MTN işi yekunlaşmaq ərəfəsindədir. Belə ki, bir neçə gün öncə MTN generalı Akif Çovdarova hökm oxunması, ardından sabiq MTN naziri Eldar Mahmudovun köməkçisi və əmisi oğlunun həbsi məsələnin yekunlaşmasına doğru işlərin görüldüyünə bir nişanədir.
BiG.AZ xəbər verir ki, bu gün isə Virtualaz.org saytı sabiq nazir Eldar Mahmudovun Baş Prokurorluğa çağırılması ilə bağlı məlumat yayıb. Keçmiş nazirin prokurorluğa çağırılması doğrudanmı məhz MTN işi ilə əlaqədardır, yoxsa bu hadisələrin fonunda kriminal durumda baş verən son gərginlikdə sabiq nazirin də kölgəsi var? Bu məsələ ilə bağlı BiG.Az-a danışan
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə MTN şefinin prokurorluğa çağırılmasında kriminal izinin olmadığını, sadəcə olaraq davam edən MTN işi ilə bağlı olduğunu bildirdi: "Keçmiş MTN şefi Eldar Mahmudovun Prokurorluğa çağrılması və köməkçisinin həbsi əsasən davam edən MTN işi ilə əlaqədar ola bilər. Akif Çovdarov və digər MTN zabitlərinə verilən hökmdən sonra onların verdiyi ifadələr əsasında Mahmudovun çağrılması şübhə doğurmur. Hesab edirəm ki, kriminallarla əlaqədar olaraq prokurorluğa çağrılmasında əlaqə görmürəm. Çünki MTN işi davam edir. Burada təkcə iqtisadi cinayətlər deyil, siyasi məsələlər də var. Mahmudovun köməkçisinin həbsi ilə görünür küçmiş nazir ətrafında çəmbəri daraldıb. Gələn il ölkədə prezident seçkiləridir. İqtidar mümükün dərəcədə seçkilər ərəfəsində ölkədə sabitliyi poza biləcək, dövlətçilik üçün problemlər yarada biləcək şəxsləri zərərləşdirəcək. Hesab edirəm kriminal aləmlə Mahmudovun heç bir əlaqəsi yoxdur".
Rövşən Əsədov