İyunun 9-da günorta saatlarında Türkiyənin Ədirnə şəhərində “Lotu Quli” ləqəbli “vor zakon” Nadir Səlifovun qardaşı Natiq Səlifovun və “Albert Rıjiy”, “Alberg Gəncinski” ləqəbləri ilə tanınan Əli Heydərovun da iştirak etdiyi atışmanın yeni təfərrüatları məlum olub.
Virtualaz.org saytı xəbər verir ki, əslində Ədirnədəki atışma qanqsterlərin Rusiyadan kənarda bir-birlərini uzun müddətdir təqib etməsinin nəticəsi idi.
Sankt-Peterburqun “Fontanka.ru” portal yazır ki, (azərbaycanlı mafiozların hər ikisi bu şəhərdə məskunlaşıb-red.) Türkiyə polisinin bir zabitinin öldüyü, dörd nəfərin yaralandığı həmin atışmadan sonra saxlanılan “Albert Rıjiy” bu gün Türkiyədən deportasiya ediləcək.
Sayt mafiozlar arasında atışmanın təfərrüatlarını öyrənmək üçün təsadüfən Türkiyə polisində əslən Azərbaycandan olan və “rus dilində danışmaq üçün darıxan” mənbə tapıb.
Mənbə deyib ki, Əli Heydərovdan Ədirnədəki restoranda ona atəş açanların kim olduğunu, polisi kimin öldürdüyünü, həmin “razborka”da Türkiyə polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə departamentinin bir neçə əməkdaşının necə iştirak etdiyini soruşurlar. Avtoritet isə sualların heç birinə cavab vermir, “təsadüfən” başqalarının arasında gedən müharibənin şahidi olduğunu deyir.
Xəbər verildiyi kimi, Türkiyənin Yunanıstanla sərhədində yerləşən Ədirnədə baş vermiş bu kriminal razborka geniş rezonansa səbəb olub. “Albert Rıjiy” qardaşı və bir nəfər yerli biznesmenlə şəhərdəki otellərdən birinin restoranında nahar edərkən içəri 15-ə yaxın şəxs daxil olub. Onların arasında rusiyalı “vor zakonlar”dan Aleksey Qudina, Namiq Səlifov və Beso Rustavski də olub.
İçəri daxil olan qrupu çöldə onlarla idmançı görkəmli şəxs gözləyib. “Lotu Quli”nin qardaşı və digərləri içəri girərək təbii ki, “Albert Rıjiy”lə və yanındakılarla salamlaşmayıblar. Bir saniyə belə keçməmiş qarşılıqlı təhqirlər başlayıb, “Albert Rıjiy” içəri daxil olanların köynəklərinin altındakı tapançaları görəndə başa düşüb ki, söhbət qısa olacaq. Həmin an avtoritet bir neçə gün əvvəl düşdüyü avtomobil qəzasının da mənasını anlayıb.
Məsələ ondadır ki, “Albert Rıjiy” iyunun 1-də öz “Porshe Cayanne” avtomobilində Türkiyə-Bolqarıstan sərhədini keçib. İstanbula istiqamət alan avtoritet yanacaqdoldurma məntəqəsinə daxil olub və çıxanda görüb ki, maşınının təkərlərini deşiblər. İki kilometr gedəndən sonra o, təkərləri dəyişmək üçün dayanıb. Bu məqamda naməlum avtomobil onun maşınını vuraraq güclü zərbə ilə yolun kənarına aşırıb. Albert yüngül xəsarət alıb, ancaq onun maşındakı 15 yaşlı oğlunun hər iki ayağı bir neçə yerindən sınıb.
Hadisə yerinə gələn polis zərərçəkənin bioqrafiyası ilə maraqlananda məlum olub ki, qəzaya düşən şəxs zəngin kriminal keçmişə malikdir.
Avtomobili yolun kənarında atan “Albert Rıjiy” oğlunu götürərək tələsik xəstəxanaya gedib. Xəstəxanada ona bildiriblər ki, xəsarətlər ağır olduğundan yeniyetmənin ayaqları kəsilə bilər. “Albert Rıjiy” bütün resurslarını işə salıb və oğlunu təcili olaraq xüsusi təyyarə ilə Rusiyaya yola salıb.
