Ölkə vətəndaşlarının “kasıblıq dərdi”

19-10-2017, 21:37   
Ölkə vətəndaşlarının  “kasıblıq dərdi”
Lənkərandan Cəlilabada yollanarkən yol boyu yaşıl ağaclar və geniş sahələr göz oxşayır. Cəlilabad ərazisinə daxil olduğunu isə sahələrdə işləyən insanlardan, yol boyunca satılan kartof kisələrindən və giləmeyvə verdrələrindən hiss etmək olur.

Bu bölgənin əhalisi işgüzar olduqlarını deyir. Sakinlərin bir çoxları əkdikləri sahələrdə ailə üzvləri ilə birgə çalışır.

Şəhər mərkəzi isə fərqlidir. Burada da digər bölgələrdə olduğu kimi ən çox taksilər gözə dəyir. Bundan əvvəl BBC-ə danışan digər rayonların sakinləri əsasən işsizlikdən şikayətlənir və əksəriyyəti taksi xidməti göstərməyə məcbur olduğunu deyirdi.


Görünür Cəlilabad da fərqli deyil.

Burada da sakinlərin çoxu digər cənub bölgələrində olduğu kimi İrana gedərək orda ya bazarlıq edir, ya da sata biləcəyi bəzi məhsulları gətirir.

Hətta Cəlilabadda İran bazarı adlanan bazar da var.

Sakinlər deyir ki, illər əvvəl bu bazar elə qonşu ölkədən gətirilən malları satmaq üçün idi. İndi isə bazarda əsasən Çin mallarına rast gəlmək olar.

İranla sərhəd olan digər cənub bölgəsinin şəhərlərində olduğu kimi qadınlara siqaret gəti barədə burda da danışırlar.

Ümumilikdə isə Cəlilabad və qonşu Biləsuvarda bu qadağadan şikayətlənənlər az deyil.

Hər iki rayonun sakinləri imkansızlıqdan və işsizlikdən də gileylənir.

Danışırlar ki, insanlar ya ailə üzvlərindən hansınınsa pensiyası hesabına, ya da fəhləlik hesabına dolanmaq məcburiyyətindədirlər.

Fəhləlik dedikdə əkin sahələrində işləməyi nəzərdə tutan sakinlər günə yalnız 6-8 manat qazana bildiklərini deyirlər.


Bu da ki kifayət deyil
Cəlilabad sakini Sevinc Astanova rayonda insanlar necə dolanır sualına “imkanlılar hektarlarla taxıl, kartof əkir, imkansızlar da gedib onun qapısında işləyir” deyə cavab verir.

O, özü əkinçilik edənlərdən məhsul alaraq onları kilolarla paketləşdirir və yol kənarında satır.

Söhbətimiz vaxtı Sevinc deyir ki, onun taxta köşkünün üzərinə ağac aşıb, dağılmış məhsulları isə oğurlayıblar.

“Səhər o qədər ağlamışam ki, qalan məhsulu da ucuz qiymətə satdım, gedib fəhləlik edib çörək pulu qazanacam”, Sevinc kövrəlir.

Sevinc təsərrüfatla məşğul olmağı çox sevir. Deyir ki, imkanı olsa özü əkinçilik edib, məhsulunu da öz ərazisində satar.

“İmkanım olsa qapımda taxıl, kartof, soğan əkərəm, dolanaram, hər şey imkana baxır”, o təkrarlayır, “mənim heç pay torpağım da yoxdur ki, əkim”.

Sevinc rayonda əhalinin şikayətlərinə də məhəl qoyulmadığını deyir.

“Eşitmirlər, elə bil yiyəsizlikdir. Cəlilabad bərbad gündədi. Deyirlər pulun var giriş, pulun yoxdu sürüş”.

Eyni ərazidə satıcılıq edən Yaqut Əsmətova da kasıblıqdan şikayətçidir.

O, həyat yoldaşının və oğlunun xəstə olduğunu deyir. Ağarmış saçlarına işarə edərək yaşının azlığını da xatırladır.

Deyir, qardaşının məhsulunu sataraq gündəlik 5 manat çörəkpulu qazanır.

“5 manat çörəkpulu ilə dolanmaq olar?”, o soruşur.

Yaqut ailəsinin vəziyyəti ilə bağlı ünvanlı sosial yardım və yaxud hansısa bir köməklik ümidi ilə hansı dövlət orqanına müraciət etsə də heç birindən qənaətbəxş cavab ala bilmədiyini deyir.

Cəlilabad kartofu
Kartof əkimi ilə məşğul olan Cəlal Muradov rayonda əhalinin əksəriyyətinin təsərrüfatla məşğul olduğunu deyir.

O özü 30 sotluq ərazisində taxıl, kartof və çiyələk əkir. Bu il kartof satışından da razı qalıb. Amma deyir ki hər il məhsul yaxşı qiymətə satılmır.

Cəlal rayonun çox münbit torpağının olmasından danışır. Deyir, son vaxtlar burada üzümçülük yenidən yayılmağa başlayıb.

Sakin Tofiq Qasımov isə fəhlə kimi işlədiyini deyir. Amma həmişə yox, “iş olanda”.

Onun da ailəsinin sosial yardıma ehtiyacı var, amma müraciətləri cavabsız qalır.

