncə dəbdəbəli yas mərasimlərinin qadağan edilməsi məsələsi gündəmə gəlmişdi. Hətta bir müddət yas mərasimlərinə yerli icra nümayəndələri müdaxilə edərək, ehsan süfrəsinə çay, xurma və halvadan başqa digər nemətlərin qoyulmasına qarşı çıxırdılar. Amma bu qadağa uzun sürmədi: israfçılığı dildə hamı pisləsə də, əməldə heç kim “qonşudan geri qalmamaq”, “camaat nə deyər” prinsipini üstün tutdu. Nəticədə, yas mərasimlərimizdəki dəbdəbə nəinki bərqərar oldu, hətta xərc arta-arta gedir. İndi yas menyusunu toydan yalnız spirtli içki ayırır...

Yas dəbdəbəsinin əsas əlaməti isə bahalı VİP çadırlardır. Kondisionerli, biotualet daxil belə çadırlar restoranların toy salonlarını da geridə qoyur. İmkanlı şəxslər yas məclislərini məscidlərin mərasim zallarında və ya belə VİP çadırlarda, nisbətən imkansızlar isə adi çadırlarda təşkil edir. Hələ bunun mollası, cənazə maşını, qəbir daşı... Bəs Azərbaycanda ölmək neçəyə başa gəlir?



“Bakıda ən ucuz yas menyusu 8 manatdan başlanır”

Qiymətləri öyrənmək üçün şəhərin mərasim zalları və kirayə çadır xidmətlərində araşdırma apardıq. Məlum oldu ki, 300 nəfərlik kişi və qadın çadırının ən ucuz qiyməti gündəlik 2500 manatdır. Kirayə çadır biznesi ilə məşğul olan Azad deyir ki, burada adambaşına yer 8 manatdan hesablanır.



“150 nəfərlik çadır qurulacaq. Səhər qadınlar, günortadan sonra isə kişilər üçün məclis olacaq. Qulluqlu, qabyuyanlı sizə 2500 manata təşkil edə bilərik. Stulun biri 8 manatdan hesablanır. Bu Bakıda ən ucuz qiymətdir, bundan ucuzunu axtarmayın. Çünki qiymətlər qaxıb, una, yağa, ətə iki dəfə artıq pul veririk, amma qiyməti qaldırmamışıq”, - deyə kirayə çadır biznesi ilə məşğul olan Azad deyir.

Məlum olur ki, əgər yemək ev sahibinin özü tərəfindən hazırlansa, onda qiymət xeyli ucuz olar. Yəni ofisiant və qabyuyan xidməti daxil çadırın qiyməti 450 manatdır.

Kirayə çadırların quraşdırılması və yas mərasimlərinin təşkili ilə məşğul olan Cavad Veysəlov isə deyir ki, çadırın qiyməti onun quraşdırıldığı ünvandan və xidmətlərdən asılıdır. Həmsöhbətimin sözlərinə görə, əgər Nərimanov rayonunda yerləşən kirayə çadır avtomobilini yaxın yerlərə sifariş edirlərsə, onda qiymət o qədər də baha olmur. Əgər şəhərin ucqar ünvanlarından sifariş gələrsə, onda təbii ki, yol xərci də üzərinə gəlinir.



“Bizim qurduğumuz çadırın qiymətinə aş-qara, pomidor-xiyar, pendir, göyərti, dovğa, kişmiş, xurma, limon, meyvə, konfet, çay və su daxildir. Təzə bazarlıq eləmişəm, istəsəniz dadına da baxa bilərsiniz. Qulluğumuz da əladır, ofisiantlarımız təmiz, səliqəli uşaqlardır. Adətən 8 ofisiant aparırıq və onların da günlüyü 30 manatdan hesablanır. Qabyuyan isə ayrıdır, onun pulu da danışdığımız məbləğə daxildir”, - deyə C.Veysəlov deyir.

