Lerikdən YAP-a müraciət: "Bu adama necə etibar edirsiniz?"

27-09-2017, 11:47   


Son günlər medianın gündəmində olan Lerik rayon icra başçısının birinci müavini Cəlil Baxşıyevlə bağlı narazılıqlar və şikayətlər davam edir. Belə ki, uzun illər rayonda birinci müavin işləyən, bir müddət əvvəl də Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatının sədri seçilən Baxşıyev rayonda dözülməz vəziyyət yaradıb.

anaxeber.info-a məlumat verən Lerik sakinləri artıq rayon sakinləri onunla bağlı Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədova da müraciət ünvanlayacaqlarını deyiblər. Rayon yapçıları bildiriblər ki, avtobioqrafiyası qaranlıq, müxtəlif qalmqallarla dolu olan, dövlət məmuru olduğu halda bizneslə məşğul olan və YAP-ı hörmətdən salan fəlliyyəti ilə diqqət çəkən bir məmur rayon rəhbərliyində təmsil olunmamalıdır. Ona xüsusən də, dövləti idarə edən partiyanın rayon təşkilatının sədri postunu etibar etmək olmaz.

Sakinlər yazır:

- Təsəvvür edin ki, bu adam məmuru otağına çağırıb dalaşır. 14 iyul 2017-ci il tarixdə çağırılmış iclas isə əsasən birinci müavin Cəlil Baxşıyevlə Rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Aqil Sucayev arasında dava ilə yadda hamınızın yadındadır. Hətta Aqil Sucayev İcra Hakimiyyətinə gələrək Baxşıyevlə əlbəyaxa davaya çıxdı. Rayonda hamı deyir ki, Cəlil Baxşıyev idarə müdirlərini söyən zaman içkili olub.

- Bundan başqa, rayonun iki kəndi Cəlil Baxşyevlə bağlı ölkə başçısına müraciət ünvanladı. Onlar deyirdilər ki, yol çəkilişi üçün yığdıları 4000 min manat pulu Cəlil Baxşıyev alıb, sonra da yolu çəkməkdən imtina ediblər. Hətta icra başçısının digər müavini Habil Məlikov da mediaya açıqlamasında "bilmirəm kim kimdən nə alıb, nə qədər alıb" - deməklə bu məsələyə dolayısı ilə münasibət bildirdi.

- Noda-Xanagah-Şingədulan yolunun çəkilişi zamanı yeyilən pullar, 17 milyonluq skandal, yolu çəkən "Yoltikintinəqliyyatservis” MMC-nin rəhbəri İbrahim Kazımov və Masallı rayon Yol İdarəsinin müdiri Ərrahim Kazımov qardaşları, həmçinin şirkətin sahibi, İbrahim Kazımovun oğlu Fuad Muxtarzadənin Baxşıyevlə ortaqlığı, Baxşıyevin qardaşının bu şirkətdə aparıcı mütəxxəsis olduğu, prezidentin ayırdığı pulların tenderdə bu MMC-tərəfindən "udulması" və s kimi faktlar da bir müddət öncə mediada yayıldı...

- Eyni zamanda rayonda məşhur “Doqquz qardaş” adlı istirahət mərkəzinin də Baxşyevə məxsus olduğu heç kəsə sirr deyil. Rayon sakinləri isə dəfələrlə belə bir adamın rayonda önəmli post tutmasından şikayətçi olublar. Dəfələrlə ölkə başçısına müraciət ünvanlayıblar. Hətta axşamlar bir çox idarə müdirinin də həmin "Doqquz qardaş"da kef-əyləncə ilə məşğul olduğu barədə xəbərlər yayılır. Amma Baxşıyevə qarşı heç bir tədbir görülmür.

- Bu yaxınlarda icra başçısının oğlu ilə bağlı azerinews.org-da qalmaqallı bir xəbər yayıldı. Xəbərdə deyilirdi ki, icra başçısının müvini C.Baxşaliyev dəbdəbəli həyata və bahalı avtomobillərə də sahibdir. Hətta oğlu Cavid Baxşıyev də atasının topladığı sərvəti geninə-boluna xərcləməklə məşğuldur. Onun dəbədəbəli həyatı da diqqət çəkir. Bakıda əsl harın məmur övladı həyatını yaşayır. Varlı həyat tərzi ilə seçilən Cavid Baxşiyevin xuliqanlığa görə dəfələrlə saxlandığı, lakin atasının müdaxiləsindən sonra sərbəst buraxıldığı bildirilir. Rahat həyat yaşamağa öyrənən məmur oğlu “zerkalni” nömrələrlə bahalı avtomobillər sürürür və qayda pozuntularına görə tez-tez polisə düşür. Saytın bu yazıdığı yazı isə təkzib olunmadı.

"İndi belə bir şəxsin dövlət qurumunda və YAP-da önəmi post tutması nə qədər doğrudur? Kimdir ona bu haqqı verən? Belə bir məmurun əməllərini görən vətəndaş necə dövlətə etimad etsin?", - sakinlər sual edirlər.

Maraqlıdır, doğrudan da, Lerikdə nə baş verir? Niyə bu qədər yazılanlardan sonra hər hansı bir tədbir görülmür?

Qeyd edək ki, bir müddət bundan öncə isə ölkə başçısı İlham Əliyev növbəti dəfə harınlıq edən general Novruzəli Orucovun oğlunu cəzalandırdı, özünü isə vəzifədən qovdu. Belə ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq etmişdi. Bundan sonra oğlunun qanunsuz əməllərinə görə, N.Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edildi. Buna qədər də bir neçə məmur və oğlu prezident İlham Əliyev tərəfindən cəzalandırılıb
Ölkə başçısı məmurlara dəfələrlə xəbərdarlıq edərək onlara xalqı incitməyəmi tapşırıb: “Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin”.

Amma görünən odur ki, Cəlil Baxşıyev və oğlu Prezidentin, “Vəzifəli şəxslərin uşaqları qudurğanlığa yol verirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə, mən də lazım bildikdə çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü xuliqanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq” tapşırığına məhəl qoymurlar.

Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.