Ağdamda üç məmur arasında bölünən “çörəkpulu“ – AUDİO
2-10-2017, 09:54
Bir neçə gün öncə mediada Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Ağdam Şəhər üzrə nümayəndəsi işləyən Məlahət İsmayılova ilə Bakı şəhəri, Cavadxan küçəsi 18, mənzil 54-də müvəqqəti qeydiyyatda olan Ağdam rayon sakini Məmmədova Aytəkin Məmməd qızının telefon söhbətinin audioyazısı yayılmışdı.
Həmin telefon söhbətində Məlahət İsmayılova vətəndaşın məcburi köçkün kimi yardım pulunun kəsilməsi ilə bağlı probleminin həllindən danışır və bildirir ki, əgər Aytəkin Məmmədova 1500 manat çatdırsa ailə yenə “çörək pulu” alacaq. Əks təqdirdə dövlətin köməyindən məhrum olacaqlar. Aytəkin Məmmədova çox yalvarıb ki, cəmi 500 düzəldə bilər. Lakin məmur xanım qiymətin 1000-dən aşağı olmayacağını bildirib. Hadisənin tam aydınlığı üçün həmin audioyazını bir daha diqqətinizə çatdırırıq:
Gözləmək olardı ki, ortada olan konkret və təkzibolunmaz faktla bağlı “Qaçqınkom” sərt tədbirlər görəcək. Amma bunların əvəzinə mətbuata müəmmalı açıqlama verildi. Açıqlamada bildirilir: “Komitənin nümayəndəsi kimi adı çəkilən İsmayılova Məlahət Əsgər qızı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı deyil. Ağdam rayonundan olan məcburi köçkün Məmmədova Aytəkin Məmməd qızı 5 nəfər ailə üzvləri ilə birlikdə hazırda vahid aylıq müavinət alırlarlar və heç vaxt müavinət verilməsi dayandırılmayıb. Lakin Məmmədova Aytəkin Məmməd qızı vahid aylıq müavinət aldığı halda Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin aparıcı mütəxəssisi İsmayılova Məlahət Əsgər qızına müraciət etməyinə heç bir əsası olmadığı halda ona müraciət etmişdir. Əslində o Komitəyə müraciət etməli idi və düzgün cavabı da Komitədən almalı idi”.
Maraqlıdır, məcburi köçkün A.Məmmədova 5 nəfər ailə üzvləri ilə birlikdə həqiqətən də hazırda vahid aylıq müavinət alırlarsa daha Komitəyə müraciət edib hansı cavab almağa ehtiyac var ki? Danışıqdan göründüyü kimi, ilkin qiyməti məhz Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsində müəyyənləşdiriblər və M.İsmayılova sadəcə rəqəmi aşağı salmaqda vasitəçilik edir. Elə isə kim cəzalandırıldı? Aldığımız məlumata görə, M.İsmayılova tutduğu vəzifədən kənarlaşdırılıb. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsində isə heç kəsə “gözün üstə qaşın var” deyən olmayıb. Halbu ki, ortada olan iddia ilə bağlı ən azı hüquqi araşdırmaya başlanmalıydı.
Rayondakı mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin aparıcı mütəxəssisi İsmayılova Məlahət Əsgər qızı bu səsyazısından sonra yalnız formal olaraq öz işindən uzaqlaşdırılıb. Onun yerinə yaxını olan bir xanım təyin edilib ki, işi də hazırda yenə Mİsmayılova aparır. qalmaqalın heç bir cəzasız və hüquqi araşdırma aparılmadan ötüşməsinin isə xüsusi səbəbləri var. Belə ki, mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə “çörək pulu” üçün nəzərdə tutulan rüşvət miqdarında rayonun üç məmurunun payı var: “Yurd yuvasından didərgin düşən vətəndaşdan halar müavinəti üçün tələb edilən 1500 manat pul üç yerə bölünür – bu pulun 500 manatı Ağdam şəhər nümyəndəsi Zabil Mehdiyevə, 500 manatı Ağdam icra hakimiyyəti sektor müdiri-baş mühasib Hüsaməddin Həmidova, qalan 500 manatı isə Dövlət qaçkınkomun şöbə müdiri Gəray Fərhadova çatır”. Mənbənin sözlərinə görə, bu maxnasiya bununla da bitmir. Ağdam şəhər nümyəndəsi Zabil Mehdiyev və Ağdam rayon icra hakimiyyəti sektor müdiri-baş mühasib Hüsaməddin Həmidovun bundan da kənar xüsisi korrupsiya yolları var ki, bu prosesdə ikililkdə həyata keçirirlər.