Əfvə 8 gün qaldı....

12-06-2014, 11:05   
Əfvə 8 gün qaldı....
Əfv Komissiyasının üzvü Məlahət İbrahimqızı birmənalı danışmayıb, hüquq müdafiəçiləri isə ümidlidir; “Hakimiyyət də siyasi məhbuslarla bağlı məsələnin həllinin vacibliyinin fərqindədir”
Prezident İlham Əliyevin 26 mayda imzaladığı əfv fərmanı humanist addım kimi qiymətləndirilsə də, azadlığa çıxanlar arasında siyasi və vicdan məhbuslarının olmaması təəssüflə qarşılandı. Hüquq müdafiəçiləri əfvdən razı qalmadıqlarını qeyd etdilər, eyni zamanda AŞPA-nın iyunun 24-də keçiriləcək sessiyasında Azərbaycanın tənqid olunacağını bildirdilər.

Eyni zamanda elə əfv fərmanı imzalandığı gün “Yeni Müsavat”a mötəbər mənbədən məlumat daxil olmuşdu. Məlumatda iddia edilirdi ki, siyasi dustaqlarla bağlı problem çox da uzun çəkməyəcək. Qaynaq bildirmişdi ki, iyunun 19-da əsasən siyasi məhbuslara şamil olunan əfv fərmanı imzalanacaq. Bu belə əsaslandırılmışdı ki, 24 iyunda Azərbaycan prezidenti AŞPA sessiyasının açılış törənində çıxış edəcək. Həmin günə qədər siyasi məhbuslarla bağlı problem tam olaraq həll ediləcək. Mənbə “Yeni Müsavat”a deyib ki, Azərbaycan hökuməti bu taktikadan bundan əvvəl də istifadə edib.

Bu günlər ərzində əfv fərmanı ilə bağlı müxtəlif fikirlər, mülahizələr səsləndirilib.
Məsələ ondadır ki, siyasi məhbus kimi azadlığa buraxılması tələb edilən əsas şəxslər NİDA-çılar və İsmayıllı işinə görə tutulan Tofiq Yaqublu ilə İlqar Məmmədovdur. Bu şəxslərin barəsində birinci instansiya məhkəməsi qərar çıxarıb, ancaq onların Apelyasiya Məhkəməsi olmayıb. Hüquqi baxımdan isə hökm Apelyasiya Məhkəməsinin qərarından sonra qanuni qüvvəyə minir. Yəni buna qədər həmin şəxslərin əfv edilməsi hüquqi baxımdan mümkün deyil.

Ancaq bir qisim hüquqşünaslar hesab edir ki, əfv prezidentin müstəsna səlahiyyəti olduğundan hətta Apelyasiya Məhkəməsinin qərarı olmadan da şəxsi əfv edə bilər. Buna dair ötənlərdə nümunələr də olub.

Bir vacib məqamı da qeyd edək ki, hələ sonuncu əfv fərmanından öncə Avropa Birliyi Azərbaycanda bütün siyasi məhbusların azad edilməsi üçün ciddi fəaliyyətə başlamışdı. Bununla bağlı “Yeni Müsavat” 15 may tarixli sayında “Avropa Birliyinin iqtidarımızdan ”+13" tələbi" sərlövhəli yazı ilə manşetdən xəbər vermişdi. Xəbərdə deyilirdi ki, Avropa Birliyi mayın 14-də rəsmi olaraq Avropa Şurasının Nazirlər Kabinetinə sədrliyinə başlayan Azərbaycanda siyasi məhbus probleminin birdəfəlik həllini istəyir. Bu belə əsaslandırılmışdı ki, iyunun 23-də Avropa Şurasının plenar iclasında Azərbaycan prezidenti İlham Əliyevin çıxışı planlaşdırılır.

Azərbaycan yaxın altı ayda - bu ilin noyabrınadək Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik edəcək. Avropa Birliyi ilə əməkdaşlığını genişləndirən Azərbaycanda siyasi məhbus problemi iqtidarın indi əsas başağrısıdır. Hakimiyyət ölkədə siyasi məhbusların olmadığını desə də, Avropa Birliyi fərqli mövqedədir.

