Rusiya cinayətkar aləminin ağsaqqallarından biri, 60 yaşlı qanuni oğru Timoxa ləqəbli (həm də Bulbaş, həm də Saşa Qomelski) Aleksandr Timoşenko bir neçə gün əvvəl Moskva yaxınlığında qətlə yetirilib.
Timoşenko Qərbdə arvadı Yelena Aronova Bor və balaca ögey oğlu Dima ilə 1990-cu illərin əvvəlində yəhudi qaçqın qiyafəsi ilə köçdüyü Almaniyadan başlayan qanlı iz qoyub. Timoxa Qomeldə doğulub, lakin alman hakimiyyətinə Kiyevdə anadan olduğu haqqında saxta şəhadətnamə təqdim edib.
O həmçinin “İvanoviç” atası adını “Samoyloviç”ə dəyişib və anasının adını “Rita Naumovna Rivkina” kimi göstərib.
1991-1992-ci illərdə ailə Berlində yaşayıb, lakin Qərbi Avropada Rusiya mafiyasının başçısı hesab edilən Yefim Laskin Münhendə öldürüldükdən sonra tələsik ABŞ-a köçüb. 52 yaşlı Laskin 27 sentyabr, 1992-ci ildə avtomobil dayanacağında vəhşicəsinə öldürülmüşdü. Çox illər sonra məhkəmə bu cinayətdə Timoxanı təqsirkar bilib.
Özünün briqadası olmayıb
ABŞ-da o, arvadının Bor soyadını götürüb. Bir müddət sonra Federal Tədqiqatlar Bürosunun (FTB) daxili sənədlərində “Bor MCQ” termini peyda olacaq – “Bor mütəşəkkil cinayət qrupu”.
Timoxa Bruklində "Night Flight" gecə klubunun daimi müştərisi olub, haqq-hesab çürütmə ("razborka") işlərində iştirak edir, yerli avtoritetlərlə ünsiyyət yaradır və onların ehtiramını qazanır.
“Laskin haqqında şayiələr dolaşırdı, yəni əlindən iş gələn adamdır” - bu ehtiramın səbəbini BBC müxbirinə İvankovun bir keçmiş silahdaşı izah edib.
Lakin Yaponçikdən fərqli olaraq Timoxanın ABŞ-da heç vaxt öz briqadası olmayıb. "Afqanets" ləqəbli cani Boris Alekseyev sayılmasa...
Yaponçik də Amerikaya 1993-cü ildə əslində boş yerə gəlmişdi, lakin tezliklə ona - başçısı qatil Alik Maqadanın (Oleq Asmakov) adını daşıyan - "Maqadanın briqadası" kimi tanınan cinayətkar dəstə qoşulur.
Günlərin bir günündə Timoxa varlanır.
“Samur xəzindən kürklər geyinməyə başlayır, bahalı kabrioletlər xoşlayır” - Yaponçikin bir yerli silahdaşı xatırlayır.
Artıq 20 il keçib və Timoxanı tanıyanlar onun Nyu-Yorkda nə cür varlandığı daha yadlarında deyil, lakin deyirlər ki, o, ABŞ-da yaşayan "Qorınıç" ləqəbli bir rus biznesmeninin hesabına dövlətlənib.
Restoranda qətl
Timoxa yanvarın 10-da doğulub. 1994-cü ildə o, ad gününü qeyd etdiyi Braytin Biçdə yerləşən “Arbat” restoranına onun öldürüləcəyini bilə-bilə məşhur boksçu Oleq Karatayevi də dəvət edib.
Qətlin icraçısı Maqadan olub. O, ayaqyoluna çıxdığı vaxt boksçunun boynunun ardına atəş açıb.
Alik Maqadan (Oleq Asmakov) "Maqadanın briqadası"nın başçısı
Bu barədə BBC müxbirinə Maqadanın sağ əli olmuş və "Karamazov qardaşları" ləqəbi ilə tanınan kiyevli biznesmen Konstantinov qardaşlarının qətlini sifariş vermək cəhdi üçün ABŞ-da həbs vaxtını çəkib qurtarmış Leonid Roytman danışıb.
Bundan sonra Federal Təhqiqiatlar Bürosu sadə xalqın yaşadığı Bruklindən kiçik Massapikva şəhərinə köçmüş Timoxanın açılmamış hesab edilən cinayətə aidiyyətıni araşdırmağa başlayıb. Timoxa keçmiş Leninqrad sakini Mixail Sıroyejinə öyünüb ki, yeni mənzil saldığı şəhərcikdə onunla yanaşı Gambino klanı üzvləri və başqa Nyu-York mafiya ailələrinin evləri yerləşir.
Sıroyejinin sözlərinə görə, əcnəbilər onun soyadını düzgün tələffüz edə bilmirdi. Və 1995-ci ildə onu alman ulu babasının Gassa adına dəyişib. Sıroyejin birinci arvadının soyadı ilə Mixail Potyomkin və Maykl Gess kimi də məşhurdur. O, Peterburq televiziyasının 5-ci kanalında Bella Kurkovanın müavini olub, lakin kanala professional avadanlıq almaq üçün ayırılan pulun bir hissəsi ilə Amerikaya qaçıb. Nyu-York ştatının şimalında Albani şəhərində məskunlaşıb və burada da doğru-dürüst yaşamayıb.
