Postsovet məkanından olan “qanuni oğrular”a qarşı böyük əməliyyat başladı; “Lotu Quli”nin vəkili qardaşı ilə bağlı informasiyaları avtoritetin diqqətinə çatdırıb
Son zamanlar postsovet məkanından olan, xüsusən də Rusiyada fəaliyyət göstərən azərbaycanlı, rus və gürcü avtoritetlər Türkiyəyə axışırlar. Həm Türkiyə mediası, həm də cəmiyyəti onlar üçün indiyədək xeyli dərəcədə yad olan və şərti anlamda “rus mafiyası” adlandırılan bu mafiya babaları ilə bağlı xəbərləri, onların fəaliyyətini çox ciddi şəkildə və maraqla izləyir. Xüsusən də son aylarda azərbaycanlı avtoritetlərin Türkiyədə bir-biri ilə haqq-hesab çürütməyə çalışması və bir sıra qətllər onların Türkiyədəki fəaliyyətinə daha çox diqqət yetirilməsinə səbəb olub.
Məlumatlara görə, məşhur avtoritet “Rövşən Lənkəranski” də son vaxtlarda əsasən Türkiyədə olub, bir sıra planlarını oradan həyata keçirib. Eyni zamanında onun klanına daxil olan bir sıra nüfuzlu avtoritetlərin də son aylarda sıx-sıx Türkiyəyə gedib-gəldikləri, orada müəyyən işlər gördüklərinə dair məlumatlar var. Bu xəbərlərdə bildirilir ki, Türkiyədə “rus mafiyası” adlandırılan azərbaycanlı, rus və gürcü avtoritetlərin fəaliyyətləri, beynəlxalq aləmdə nüfuzlu “oğrular”la əlaqələri Türkiyədəki yeraltı dünyasının babalarının da diqqətini çəkib.
Türk mafiyasının ünlü isimləri məhz azərbaycanlı avtoritetlər vasitəsilə “rus mafiyası”nın müxtəlif qanadlarını təmsil edən klanlarla əlaqə yaradıblar. Bu isə “rus mafiyası”nın bir-birinə qarşı olan qanadlarının Türkiyədə möhkəmlənməsinə səbəb olub. Türkiyə qaynaqlarından bununla bağlı aldığımız məlumata görə, elə son vaxtlar Azərbaycan, rus və gürcü avtoritetlərinin Türkiyədə fəallaşması, əvvəllər daha çox Rusiyada keçirilən “sxodkalar”ın, qanlı “razborka”ların bu ölkəyə köçürülməsi də bununla bağlıdır.
Buna misal olaraq 2012-ci ildə “Rövşən Lənkəranski” qruplaşmasının İstanbulda digər azərbaycanlı qanuni oğru Baxış Əliyevə baş tutmayan sui-qəsd təşkil etməsini, avtoritet Gela Kardavanın klanının üzvlərinin döyülməsini, Ankarada “Qoca” ləqəbli Əlibala Həmidovun öldürülməsini və srağagün Ədirnədə “Lotu Quli” klanının üzvləri ilə “Albert Rıjiy” ləqəbli Əli Heydərov və adamlarının atışmasını göstərmək olar. Həmin atışmada İsmayıl İmraq adlı bir türk polisi öldürülüb.
“Rus mafiyası”nın getdikcə Türkiyədə möhkəmləndiyini və kriminal aləmdə kifayət qədər fəallaşaraq, Türkiyə hüquq-mühafizə orqanlarına kifayət qədər problemlər yaratdığını görən qardaş ölkənin müvafiq qurumları onların təqibinə başlayıb, həbs edilmələri və gəldikləri yerə göndərilmələri üçün böyük əməliyyat hazırlayıb. “Yeni Müsavat”a daxil olan məlumata görə, son illərdə Türkiyəyə sızan “rus mafiyası” üzvlərinin tam təsbiti və onların, orada hər hansı cinayət tərkibli əməllərə yol verib-vermədikləri araşdırılır. Bundan sonra isə onlardan kimlərin həbs olunacağına, kimlərin isə ölkədən çıxarılacağına qərar veriləcək. “Rus mafiyası”na qarşı hazırlanan böyük əməliyyatın ilkin mərhələsinin həyata keçirilməsinə isə artıq başlanılıb. APA TV-nin məlumatına görə, srağagün baş verən atışma ilə bağlı dünən Türkiyə polisi Ədirnədə əməliyyat keçirib. Məlumatda bildirilir ki, dayanacaqda baş verən atışmada bir tərəfdən “Rıjiy Albert” və “Zaur Naxçıvanskiy” ləqəbli avtoritetlər, digər tərəfdən isə Namiq, “Lyoxa İrkutskiy”, “Beso Rustavskiy” ləqəbli “qanuni oğrular” iştirak ediblər.
