“Əl-Qaidə”yə bağlı “İraq Şam İslam Dövləti” qruplaşması Bağdad və Kərbəlanı da tutmağa hazırlaşdığını elan edib.
Virtualaz.org saytının xəbərinə görə, internetdə radikal islamçı qrupların fəaliyyətini monitorinq edən Amerika mərkəzi SİTE bu barədə bildirir.
Xəbər verildiyi kimi, İŞİD yaraqlıları bundan əvvəl İraqın ikinci ən böyük şəhəri olan Mosulu və daha sonra Səddam Hüseynin doğma şəhəri olan Tikriti tutublar. Fəlluca və Ramadi şəhərləri isə bir neçə aydır onların nəzarətində idi.
Xəbərə görə, İŞİD nümayəndəsi Əbu Muhammed əl-Adnani yaraqlılara Bağdadı və Kərbəlanı da tutmağa çağırıb.
“Döyüş hələ qızışmayıb, ancaq Bağdadda və Kərbəlada qızışacaq” - deyə əl-Adnanin interetdə yayılmış audiomüraciətində bildirilir.
Bundan əlavə, İŞİD nümayəndəsi İraqın baş naziri Nuri əl-Malikini “dəhşətli dərəcədə qeyri-komponent adam” adlandırıb. Bildirilir ki, İŞİD qruplaşmasının əsas məqsədi İraqda şiələrin müqəddəs məkanlarını ələ keçirib dağıtmaqdır. Çünki Suriyada gedən vətəndaş müharibəsində törətdikləri qəddarlıqlarla ad qazanan bu qruplaşma şiələri kafir və düşmən hesab edir, onları öldürməyi “cihad” sayır.
İraq hökuməti isə baş verənlər qarşısında çarəsizdir. Ölkənin təhlükəsizlik və polis qüvvələri tamamilə ruhdan düşüb və yaxşı döyüş təcrübəsinə malik İŞİD üzvlərinin qarşısında dayana bilmir.
İraq hakimiyyəti ABŞ administrasiyasına müraciət edərək pilotsuz təyyarələrdən yaraqlılara qarşı mübarizədə istifadə imkanlarını araşdırmağa çağırıb. Həmçinin İran da İraqdakı şiə hökumətinin devrilməsi və ölkənin tamamilə radikal sünni yaraqlılarının nəzarətinə keçməsi təhlükəsindən narahat olaraq Bağdada köməyini təklif edir.