FTB-nin daimi nəzarəti altında
5-ci kanalın pullarını yumaq ittihamı ilə FTB onu 1996-cı ildə həbs edib. Sıroyejin dərhal bu və bir sıra başqa cinayətləri boynuna alıb və istintaqla əməkdaşlıq etməyə razılıq verib. Ona Brayton Biçdəki “Odessa” restoranında "Afqanets"in təqdim etdiyi Timoxa-Borun “tədqiq edilməsi” tapşırılıb. Bu insanların aləmi çox darısqaldır: alman polisinin məlumatına əsasən, Borun Münhendə öldürdüyü Laskinin bu restoranda payı varmış.
Bor Sıroyejinə danışıb ki, Bruklində milyonlarla gəlir vəd edən qiymətli kağızlarla biznes imkanı açılıb.
Bor bu işə 250 min dollar yatırtmağa hazırdır. O, öz italyan partnyorlarına çox da etibar etmirdi, və ona fərasətli bir adam lazım idi ki, “yekəburunlar”ın (rusların italyan qanqsterlərinə verdiyi ayama) əliəyriliyinə nəzarət etsin.
Sıroyejin özünü pul yumaq üzrə mütəxəssis kimi təqdim etmişdi. O, əla ingiliscə bilirdi, yaxşı təhsil görmüş bir insan kimi Bor üçün ən yararlı namizəd idi. FTB bu xoşbəxtliyə inana bilmirdi.
Düzdür, o vaxt Sıroyejin qiymətli kağızlardan heç bir şey bilmirdi, lakin hər şeyi çevik mənimsəyirdi və elə ustalaşmışdı ki, 2008-ci ildə qiymətli kağızlarla başqa bir fırıldaqçılıqda suçlanmışdı.
Borun baş “yekəburunu” Kolombo klanı ilə əlaqədə olan Qara Ev ləqəbli Dominik Dionisi idi.
“Qazanxanalarda” səhmlər alveri
Qiymətli kağızlarla alver “qazanxana” adlanan broker kontorlarında baş verirdi: gənc oğlanlar telefon arxasında oturub çarəsiz şirkətlərin səhmlərini investorlara sırımağa çalışırdılar. Bu şirkətlərin qiymətini süni şəkildə şişirdərək, fırıldaqçılar onların səhmlərindən tez azad olub aldadılan investorların hesabına yaxşı qazanc əldə edirdilər.
Üstünə gizli qulaq asma qurğusunu asıb Sıroyejin Denis Yurovski kimi keçmiş Sovet İttifaqından olan gənc mühacirlərin telefonda oturduqları “rus qazanxanalarına” gedirdi. Sonradan onu çox illər keçdikdən rusiyalı Viktor Butu məhkəmədə müdafiə etdiyi ilə məşhurlaşan gənc vəkil Albert Dayan müdafiə edib.
Bor o firildaqçılığın 20-yə yaxın iştirakçısı həbs olunduqdan xeyli əvvəl Moskvaya gedib və iş üzrə cəlb edilməyib, hərçənd onun adı proseslərdə dəfələrlə dilə gətirilib. Hakim Nina Gerson jüri üzvlərində müttəhimlərə qarşı mənfi münasibət yaratmamaq üçün ittihamçılara “mütəşəkkil cinayətkarlıq”dan danışmağı qadağan edib.
Dayan da Borun “bandit” kimi xarakterizə edilməsinə qarşı olub, lakin sonradan razılaşıb.
Brayton Biç SSRİ miqrantlarının ən çox bəyəndiyi yer olub
Amerika femidasının Timoxanı əldən buraxdığına baxmayaraq, ona anası ilə Amerikada qalmış və atasının – Tereşonok - soyadını daşıyan ögey oğlu qismət olub. Dima Nyu-Cersidə bir türk zərgəri qarət etmək cəhdinə görə həbs edilib.
Borun oğulluğu günahını boynuna alıb, 2 il həbs cəzasını çəkdikdən sonra Moskvaya atalığının yanına gedib.
Almaniyada həbs
Moskvada yaşayan Timoxa 9 sentyabr, 1999-cu ildə “Aeroflot”un SU257 reysi ilə Almaniyaya yollanıb. Onda Salonikidə Rusiya konsulluğunda verilmiş Rusiya pasportu və Aleksandr İoannis Bor adına saxta yunan pasportu olub.
Mənzilbaşına çatanadək o, hava limanında saxlanılıb, üstündə 11 min dollar nağd pul və çamadanda qiymətli paltar aşkar edilib. Bor fərəhlə polislərə 2 min dollar qiyməti olan kostyumu göstərib.
Ona qarşı ittiham irəli sürülüb və sonradan o, Laskinin qətlində müqəssir tanınıb. Bundan başqa Bor polyak mənşəli məşuqəsi Eljbetadan, banditlərin şübhələrinə görə, öz işverənindən oğurladığı 50 min marka pulu zorla almaq cəhdində də ittiham olunub.
Polyak qadın oğurluq etdiyini boynuna almayıb və işgəncələrə tab gətirməyib 3-cü mərtəbədən özünü atıb, əlil olub.
Bor ömürlük həbsə məhkum olunub, lakin həbsxanada cəmisi bir neçə il keçirdikdən sonra Moskvaya qayıdıb.