Özü isə Türkiyəni tərk edə bilməyib. Çünki Türkiyə qanunlarına görə, bu ölkəyə öz avtomobili ilə daxil olan xarici ölkə vətəndaşları ölkəni də avtomobilində tərk etməlidir.
Başı bu cür işlərə qarışan “Albert Rıjiy” Yunanıstan sərhədindən bir neçə mil məsafədə yerləşən Ədirnə restoranında tanışı ilə görüşüb. Onun görüşdüyü şəxsin kriminal avtoritetin qaçaq yollarla Türkiyədən Avropaya keçməsini təmin etməyə söz verən qaçaqmalçı olduğu təxmin edilir.
Lakin Türkiyə polisi hələ aydınlaşdıra bilməyib ki, restorandakı “razborka”nın başlanğıcında mütəşəkkil cinayətkarlıqla mübarizə departamentinin 33 yaşlı zabiti Hüseyn İmraq necə ortaya çıxıb. O, “Kilinc 2000 Mega” markalı tabel silahını çəkərək restorana basqın edənlərə atəş açmağa cəhd edib. Lakin “Lex İrkutski”nin dəstəsindən kimsə kovboy filmlərində olduğu kimi silahını daha cəld çəkib və polis zabitini düz ürəyindən vurub.
Polis zabitinin dəfnində Ədirnənin polis rəisi Bastuq Rahmi deyib: “Gəlin dua edək ki, Allah bizim dostumuzun günahından keçsin”.
Görünür, bu, həm də öldürülən polis zabitinin mafiozlarla əməkdaşlığına işarə idi.
İlk atəşdən sonra restoranda dava başlayıb, kimi qab-qacaqla, kimi yumruqla döyüşüb. “Albert Rıjiy” sıçrayaraq küçəyə çıxıb və dava orada da davam edib. Hadisə yerinə gələn polis “Albert Rıjiy” də daxil olmaqla 15-ə yaxın adamı saxlayıb.
Məlum olub ki, “razborka”da biri bu yaxınlarda işdən çıxarılmış iki türk polisi də yer alır. “Lex İrkutski” isə aradan çıxa bilib.
“Fontanka.ru”nun əməkdaşı “Albert Rıjiy”in telefonuna zəng edib və onun mövqeyini almağa çalışıb. Telefonu kimsə onun adamlarından biri götürüb. Jurnalist özünü “Albert Rıjiy”ə simpatiyası olan biri kimi qələmə vermək üçün “yaxşı ki, bəxtiniz gətirib, sağ qalmışınız” deyib.
Əvvəlcə o, zəng edənin jurnalist olduğunu bilməyib və “bizim yox, onların bəxti gətirib” deyib. Daha sonra dəstəyi götürən şəxs “ayılıb” və “nömrəni düz yığmamısınız” deyərək telefonu söndürüb.
Peterburq polisinin cinayət-axtarış idarəsində isə deyiblər ki, Türkiyədə baş verənlər Rusiyada mənzillənmiş mafiozlar arasında gedən müharibənin bir hissəsidir. Mənbə deyib ki, “Ded Xasan”ın öldürülməsindən sonra azərbaycanlıların klanı kriminal müharibədə qalib gəlməyə başladılar və slavyan mənşəyinə baxmayaraq “Lex İrkutski” də onlara qoşuldu.
“Ded Xasan”ın qətlində “Rövşən Lənkəranski” kimi tanınan kriminal avtoritet Rövşən Canıyevin adı çəkilir. “Lotu Quli”nin qruplaşması isə uzun müddətdir Canıyevin qruplaşması ilə müharibədədir.
“Albert Rıjiy”ə gəldikdə isə son vaxtlara qədər onun barəsində geniş məlumat yox idi. Ancaq bir neçə ay əvvəl Sankt-Peterburqda ona sui-qəsd cəhdi oldu və bu cəhdə görə iki killer həbs edildi. Sifarişin izləri isə Moskvaya gedib çıxdı.