Həmsöhbətimiz qeyd edir ki, əksər hallarda adi çadırları sifariş edənlər orta təbəqə olduğundan, qiymətdə endirim və güzəşt tələb edirlər. Belə hallarda kirayə çadır sahibi ya qəlyanaltıları, ya da ofisiantların sayını azaldır: “Çox vaxt müştərinin imkanı çatmır, məcbur olub qiyməti salırıq. Onda da süfrəyə verdiyimiz qəlyanaltıların sayını azaldırıq, ya da ofisiantların hamısını aparmırıq. Elə də olur ki, müştərinin imkanı olmur, deyir ki, ancaq çadırı qur, ofisiant lazım deyil. Amma qonaqlarının sayı çox olanda əlavə ofisiant tələb edənlər də olur. Bizə buradan demək olar ki, heç nə qalmır, pul qabyuyana, samovara baxana, ofisiantlara gedir”.



20-30 min manatlıq çadırda yas “banket”i



Kirayə çadır biznesi ilə məşğul olan şəxslərdən onu da öyrəndik ki, müştərinin istəyindən asılı olaraq çadıra döşəmə də vurula bilər. Bu isə daha çox yağışlı havalarda və palçıq ərazilərdə lazım olur: “Kim istəsə, çadıra döşəmə də əlavə edə bilərik. Bizim çadırlar çox keyfiyyətlidir, VİP çadır bizim çadırdan ancaq dəmir borularına görə fərqlənir ki, o da pərdənin arxasında qalır. Döşəmə ilə olan çadırı başqaları 1000 manata verirsə, biz 700 manata veririk. Amma yeriniz qurudusa, döşəməyə ehtiyac yoxdur. Onu adətən yağış yağanda, palçıq olanda istəyirlər”, - deyə həmsöhbətimiz bildirir.

VİP çadır xidməti ilə məşğul olan Elnur İbrahimov deyir ki, bu çadırlar adilərdən azı 3-4 dəfə baha olur. Hətta Bakıda 7 günü bir ev qiymətinə başa gələn çadır sifarişçiləri də az deyil: “Biz VİP çadırlarla işləyirik, ən yaxşı çadırlar bizdədir. Elə adamlar var ki, bir həftə ehsan verir, belə bahalı çadırların 7 günü 20-30 min manata başa gəlir. İçərisində kondisioner, bahalı çilçıraqdan tutmuş, səyyar qadın-kişi ayaqyoluna qədər hər şey quraşdırılır. Qalan menyu da restorandakı kimidir, toy menyusundan fərqlənmir. Xidmətçilərin xüsusi səliqəli geyimləri var. Süfrədəki qab-qacaq, çəngəl-bıçaq dəsti xaricdən gətirilib, pərdələr də ən son dəbə uyğundur”, - deyə E.İbrahimov bildirir.



Məscidlərin mərasim zallarında da qiymətlər təxminən bir-birinə yaxındır. Ən prestijli mərasim zalları “Heydər” məscidində və “Təzəpir” məscidindədir. “Təzəpir” məscidinin mərasim zalında 300 nəfərlik yas mərasimin keçirilməsi menyudan asılı olaraq dəyişir. Menyuya yalnız bir cür yemək daxil olarsa, stul adambaşına 11 manatdan hesablanır. Bura çay, xurma, halva, meyvə, pomidor-xiyar, pendir, göyərti və dovğa daxildir. Əgər yeməkdə aş-qara ilə yanaşı, səbzi də olarsa, onda menyu 15 manata başa gəlir.

Şadlıq saraylarında olduğu kimi, burada da bahalı menyu sifariş vermək mümkündür. Məsələn, yas mərasimlərində toyuq və ya balıq ləvəngisi sifariş edənlərə rast gəlinir. Belə olan halda bir nəfərlik stul üçün 20 manat və daha çox xərcə düşənlər də olur.



Adi molla 200 manat, VİP ondan baha...

