Rusiya baş nazirinin müavini, hərbi-sənaye kompleksini və Kremlin Avrasiya İttifaqı ideyasını kurasiya edən Dmitri Roqozin 12 iyun - Rusiya günü ilə bağlı maraqlı tvit yayıb.
“24 il əvvəl sovet qayası ilk çatlarını verdi. Sonra daş uçqunu başladı. O zaman kim bilirdi ki, bu daşlar əsrin dörddə biri ərzində səpələnməkdə davam edəcək?! Ancaq daşları yığmağın vaxtıdır” - deyə Roqozin bildirib.
Qeyd edək ki, Rusiya günü 1990-cı il, iyunun 12-də Rusiya Sovet Federativ Sosialist Respublikasının dövlət suverenliyi barədə bəyannamənin qəbul edilməsinin ildönümü kimi qeyd olunur. Rusiyadan əvvəl belə bəyannamələri Baltikyanı respublikalar, Ermənistan və Gürcüstan da qəbul edib.
Xatırladaq ki, D.Roqozin iyunun sonlarında geniş tərkibli nümayəndə heyəti ilə Azərbaycana səfərə gələcək. O, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədridir.