Binəqədidə baş verən yanğının təfərrüatları bəlli oldu: Binaya keyfiyyətsiz elektrik naqilləri çəkilibmiş... REPORTAJ, VİDEO, FOTOLAR

11-11-2017, 17:11   
Binəqədidə baş verən yanğının təfərrüatları bəlli oldu: Binaya keyfiyyətsiz elektrik naqilləri çəkilibmiş... REPORTAJ, VİDEO, FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Binəqədi rayonu, Fərman Məlikov küçəsində yerləşən 16 mərtəbəli binada baş verib. İlkin ehtimallara görə, yanğına elektrik naqillərinin qısaqapanması səbəb olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürməyə nail olsalar da, binanın bir neçə mərtəbəsinin dəhlizi və iki mənzil yararsız hala düşüb.

Musavat.com-un müxbiri hadisənin təfərrüatlarını, bina sakinlərinin hazırki durumunu öyrənmək üçün adıçəkilən ərazidə olub.

Öyrəndik ki, yanan binada yaşayış bərpa olunub. Yanğın zamanı sakinlər təxliyyə edilsələr də, təhlükəsizlik təmin olunduqdan sonra mənzillərinə qayıdıblar. Lakin binaya elektrik enerjisi və təbii qazın verilişi dayandırılıb. Elektrik xətlərinin bərpası istiqamətində iş aparılır.

Sakinlər bizimlə söhbətində bildirdilər ki, yanğının səbəbi kimi iki ehtimalın üzərində dayanırlar. Bu ehtimallardan biri binanın qarşısında olan zibil qutularının alışması və alovun binaya gedən kabel xətlərinə keçməsi ilə bağlıdır. Digər ehtimal isə, binanın elektrik xətlərinin və avadanlıqların keyfiyyətsiz və yararsız durumda olmasıdır.

Məsələ ilə bağlı yanğının baş verdiyi binanın komendantı Mərdan Kazımovla görüşüb, hadisənin səbəbini öyrəndik.

M.Kazımov yanğının elektrik xətlərindəki qısaqapanmadan baş verdiyini təsdiqlədi: “Hadisə axşam saat 21:00-da baş verib. Həmin vaxt evdə idim. Zəng vurub, xəbər verdilər ki, ikinci blokda kabel xətləri yanır. Hadisə yerində gəldim, yanğınsöndürənlər yanğını söndürürdü. Ciddi xəsarət alan olmayıb. Lakin mənzillərə ciddi zərər dəyib. Binaya gedən xətlər demək olar ki, bütünlüklə yenilənir. Bununla bağlı, elektriklər binada iş aparırlar”.

Komendant zərər dəyən evlərin binanı tikən “Pramida” MTK tərəfindən təmir olunacağını bildirdi: “Yanğın zamanı mənzillərə dəyən zərər şirkətimiz tərəfindən qarşılanacaq. 5-ci və 17-ci mərtəbələrdə mənzillərə ziyan dəyib. Yanğın zamanı mənzillər hisdən qaralıb. Binanın 2-ci blokunda bütün mərtəbələrin dəhlizləri yanıb”.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Məğrur Mərd, musavat.com







Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.