İllərdir sabiq milli təhlükəsizlik nazirindən şikayətçi olan Yasamal rayon sakinləri Sevda Süleymanova və Elmidar İsmayılov bu gün Baş Prokurorluğun qarşısında Eldar Mahmudovla qarşılaşıblar.
Bu barədə Cebhe.info-ya Sevda Süleymanova özü məlumat verib. Onun sözlərinə görə, Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib çıxdığı vaxt küçədə qarşılaşıblar. Keçmiş MTN-nin qurbanına çevrilmiş şikayətçilər məsələlərində günahkar bildikləri keçmiş nazirin üzərinə gediblər:
“Eldar Mahmudovu görüb dedim ki, izahat vermək asandırmı? Keyf etdinmi? Necədir? Başını aşağı salıb mühafizəçisi və sürücüsü ilə 90 KU * nömrəli BMW markalı qara avtomobilə minib getdi. Eldar Mahmudov bundan sonra da bilmirəm nə qədər yaşayacaq. Amma nə yaşadığı illərdə, nə də bundan sonra belə bir epizod görməyib. Əminəm ki, bu epizod onun həyatında iz buraxacaq”.
Xatırladaq ki, Sevda Süleymanovanın həyat yoldaşı Qüvvətəli Süleymanov ərinin keçmiş MTN-nin sabiq naziri Eldar Mahmudovun sağ əli Akif Mustafayevin sifarişilə 21.10. 2013-cü il tarixində qeyri-qanuni həbs olunubr. Qadının iddiasına görə, sifarişin məqsədi yoldaşının “AFİNA” MMC və “OMAKS” MTK-ya qoyduğu təqribən 8 milyon manat pulunu və 6 mənzilini əlindən almaq olub.
Digər şikayətçi Yasamal rayon sakini Elmidar İsmayilov və onun ailəsi keçmiş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının qurbanına çevrilib. İsmayılovlar ailəsi 3 ildir ki, çarəsiz durumda qalıb. Haqlarını tələb etdiklərinə görə isə ona və ailəsinə qarşı təzyiqlərin ardı-arası kəsilmir. Üz tutmadıqları, müraciət etmədikləri dövlət qurumu qalmayıb.
Alçina Amilqızı
Cebhe.info