Biləsuvardakı vəziyyət
Yol kənarında meyvə satan, amma adını vermək istəməyən Biləsuvarlı sakin də imkansızlıqdan gileylənir. Deyir ki, ikinci qrup əlilliyi olan şəxsdir və 150 manat müavinət alır.

O, bazarlıq etmək üçün İrana getməyin yaxşı olduğunu desə də, son vaxtlar yaranan maneələrdən danışır.

“Sərhəddə uzun növbələrdə gözləyirik. Qadınlara siqaret vermirlər. Qadınlar gizlin üstündə, başında siqaret keçirir”, o deyir.

Yol kənarı qurduğu və meyvə satdığı taxta köşkə görə polislər tərəfindən incidildiyini deyən sakin, “başımıza oyun açırlar” deyərək heyifslənir.

Sakin deyir ki, bir neçə ay əvvəl Biləsuvarda kütləvi şəkildə sakinlərin sosial müavinəti kəsilib. Buna etiraz edən sakinlər isə yolu bağlayıb.

“Hamı nisyə bayam bazarlığı etmişdi, dükan da dedi pulumu qaytarın. Biz də yolu bağladıq. Gəlib yalvardılar ki, düzələcək. Heç nə dəyişmədi. Yaşamaq günü-gündən pisləşir”.

Biləsuvar, pambıq yığımı
Sakin rayonda çox ailənin təminatının pis olduğunu deyir. O, övladları məktəbə getdiyi üçün pula ehtiyacının olduğunu deyir. Özü satıcılıq etiyi üçün arvadı işləyir.

“Günü 6-7 manata fəhləlik edir mənə siqaret alır”, o həyat yoldaşı barəsində deyir.

Pambıq yığımı ilə məşğul olan Məhluqə Ağayeva da ünvanlı sosial yardıma görə problem yaşayanlardandır.

O deyir ki, 2 azyaşlı övladı olan oğlu işsizdir.

Sosial müavinət almaq üçün sənəd hazırlasalar da, onlara imtina cavabı gəlib. Elə olanlar da bundan sonra olub.

“Oğlumun yoldaşı xəstədir, yaşayışı da şəraitsizdi. İmtina xəbərinə əsəbləşdi, uşaqlara zərər vermək istədi. Mən mane oldum ki, uşaqları özüm saxlayacam”.

Ana oğlunun bu vəziyyətə maddi vəziyyətin ağırlığına görə gəldiyini düşünür.

Dövlətin rəqəmləri
Nazirlər Kabinetinin 2016-cı il 5 Fevral tarixli qərarı ilə Ünvanlı Sosial yardımın verilməsinin yeni qaydaları təsdiq edilib.

Bu qaydalara əsasən vətəndaş ünvanlı sosial yardıma onlayn və yazılı formada birbaşa müraciət edə bilər.

Vətəndaşa yardımın verilib-verilməməsini müəyyən edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə yaratmaq isə mümkün olmayıb.

Cəlilabad İcra Hakimiyyətindən şikayətlərlə bağlı cavab ala bilməsək də, Biləsuvar İcra Hakimiyyəti sakinlərin dediyi ilə razılaşmır.

Biləsuvar
Qurumun sözçüsü sosial müavinətlər məsələsinə baxmadıqlarını bildirir. İşsizlik məsələsinə gəlincə isə o, prezidentin göstərişi ilə rayonda yeni iş vakansiyalarının açıldığını deyir.

Biləsuvar İcra Hakimiyyətinin rəsmi saytında qeyd olunub ki, 2017-ci ilin yanvar ayı üçün rayonda 46,2 min nəfər işləyir.

Onlardan 5,1 min nəfər dövlət sektorunda , 41,1 min nəfər qeyri-dövlət sektorunda çalışır.

İcra hakimiyyəti rayonda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqının 270,2 manat təşkil etdiyini yazır və bu göstəricinin 2015-ci ilə nisbətən sabit qaldığını bildirir.

Biləsuvar Rayon Məşğulluq Mərkəzi tərəfindən rayon üzrə rəsmi işsiz statusu verilmiş işsizlərin sayı isə 79 nəfərdir.

“2016-cı ildə 637 nəfər məşğulluq mərkəzi tərəfindən işlə təmin edilib, eyni ildə rayonda 4874 vahid yeni iş yeri açılıb”, icra orqanı bildirir.

Dövlət Statistika Komitəsinin 2015-ci ilə aid məlumatlarına əsasən isə, Cəlilabadda orta aylıq əmək haqqı 285 manatdır. Burada işsizlik statusu almış 288 nəfər var.

Eyni ildə Cəlilabadda 1048 yeni iş yeri açılıb, onlardan 341-i daimi olub.

“İşsizlik kütləvi deyil”
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən millət vəkili seçilmiş Fəzail İbrahimli bölgədə işsizliyin kütləvi formada yayıldığına inanmır.

“Respublikada vəziyyət necədirsə, orda da vəziyyət eynidir. İşsiz adamlar var, amma onlarla bağlı aiddiyyatlı qurumlara müraciət edirik. Kütləvi işsizlik yoxdur”, o deyir.

Cənab İbrahimli sosial yardımın alınmasında yaranmış problemlərlə bağlı ona az müraciətlərin olduğunu da qeyd edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.