Sonuncu iki şəxs aralarındakı münaqişəni həll etmək üçün “Alber Rıjiy”ı Türkiyəyə “sxodka”ya çağırıb. “Albert Rıjiy” Türkiyəyə gəlməkdən imtina edib və Sankt-Peterburqda toplantı keçirərək “Beso” və “Lyoxa”nı qiyabi olaraq titullarından məhrum edib. Bundan sonra “qanuni oğrular” Alberti dəfələrlə münasibətləri aydınlaşdırmağa dəvət ediblər. Albert əvvəlcə Yunanıstana, sonra Misirə gələcəyini vəd etsə də, dediyi ünvanlara getməyib. Rəqibləri Albertin Türkiyədə olduğunu müəyyənləşdiriblər. Albert “düşmənimin (Quli) düşməni (Rövşən) mənim dostumdur” prinsipi ilə kömək üçün “Rövşən Lənkəranskiy”ə müraciət edib və Rövşən kömək göstərməyə razılıq verib.
Albert Ədirnəyə “Rövşən Lənkəranski”nin ad verdiyi Zaurla gedib. Ədirnədə onları “Beso”, “Lyoxa” və Namiq qarşılayıb.
Onlar dərhal Albertdən izahat tələb ediblər. O, suallara cavab verə bilmədiyinə görə artıq “qanuni oğru” olmadığı elan edilib və döyülüb. Şahidlər Albertin kömək üçün polis çağırdığını bildiriblər. Bu zaman Albertin mühafizəçilərindən biri silaha əl atıb və cavab olaraq oradakı şəxslərdən biri tərəfindən öldürülüb. Öldürülən şəxsin, yəni Albertin mühafizəçisinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşı Hüseyn İrmaq olduğu müəyyənləşib. Rusiya mətbuatı “Albert Rıjiy”in fürsətdən istifadə edərək hadisə yerindən qaçdığını yazır.
Hadisə ilə bağlı Ədirnədə 7, Təkirdağın Çorlu rayonunda 6 və İstanbul Şişlidə 1 nəfər olmaqla ümumilikdə 14 nəfər saxlanılıb. Saxlanılan azərbaycanlılar 39 yaşlı Ceyhun Əsgərov, 45 yaşlı Rövşən Əliyev, 31 yaşlı Elşən Babayev, 33 yaşlı Əlimüseyib Heydərov, 27 yaşlı Namiq Umudov, 38 yaşlı Miryazif Fəxrəddin və Qara Əliyevdir. “Haber3" portalının məlumatına görə, Hüseyn İmraqı vuran Azərbaycan əsilli şübhəli şəxs isə axtarışdadır.
Dünən günün sonunda məlumat yayıldı ki, Türkiyədə azərbaycanlı “qanuni oğru”lar arasında baş verən atışmada həbs olunduğu bildirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun qardaşı Namiq Səlifov azadlıqdadır. İnterpress.az-a daxil olan məlumata görə, Namiq Səlifov hazırda Türkiyədə ailəsinin yanındadır.
8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Lotu Quli isə Ədirnədə baş verən hadisələrdən məlumatlıdır. Bu barədə mətbuatda yayılan xəbərlər barədə Lotu Qulinin vəkili Təranə Əliyeva danışıb. Dünən cəzaçəkmə müəssisəsində onunla görüşən vəkil qardaşının həbsi ilə bağlı yayılan informasiyaları Lotu Qulinin diqqətinə çatdırıb.
T.Hacıyeva interpress.az-a açıqlamasında Lotu Quli ilə dünən görüşdüyünü təsdiqləyib: “Mən bu gün (dünən-red.) Nadir Səlifovla görüşdüm. Görüşdən əvvəl onun Türkiyədə olan ailəsi ilə əlaqə saxlayır, anası və qardaşı ilə danışıram. Bu gün də danışdım və onlar mənə hər şeyin qaydasında olduğunu bildirdilər. Məndə olan məlumata görə, Namiq Səlifov həbs olunanlar arasında deyil”.