Anar Nəriman Əbdülrəhmanlının istefasına münasibət bildirdi

12-06-2014, 14:10   
Anar Nəriman Əbdülrəhmanlının istefasına münasibət bildirdi
“Biz heç kimi məcbur üzv etmirik. Kim istəyir üzv olur, kim istəyir istefa verir. Biz heç kəsi nə dəvət edirik, nə də çıxarırıq. Əgər Nəriman Əbdülrəhmanlı bu cür çıxmağı lazım bilirsə, xoş gəldi, lap yaxşı”. Xalq yazıçısı Anar Nəriman Əbdülrəhmanlının AYB-dən istefası ilə bağlı APA-ya açıqlamasında belə deyib. O bildirib ki, Birliyə üzv olmaq könüllüdür.

Anar əlavə edib ki, N.Əbdürrəhmanlının qurultay nümayəndəsi seçilməməsi texniki yanlışlıq ola bilər: “İdarə Heyətinin üzvləri birbaşa nümayəndə olurlar. Görünür, bu texniki məsələdir. Mən zəng edib deyəcəyəm ki, onun adını daxil etsinlər. Sonra çıxar, özü bilər”.

Birlik sədri N.Əbdülrəhmanlının AYB-nin tədbirlərinə dəvət almamasına da münasibət bildirib. O qeyd edib ki, Yazıçılar Birliyindəki tədbirlər üçün heç kimə ayrıca dəvət göndərilmir: “Tədbirlərin elanı “Ədəbiyyat qəzeti”ndə çap olunur. Qəzeti alsınlar, buyurub gəlsinlər. 1600 üzvə bir-bir dəvət göndərə bilmərik”.

Qeyd edək ki, AYB-nin qurultayı iyunun 17-də keçiriləcək.

* * *

Tanınmış yazıçı, tərcüməçi, kinosseanrist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) İdarə Heyətinin üzvü Nəriman Əbdülrəhmanlı Birlik üzvlüyündən və orada tutduğu bütün vəzifələrdən istefa verib. O, bununla bağlı qurultay iştirakçılarına müraciət ünvanlayıb.

Kulis.az həmin müraciəti təqdim edib:

“Azərbaycan yazıçıları XII qurultayının iştirakçılarına

Hörmətli qurultay iştirakçıları!

Artıq 56 yaşım var. Ədəbi taleyimdən narazı deyiləm. İndiyədək 5 sənədli nəsr, bir povest və hekayələr kitabım, 4 romanım nəşr olunub, daha bir kitabımsa Bakıda və İstanbulda çap ərəfəsindədir. Bununla yanaşı, 12 toplu və antologiya tərtib eləmişəm, 32 tərcümə kitabım nəşr olunub, 9 kitabsa çapını gözləyir. İki bədii, 8 sənədli kino, 40-a yaxın sənədli televiziya filminin ssenarisini yazmışam, ekran sənətinin tarixinə dair araşdırmalar aparmışam, publisistik yazılar qələmə almışam. Qələmimdən çıxan irili-xırdalı yazılara görə özümün və oxucularımın qarşısında gözükölgəli deyiləm. Ömür möhlət versə, hələ kifayət qədər də görəcəyim işlər var.

1998-ci ildən AYB-nin üzvüyəm. Bu müddət ərzində maddi məsələlərlə əlaqədar qapı döyməmişəm. 2003-2004-cü illərdə “Ulduz” jurnalının nəsr və publisistika şöbəsinin yarımşat müdiri işləmişəm. Amma bu illər ərzində tam şatata keçirilmək bir yana, oturub işləmək üçün yer verilmədiyindən redaksiyadan getməli olmuşam. 2004-cü ildə keçirilən XI qurultayda AYB İdarə Heyətinin üzvü seçilsəm də, aradan ötən 10 il ərzində bir dəfə də olsun, təşkilatın nizamnaməsilə İH-nin səlahiyyətinə daxil olan hər hansı məsələnin müzakirəsinə, AYB-nin yubileylərinə və rəsmi tədbirlərinə dəvət olunmamışam. Bu vaxtacan bir əsərim belə AYB xəttilə buraxılan toplulara salınmayıb. Ən axırda da naməlum səbəblər üzündən XII qurultayın iştirakçıları sırasında deyiləm.

Bununla belə, bəzən AYB ilə bağlı münasibət bildirəndə də etik çərçivədən çıxmamış, yazıçı adına ləkə gətirən hərəkətə yol verməmişəm. Amma Azərbaycan yazıçılarının doğma ocağı sayılan təşkilatdakı yarınma, dostbazlıq, yerlibazlıq, regionçuluq mühitinin dərin kök saldığını ürək ağrısı ilə müşahidə eləmişəm. Doğma saydığın təşkilatın “ögey övladı” olduğunu dərk eləmək, dövlətin qayğısının ancaq bir qrup qələm adamına şamil edildiyini görmək məndən ötrü ağırdır.

Buna görə də artıq AYB sıralarında qalmaq üçün mənəvi haqqım olmadığını dərk eləyir, təşkilatın üzvlüyündən çıxdığımı bildirirəm. Elə bilirəm ki, bununla onsuz da çoxsaylı olan Birliyə heç bir ziyan dəyməyəcək.

Sizə gərgin fəaliyyət və yaradıcılıq uğurları arzulayıram.

Hörmətlə,

Nəriman Əbdülrəhmanlı,

yazıçı-tərcüməçi”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.