Bakı şəhər sakini Mən Bayramov Eşqin Uzaqi oğlu daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edib. O, müraciətin bir surətini də anaxeber.info saytına ünvanlayıb. Eşqin Bayramov yazır ki, dələduzluq əməlinə tuş gəlib, amma polis cinayətin açılamasına həvəs göstərmir: "Cənab nazir, 14 iyul 2017-ci il tarixdə Bakı şəhərindən Mingəçevirə gedən zaman yolda Telman adlı şəxslə tanış olmuşam. Onunla söhbətlərim zamanı kreditlə maşın almaq istəyidiyimi bildirmişəm. O da atasının maşın alverçisi olduğunu, mənə kömək edə biləcəyini dedi və onun mobil nömrəsini mənə verdi. Mən Telmanın Elman adlı atası ilə əlaqə saxladım. Mənə maşın tapacağını dedi".
Şikayətçi bildirir ki, iki gün sonra Elman adlı şəxs ona zəng edib: "Dedi ki, tanışında kreditə maşın var və onun nömrəsini verd. Həmin şəxslə əlaqə saxladım. Ceyhun adlı bu şəxs dedi ki, onda 1997-ci il istehsalı olan "Mercedes C180" markalı maşın var. Mən iyulun 27-də Yasamal rayonu ərazisində "köhnə ətçilər" deyilən yerdə görüşdüm. Yanında bir nəfər də var idi. Sonra bildim ki, adı Ruslandır.
Maşına baxdım. Xoşum gəldi. Dövlət nömrə nişanı 45 BH 612 idi. İlkin ödəniş kimi 1200 azn ödədim. Həmçinin şəxsiyyət və sürücülük vəsiqəmi verdim Ceyhuna. Qalan pulu da aylıq kredit şəklində ödəyəcəkdim. Bazar günü olduğundan dedi ki, sabah axşama kimi sənədləri həll edəcəm, axşam görüşək maşını götür. Razılaşdıq. Elman dayıya da zəng elədim ki, maşına 1200 manat pul verdim. Dedi ki, narahat olma, düzələcək. Amma elə səhəri gün həmin nömrəyə zəng çatmadı. Mən də Elmana zəng elədim ki, bu açmır telefonu. Dedi narahat olma, tapacam onları".
Lakin sonradan bəlli olub ki, Ceyhun Elmanın qardaşı oğludur: "Bunlar qrup şəklində dələduzluqla məşğul imişlər. Elman məni 2 həftə yubatdı. Sonra gördüm ki, bundan xəbər yoxdu. Zəng elədim 102 xidmətinə. Onlar da məni 29 - cu bölməyə yönləndirdilər. Gedib yuxarıda qeyd etdiklərimi izahat şəklində yazdım. Dedilər ki, narahat olma, tapıb pulunu da, sənədlərini də alacayıq. Orda əvvəlcə mənim işimi Mehman adlı polis işçisi aparırdı. Sonradan Vüqar adlı polis də ona köməklik etməyə başladı. Oktyabr ayının əvvəlində Ceyhun adlı dələduzu tutub gətirdilər. Cəmi 1 gecə saxladılar bölmədə. Daha sonra buraxdılar. Mənə də dedilər ki, sənin işin məhkəməyə gedəcək. Heç nə edə bilmədim. Mən şübhələnirəm ki, bu iş maddl maraqlar üzündən ört-basdır edilir".
Vətəndaş nazirdən məsələyə müdaxilə edərək ədalətin bərqərar olunmasına köməklik göstərməsini xahiş edir.