Ağ Evdə dolaşan qorxunc “kabus”...

11-11-2017, 08:38   
Ağ Evdə dolaşan qorxunc “kabus”...
Prezident Donald Trampın hakimiyyəti dönəmində daxili siyasi çəkişmələrin intensivləşməsi ABŞ-ın beynəlxalq imicini korlayır və mövqelərini zəiflədir

Vaxtilə ABŞ ədalətin, demokratiyanın beşiyi kimi qəbul edilirdi. Hər hansı ölkədə ədalətsizlik olardısa, demokratik prinsiplər pozulardısa, ABŞ-dan imdad umulurdu.

İnsafən, ABŞ da vaxtaşırı analoji hadisələrə reaksiya verirdi. Özünün “ədalətin, demokratiyanın beşiyi” olması ilə bağlı imicini qorumağa, hətta mümkün olduqca, möhkəmləndirməyə çalışırdı.

Nəticədə ABŞ dünyanın həm ən qüdrətli, həm də ən ədalətli dövləti kimi beynəlxalq siyasət arenasında hegemon mövqeyə sahib ola bilmişdi. Və Ağ Evin sözü bütün platformalarda həlledici mövqe statusunda qəbul olunurdu.


Ancaq son illərdə dünyada bir çox şeylər ciddi şəkildə dəyişib. Düzdür, ABŞ hələ də dünyanın ən qüdrətli dövləti sayılır. Bununla belə, ABŞ-ın beynəlxalq imici ciddi şəkildə sarsılıb.

Məsələ ondadır ki, artıq dünyada ABŞ-a güvənmirlər. Əksinə, son dövrlərdə ABŞ-la bağlı dünya dövlətləri arasında xof yaşanır. Ən əsasısa, Ağ Evin davranışları, reallaşdırdığı hərbi-siyasi ssenarilər dünyada mövcud olan fəlakətlərin əsas mənbəyi hesab olunur.

Digər tərəfdən, ABŞ-ın beynəlxalq düşmənlərinin sayı da artmağa başlayıb. Hətta beynəlxalq rəqiblərlə münasibətlər böhranlı həddə qədər gərginləşib. Yaxın Şərq ABŞ üçün əsl “hərbi-siyasi bataqlığa” çevrilib, Türkiyə ilə etimadsızlıq mühiti hər ötən gün daha da dərinləşməkdə davam edir, İranla yenicə normallaşmağa başlayan münasibətlər yenidən gərginləşməkdədir.

Bütün bunların sırasında ABŞ-Rusiya münasibətlərinin xüsusi yeri var. Belə ki, bu iki nəhəng dövlətin qarşılıqlı münasibətləri düşmənçilik həddinə çatıb. Qarşıduran tərəflər bir-birini mümkün olan və olmayan hər şeydə günahkar göstərirlər, ittiham edirlər.

Xüsusilə də, prezident Donald Trampın son seçkilərdə qalib gəlməsindən sonra ABŞ-Rusiya münasibətləri tamamilə fərqli keyfiyyət qazanıb. Üstəlik, bu qarşıdurmanın təsirləri ABŞ-ın daxili siyasət sisteminə də sıçrayıb. Və ölkədaxili siyasi mübarizənin predmetinə çevrilib.

Məsələ ondadır ki, prezident D.Trampın Ağ Evə sahibləndirilməsi ABŞ-da daxili siyasi hesablaşmanın başlanğıc mərhələsi kimi dəyərləndirilir. Belə ki, onu hakimiyyətə gətirənlərin ABŞ-ın və dünyanın indiki siyasi idarəçilik sistemini dəyişdirməyi hədəflədikləri ehtimal olunur. Və mövcud idarəçilik sisteminin əsas rıçaqlarının bu hədəfin reallaşdırılması niyyətlərinə kəskin şəkildə müqavimət göstərdikləri də açıq-aşkar müşahidə edilir.



Maraqlıdır ki, müqavimət kampaniyasının əsas ittiham tezisi kimi isə prezident D.Trampın seçkilərdə qalib gəlməsində “Rusiyanın dəstəyi”nin həlledici rol oynaması ilə bağlı iddia ön planda tutulur. Belə ki, prezident D.Trampın Ağ Evə sahiblənməsindən artıq bir il ötsə də, Rusiyanın seçki prosesinə müdaxilə edərək, onun qalib gəlməsini təmin etməsi ilə bağlı ittiham hələ də öz aktuallığını qoruyub saxlayır.

Əslində, analoji məzmunlu ittihamlar əsasən siyasi rəqibin “mat vəziyyəti”nə salınmasına hədəflənsə də, həm də ABŞ-ın qüdrətli və toxunulmaz dövlət imicinə də sarsıdıcı zərbə vurur. Çünki əgər, Rusiya ittihamlarda iddia olunduğu kimi, ABŞ-da özünə sərfəli namizədi prezident seçdirə bilibsə, deməli, bu nəhəng dövlət əvvəlki kimi toxunulmaz və qüdrətli deyil. Yəni bu iddiadan belə anlaşılır ki, bütün dünyada hegemonluq edən ABŞ-a daxildən müdaxilə etməklə, bu dövləti daha sərfəli siyasi mövqeyə istiqamətləndirmək də mümkündür.



Yox, əgər, ittihamlar sadəcə, real faktlara əsaslanmayan iddialardırsa, onda bunu davamlı olaraq, gündəmə gətirən qurumlar ABŞ-ın beynəlxalq siyasi dayaqlarına sarsıdıcı zərbələr vuraraq, onu nüfuzdan salırlar, bu nəhəng ölkənin sıradan dövlətə çevrilməsinə yol açırlar. Və hər iki variant ABŞ-ın beynəlxalq maraqları baxımından yolverilməz məzmun daşıyır.



Bütün bunlar onu göstərir ki, Ağ Evdə qorxunc bir “kabus” dolaşır. Və bu “kabus” Rusiya xofudur. ABŞ-ın xüsusi xidmət servisləri Rusiyanı hər şeydə, hətta tez-tez baş verən təbii fəlakətlərdə belə, ittiham edirlər. Guya Rusiyanın təbii fəlakətlər törədə bilən gizli silahı varmış və Kreml hər imkanda onu ABŞ-a qarşı istifadə etməkdən özünü saxlaya bilmir.

Təbii ki, bütün bunlar ABŞ-ı beynəlxalq arenada nüfuzdan salır, onun rəqiblərini, xüsusilə də Rusiyanı isə ciddi şəkildə gücləndirir. Hadisələrin belə inkişaf perspektivlərində nəhənglərin savaşının dünyada necə bir situasiya yaradacağı hələlik müəmmalı olaraq qalmaqdadır.

Elçin XALİDBƏYLİ, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.