Bir neçə ay öncə rəhmətə getmiş yaxınına il mərasimi təşkil etmiş Mehparə Məmmədova deyir ki, “Əhmədli” metro stansiyasının yaxınlığında yerləşən mərasim evində 300 nəfərlik yas məclisi ona 3000 manata başa gəlib. Evi darısqal olduğundan mərasim evində məclis keçirən həmsöhbətimiz qiymətlərin bahalığından gileylənir: “İki iç-içə otaqdan ibarət evim var, məclis keçirmək mümkün deyil. Həyətimiz də yoxdur ki, çadır sifariş edək. Məcbur qalıb anamın yasını mərasim evində keçirməli oldum. 3 il əvvəl də hüzürümuz düşmüşdü, onda bu qədər xərc çəkməmişdik. 300 nəfərlik zal bizə 3000 manata başa gəldi. Mollaya 2-3 saatına görə 200 manat verdik. Hələ bu VİP molla deyildi, VİP mollalar daha bahadır. Mənə dedilər ki, istəsəniz, sizə ağıçılar da gətirə bilərik ki, məclisiniz gur keçsin. Bir ağıçının qiyməti isə 50 manatdır”, - deyə M.Məmmədova deyir.



Dəfn mərasimi üçün çadır kirayəsinin bahalaşdığını Dövlət Statistika Komitəsi də təsdiqləyir. Komitədən verilən məlumata görə, bu ilin mart ayında əvvəlki ayla müqayisədə çadır kirayəsi 1% bahalaşıb. Qeyd edək ki, dəfn mərasimi üçün çadır kirayəsi istehlak səbətinə daxil olan 100 xidmətdən biridir. Rəsmi statistikaya əsasən, bir günlük çadır kirayəsinin orta aylıq qiyməti martda 93,10 manat təşkil edib. Orta aylıq qiymət yanvarda 90,61 manat, fevralda 91,78 manat olub ki, bu da yanvarda aylıq 3,3%, fevralda isə 1,4% bahalaşma deməkdir.

Bu hələ yas mərasimi ilə bağlı xərcin bir hissəsidir. Məscidlərdə ölü yumanın qiyməti 50 manatdır. Xüsusi avtomobillə ölünün qəbiristanlığa aparılmasına gəlincə, bunun da qiyməti məsafədən asılı olaraq təxminən 100-120 manatdır. Ölənin kəfən pulu, dəfn yerinin alınması, qəbir daşı və digər xərcləri də nəzərə alsaq, bu rəqəm kəllə-çarxa çıxır...



Zəngin ehsan süfrəsi başsağlığı ənənəsini də unutdurur...



Xatırladaq ki, əksər ilahiyyatçılar dəbdəbəli yas mərasimlərinin və israfçılığın əleyhinə çıxış edir. İlahiyyatçı Şahin Həsənli mətbuata açıqlamasında zəngin ehsan süfrələrinin yaxınını itirən adama başsağlığı hissinin unudulmasına gətirib çıxardığını deyir:

“Yas mərasimlərinin əsas mənası dünyadan köçmüş insanın ailəsinə başsağlığı verməkdir. Bu, həm də İslam dininin töhfəsidir ki, bir insanın ailəsinə müsibət üz verdiyi zaman onun görüşünə gedib başsağlığı vermək lazımdır. Çünki yaxınını itirmiş insanın gözü yaxınlarını, qohumlarını, dostlarını axtarır, onlardan başsağlığı, təsəlli gözləyir. Yas mərasimlərində zəngin ehsan süfrələrinin açılması başsağlığı vermək ənənəsini unutdurmağa doğru aparır. Bəzən borc götürüb ehsan verənlərə də rast gəlinir. Əslində, bu cür hallar yas mərasimlərinin mahiyyətinin təhrif olunmasına gətirib çıxarır. Dəbdəbəli yas süfrələrinin açılması həm də insanların kateqoriyalara bölünməsidir. Dəfn mərasimində iştirak etmək, başsağlığına qatılmaq böyük savabdır. Çünki mahiyyətində insanlıq dayanır. Bu da insanları biganə olmamağa çağırır. Ona görə də, başsağlığı vermək milli ənənəmiz olub. Yəni dünyasını dəyişənin ailəsini tək qoymuruq, yanında oluruq. Yaxşı olar ki, bu ənənələr yaşadılsın”.

Gülnar Əliyeva




Foto Samirə Həsənovanındır

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.