“Son iki ayda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Ketrin Eşton və genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Azərbaycandakı həbslərlə bağlı xüsusi bəyanatla çıxış ediblər. Avropa Birliyi rəsmiləri əvvəl Müsavat başqanının müavini Tofiq Yaqublunun və REAL hərəkatının sədri İlqar Məmmədovun azadlıqdan məhrum edilmələrinə öz etirazlarını bildiriblər. Bugünlərdə isə onlar yenidən birgə bəyanat yayaraq ”Ayna-Zerkalo" qəzetlərinin əməkdaşı Rauf Mirqədirovun həbsi və hüquq müdafiəçiləri Leyla və Arif Yunusların təqibindən narahatlıqlarını bildiriblər", - deyə yazıda bildirilirdi: “...Azərbaycan Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı saziş imzalamayıb. Hakimiyyət hesab edir ki, Avropa Birliyi ilə Azərbaycanın əməkdaşlıqla bağlı ikitərəfli saziş imzalanması daha uyğundur. Bəzi iddialara görə, iqtidar Avropanın məhz demokratiya və insan haqları məsələlərinə müdaxilələrindən sığortalanmaq üçün bu sazişin imzalanmasında maraqlı görünmür.
Qərb mənbələrinin xəbərində deyilir ki, Avropa Birliyi bu dəfə siyasi məhbuslarla bağlı məsələnin həllini kifayət qədər sərt qoyub. Azadlığa buraxılması istənilən məhkumların tam siyahısı əlimizdə deyil, amma mənbə onların sayının 130 nəfərin üzərində olduğunu deyib...

Siyasi dustaqlarla bağlı müxtəlif siyahlar hazırlansa da, Avropa Birliyi ilk növbədə 13 məhbusun azadlığında “olmazsa olmaz” kimi israr edir. Bunları bir daha təkrar yazırıq:

Tofiq Yaqublu;
İlqar Məmmədov;
Yadigar Sadıxlı;
Əvəz Zeynallı;
Əli İnsanov;
İlkin Rüstəmzadə;
7 nəfər NİDA-çı".

Məsələ ondadır ki, hələ 26 mayda verilən əfvdən öncə qoyulan bu tələbə əhəmiyyət verilmədi. Yəni əfvə düşənlər sırasında bu şəxslərin heç biri olmadı. AŞPA-nın sessiyası yaxınlaşdıqca bu tələb daha aktual görünür. Odur ki, iqtidarın 19 mayda xüsusi əfv fərmanı verəcəyinə ümidlər artır...

Bu kimi müzakirələr getsə də, hüquq müdafiəçiləri hələlik əfvlə bağlı konkret məlumata malik deyillər. Hüquq müdafiəçisi Novella Cəfəroğlu modern.az-a açıqlamasında deyib ki, 15 iyun - Qurtuluş günü ilə bağlı əfv veriləcəyi ilə bağlı onlara heç bir məlumat daxil olmayıb: “Amma mən çox istərdim ki, əfv fərmanı imzalansın. Çünki, prezident İlham Əliyev Avropa Şurasının yay sessiyasında çıxış edəcək. İstərdik həmin çıxışdan qabaq əfv fərmanı imzalasın ki, orada Azərbaycana hər hansı tənqid ünvanlanmasın”.

Hüquq müdafiəçisi vurğulayıb ki, Avropa Şurasında hər hansı tənqidə məruz qalmamaq üçün, əfv fərmanının imzalanmasını çox istəyir.

“Qafqazinfo” əfvə dair danışılanlarla bağlı Əfv Komissiyasının üzvü, deputat Məlahət İbrahimqızına müraciət edib.

M. İbrahimqızı qeyd edib ki, Əfv Komissiyasının iclasları yekunlaşıb: “Amma iş gedir. Bizə müraciətlər daxil olur. O müraciətlərə baxılır. Gündə əfv sərəncamı olmur. Hələ sonuncu əfv sərəncamının imzalamasından bir neçə gün keçib”.

Bu arada belə bir məlumat da yayılıb ki, ötən ilin yanvarında İsmayıllıda baş verən hadisələrdə təqsirli bilinərək həbs edilən rayon sakinləri və onların ailələri məhbusların bağışlanması üçün prezident İlham Əliyevə müraciət edəcəklər. Bu barədə AzVision.az-a İsmayıllı məhbuslarının ailə üzvləri məlumat veriblər.

“Biz cənab prezidentə müraciət edərək onların azadlığa buraxılmasını xahiş edirik. İnanırıq ki, prezidentimiz onları bağışlayıb, əfv edəcək” , -deyə sakinlər bildiriblər.
Əfvlə bağlı əməkdaşımızla danışan iqtidara yaxın bir şəxs isə deyib ki, siyasi məhbuslar məsələsinə görə Avropa təsisatları Azərbaycan iqtidarına ciddi iradlar bildirir və konkret tələblər qoyurlar: “Bu səbəbdən hətta əfvdən qısa müddət keçməsinə baxmayaraq, AŞPA-nın sessiyası ərəfəsində sırf bu problemi həll etmək üçün əfv sərəncamına ciddi ehtiyac var. Hakimiyyət də siyasi məhbuslarla bağlı məsələnin həllinin vacibliyinin fərqindədir və güman ki, bu addım atılacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.