Fədayə Laçının məhbusların qaçmasına yardım etməsi ittihamı üzrə ifadəsi məlum olub
Müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) məhkəmədə “Qoca” ləqəbli dustaq Etibar Məmmədovla sevgili olduğunu etiraf edib.
“Report”un əldə etdiyi məlumata görə, ötən gün Nəsimi Rayon Məhkəməsində, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda müğənni özünü təqsirli bilmədiyini söyləsə də, E.Məmmədovla bir neçə ildir sevgili olduğunu etiraf edib. Fədayə Laçın həmin şəxslə sonuncu dəfə iki ay əvvəl görüşdüyünü bildirib: “Etibarın qatardan qaçacağından xəbərim olmayıb. O, bu barədə mənə məlumat verməyib. Sonuncu dəfə onunla iki ay əvvəl görüşmüşəm”.
Qeyd edək ki, Fədayə Laçın mütəşəkkil dəstənin üzvü kimi “Qoca” ləqəbli dustaq E.Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunur. Müğənni barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaqı zamanı günahı sübuta yetiriləcəyi təqdirdə Fədayə Laçını iki ildən altı ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası gözləyir.
***
Müğənni Fədayə Laçının “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun və onunla birgə cəza çəkən Əli Ağaminin həbsdən qaçmasına necə yardım etdiyi ilə bağlı yeni detallar üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, avtoritetlərin xüsusi tipli vaqondan qaçmasının təşkilatçısı əslində birbaşa Fədayə Laçın deyil.
Bu işdə əsas iştirakçı dəstənin digər xanım üzvü Günay Atakişiyeva olub.
Bildirilir ki, G.Atakişiyeva son bir neçə ayda bir neçə dəfə “Qoca”nı həbsxanada ziyarət edib. Onunla yaxın münasibəti olduğu görüntüsü yaradıb. F.Laçın isə bu işdə əsasən maddi dəstəkçi rolu oynayıb. O, G.Atakişiyevaya qaçış planının baş tutması üçün lazım olan maddi dəstəyi verib.
Əldə etdiyimiz məlumatda deyilir ki, planı həyata keçirmək üçün G.Atakişiyeva əvvəlcədən G.Atakişiyeva Astaraya gedib və orada məhkumların gətirildiyi qatara minib. Daha sonra o, nəzarətçilərlə əvvəlcədən razılaşdırıldığı kimi, xüsusi təyinatlı vaqona keçərək “Qoca”nın yanına girib. Şirvan şəhərinə qədər onunla birlikdə gəlib və orada qatardan düşüb. Bu vaxt ərzində isə o, avtoritetlərin qaçması üçün lazım olan xüsusi açarı “Qoca”ya verə bilib.
Etibarə Məmmədov və Əli Ağami isə Bakı yaxınlığında həmin açar vasitəsilə xüsusi təyinatlı vaqondan çıxmağa müvəffəq olublar.
Bildirilir ki, müğənni Fədayə Laçın da məhz Günay Atakişiyevanın ifadəsi əsasında həbs edilib.
Bu arada, Fədayə Laçın istintaqda verdiyi ifadə də məlum olub. APA-nın məlumatına görə, o, ittiham üzrə özünü təqsirli bilməyib və ifadəsində plandan xəbərsiz olduğunu deyib: “Mənim etibarımdan sui-istifadə ediblər. Onların qaçmaq niyyəti olduğunu bilməmişəm. Bunların heç birindən xəbərim yoxdur”.
Qeyd edək ki, F. Laçın təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.
Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.