Ağır cinayətə görə uzunmüddətli həbs cəzası almış iki məhkum Bakıya gətirilərkən müəmmalı şəkildə xüsusi nəzarətdən qaçıblar; Ölkənin hər yerində axtarılan “Etibar Hacıqabulinski” və “Abdulla” kimdir?; onların “Lotu Quli”nin adamları olması xəbərləri inandırıcı deyil, çünki...
Oktyabrın 23-də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti (PX) iki məhkumun qaçması haqqında məlumat yayıb. PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumatda bildirilir ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Bildirilir ki, kriminal aləm üzvləri Biləcəridə qaçıb və ya qaçırılıb. Lakin onların qatardan qaçdığı xeyli sonra məlum olub. Belə ki, qatar “28 May” metrosunun yaxınlığında - Bakı Dəmir Yolu Vağzalında dayanarkən məhbusların təhvil-təslim zamanı hər iki şəxsin qaçdığı məlum olub. Lent.az-ın yazdığına görə, hər iki şəxs barəsində keçən həftə Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib.
“Etibar Hacıqabulinski” və “Abdulla” kimdir?
Etibar Məmmədov kriminal aləmdə “Qoca” ləqəbi ilə və “Etibar Hacıqabulinski” adı ilə tanınıb. Modern.az-ın xəbərinə görə, E.Məmmədov 1996-cı ildə ölkədə böyük rezonans doğuran qətldə ittiham olunub. Belə ki, həmin il 7 nəfər məhkum həbsxanada nəzarətçini boğaraq öldürüb, daha sonra qaçmağa nail olublar. Həmin 7 nəfərdən birinin məhz E.Məmmədov olduğu qeyd edilir. O, həmin vaxt azyaşlı (16 yaş) olduğu üçün cəzası o qədər də ağır olmayıb.
Ə.Ağami isə “Abdulla” ləqəbi ilə tanınır. Ə.Ağami iki il əvvəl Şirvanda baş vermiş qətldən sonra həbs edilib. O, Samux dövlət sərhəd-keçid məntəqəsini keçmək istəyərkən yaxalanıb. E. Məmmədov həmin qətl işinə görə tutulsa da, rəsmi məlumatdan göründüyü kimi, Cinayət Məcəlləsinin 234.4.3-cü - külli miqdarda narkotik vasitələrin satışına görə məhkum edilib.
Qeyd edək ki, noyabrın 5-də Şirvan şəhəri, Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə 1983-cü il təvəllüdlü Nəciyev Elvin Zamanəli oğlu 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlunu tapançadan açılan atəşlə qətlə yetirib.
İstintaqın gedişində məlum olub ki, qeyd edilən kafedə Elvin Nəciyev “Makarov” tipli tapançadan Zaur Sarıbalayevə ürək nahiyəsindən atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Ağami Əli isə “Makarov” tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Ürəyindən güllə yarası alan E.Nəciyev Şirvan şəhər xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Məlumat üçün deyək ki, Zaur Sarıbalayev Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin 2009-cu il 3 iyun tarixli hökmü ilə məhkum edilib. O, 26 may 2014-cü il prezidentin əfv fərmanı ilə azadlığa buraxılıbmış.
Hadisə yerində 3 ədəd tapança gilizi və 1 ədəd patron aşkar edilib. Ağami Əlinin qətldə istifadə etdiyi “Makarov” tipli tapança 2 gün sonra Şirvan şəhər xəstəxanasının ərazisində tapılıb. Məlum olub ki, Ağamiyə silahı 1985-ci il təvəllüdlü Salmanov Tural verib. Onun bu işlə bağlı hansı cəza aldığı barədə məlumat yoxdur. Güman etmək olar ki, o da həmin qatarda olub.
Qətldən sonra da “razborka” bitməyib
Bu qətl işindən sonra da tərəflər arasında daha iki dəfə kriminal “razborka” olması barədə xəbərlər yayılıb. Elə qətl baş verən gün (noyabrın 5-də) Şirvanın “Köhnə şəhər” adlanan yaşayış massivində, Kür çayının sahilindəki İsmət Qayıbov adına parkda kriminallar arasında dava olub. Bu dəfə mübahisə daha geniş tərkibdə davam edib. Dava Şirvandan olan kriminallarla Hacıqabuldan gəlmiş adamlar arasında baş verib. Davada Şirvandan olan kriminallar xəsarət alıb, hacıqabulluların isə avtomobilləri daş kəsəklə sındırılaraq yararsız hala salınıb. Amma bu da son olmayıb. Noyabrın 19-da qətlə görə həbsə alınan Ə.Ağaminin qardaşı Zaur Ağaminin həyatına qəsd olması barədə məlumat yayılıb. Məlum olub ki, Zaur Ağamini “Maqqa” ləqəbli Mahir evinə çağırıb. Z.Ağamiyə Mahir bıçaqla hədə-qorxu gəlib. Buna görə saxlanılan M.Tahir oğlu Şirvan Məhkəməsinə aparılıb və 15 sutka müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra Z.Ağami tutulan şəxsin atası tərəfindən təhdid olunub. Zaur Ağami qəflətən yoxa çıxıb və sonradan Şirvan şəhərinin “vosmoy” deyilən ərazisində peyda olaraq qəza törədib. Belə deyilirdi ki, o, dəvət olunduğu “razborka” məkanında qaçıb maşınına əyləşməklə canını qurtarmağa çalışıb və nəticədə qəza törədib.
“Lotu Quli”nin adamları olması istisnadır, çünki...
“Qafqazinfo” xəbər verir ki, həbsdən qaçan və qardaşı Zaur Ağami “Masallı Mamed”ə yaxın kriminallar olub. Bu məqamda qeyd edək ki, mediada həbsdən qaçanların “Lotu Quli”ləqəbi ilə tanınan Nadir Səlifova yaxın olması barədə xəbərlər yayılıb. Əgər Ağamilər “Masallı Mamed” kimi tanınan, bir neçə il əvvəl 1 saylı həbsxanada vəfat etmiş Məmməd Hüseynova yaxın adamlar olublarsa, onların “Lotu Quli”nin adamları olması ağlabatan deyil. Çünki “Masallı Mamed”lə “Lotu Quli” arasında ciddi problemlər olması heç kimə sirr deyil. “Quli”nin adının alınması barədə “praqon”un altında “Masallı Mamed”in də adının olmasını xatırlamaq kifayətdir.
Dustaqlar qatarla necə etap olunur?
Həbs həyatı yaşamış keçmiş məhbus Yadigar Sadıqov sosial şəbəkədə dustaq olduğu müddətdə bir neçə dəfə qatarla aparıldığını qeyd edərək yazıb: “Dustaq qatarı ilə 8 dəfə Lənkərana, 5 dəfə Şirvana getmişəm. Kənardan kömək olmadan oradan qaçmaq mümkün deyil. Azərbaycan da kiçik ölkədir, qatara gecə minib səhər düşürsən. Rusiya deyil ki, günlərlə yol gedəsən, yavaş-yavaş döşəməni mişarlayasan. Döşəmə də indi taxta deyil”.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov musavat.com-a açıqlamasında bildirib ki, işlə bağlı istintaq gedir. “Suallara da istintaq cavab verəcək. Qeyd edilən hallara da hüquqi qiymət veriləcək”- deyə, polkovnik M.Sadıqov qeyd edib.
Qeyd edək ki, faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
ORXAN