Lənkəran şəhər İcra Hakimiyyətindən iyunun 11-də musavat.com saytında dərc olunmuş yazı ilə bağlı reaksiya gəlib.
Redaksiyamızın elektron ünvanına göndərilmiş məktubda bildirilir:
"Yazıda Lənkəran şəhər sakini, Ağciyər xəstəlikləri xəstəxanasının keçmiş baş həkimi Qurbanov Nurəddin Ələkbər oğlunun Lənkəran rayonunun Kərgəlan kəndi sakini Səfərov Məmməd Həbib oğluna qarşı dələduzluq edərək aldatma yolu ilə ondan böyük miqdarda pul aldığı və məsələ ilə əlaqədar məhkəmə-istintaq hərəkətlərinin aparıldığı barədə məlumatlar verilmişdir.
Bununla belə, yazıda heç bir sübut, fakt göstərilmədən Lənkəran RİH başçısı Taleh Qaraşovun adı hallanmış və Nurəddin Qurbanovun həbsində o günahkar hesab olunmuşdur.
Əvvəla, yazıda qeyd olunduğu kimi, haqqında danışılan hadisə dələduzluq faktıdır və dələduzluq edən şəxs də, bu dələduzluqdan ziyan çəkən də məlumdur. Yəni zərərçəkən Məmməd Səfərov onu dələduzluq yolu ilə aldatmış Nurəddin Qurbanovu məhkəməyə vermiş və Lənkəran ağır cinayətlər məhkəməsində işə baxılmış, günahı sübut olunaraq azadlıqdan məhrum edilmişdir.
Göründüyü kimi, baş verənlərin Lənkəran ŞİH başçısına heç bir aidiyyəti yoxdur və rayonda kadrlar hər hansı konyukturaya görə deyil, yalnız bilik, bacarıq və dövlətçiliyə sədaqətlilik keyfiyyətlərinə görə vəzifələrə təyin olunurlar. Bu məlum həqiqəti bilə-bilə məsələnin mahiyyətini şaiyələrə əsasən müəyyənləşdirmək və hörmətli şəxsiyyət barədə qeyri-müəyyən məlumatlar yaymaq düzgün deyil".
Musavat.com bu məktubu dərc etməklə yanaşı dövlət strukturlarının nəzərinə çatdırır ki, onlar jurnalistlərin sual və sorğularına vaxtında və operativcəsinə cavab versələr, sonrada redaksiyaya bu cür məktublar göndərməyə məcbur olmazlar.