İyun ayının 17-də Azərbaycan Yazıçılar Birliyinin keçiriləcək qurultayında yazıçı Anar sədrliyə namizədliyini irəli sürüb. Qurultayın 400-dən çox iştirakçısı arasında 6 deputat-yazar da var.
Modern.az onların bir neçəsini rəyini soruşub.
Sabir Rüstəmxanlı: “Etiraf edim ki, son zamanlar Yazıçılar Birliyində gedən proseslərlə yaxından maraqlanmıram. Nələr baş verdiyini də dəqiq bilmirəm. Amma onu deyərdim ki, Anar ən azı Azərbaycanın görkəmli dramaturqu, fikir adamıdır. Yəni Yazıçılar Birliyində də normal işləyir. Namizədliyini irəli sürübsə, buna sadəcə normal baxmaq lazımdır. Alternativ kimsə varsa namizədliyini irəli sürə bilər. Amma bu dəqiqə Yazıçılar Birliyində Anarla bağlı bir problem yoxdursa, artıq sözə ehtiyac yoxdur məncə. O ki qaldı mənim namizədliyimi irəli sürməmə, ümumiyyətlə bu məsələni konfliktə çevirməyi istəmərəm mən. Nə qədər ki Anarın ürəyi istəyir, mən ona mane olmaram. Amma ən azı özü könüllü getmək istəsə, namizədliyimi irəli sürərəm”.
Aqil Abbas: “Anar özü istəməsəydi belə, onun namizədliyini irəli sürəcəkdik. Onun namizədliyini irəli sürənlərdən biri də mənəm. Anar bəy, Yazıçılar Birliyini ölməyə, dağılmağa icazə vermədi. Ən çətin vaxtlarında dayaq oldu. Bu gün keçmiş SSRİ-MDB məkanında ən hörmətli bir ittifaq Yazıçılar İttifaqıdır. Mən hələ də “Birlik” deyə bilmirəm. Bəlkə belə bir məsələ qaldırdım ki, “birlik” yox, məhz yenidən “Yazıçılar İttifaqı” adlandırılsın”.
Elmira Axundova: “Anar ən yaxın dostumdur. Böyük ədəbiyyat ustasıdır. Ümumiyyətlə mən o postda başqa adamı təsəvvür edə bilmirəm. Anar bəy, ədəbiyyatımızın simasıdır. Mənə elə gəlir ki. Yazıçılar Birliyi, onun rəhbərliyi altında bu illər ərzində özünü qorudu, təkmilləşdirdi. Yazıçılarımıza çox böyük güzəştlər edildi. Bunların hamısı Anar müəllimin öz qazandığı hörməti və dövlət rəhbərimizin Anar müəllimə olan hörmətindən irəli gəlir. Bütün bunları nəzərə alaraq Anarın namizədliyini mən də ürəkdən dəstəkləyirəm”.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin qurultayı iyun ayının 17-də Gənc Tamaşaçılar Teatrında, 80 illik yubiley tədbiri isə iyun ayının 18-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.