Ərdoğan ermənilərin son ümidini də qırdı - nə sərhədlər açılacaq, nə də...

6-12-2017, 09:16   
Ərdoğan ermənilərin son ümidini də qırdı - nə sərhədlər açılacaq, nə də...
Ankaradan Bakıya türk generalları, İrəvana ultimatum; Türkiyə liderinin xəbərdarlığına Ermənistandan reaksiya gecikmədi

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı izolyasiyanı gücləndirməklə hədələyib. Hakim partiyanın toplantısında Ermənistanı bundan sonra da regional iqtisadi layihələrdən kənarda qoyulacağını deyən Ərdoğan bildirib ki, rəsmi İrəvan erməni diasporunun təzyiqi altında “Türkiyə ilə dostluq qapılarını inadla qıflıda saxlayır” və altını da hamıdan çox özü çəkir.

Sitat: “Nəticədə Ermənistan bölgədəki nəqliyyat, ticarət və energetik layihələrdən kənarda qalıb. Üstəlik, o, izolyasiya şəraitində olmaqda davam edir. Bunun qarşılığında Gürcüstan bir yandan Türkiyə və Qərb arasında, digər yandan isə Qafqaz regionu ilə Orta Asiya arasında körpüyə çevrilib. Yəni kim ki bizimlə dostluq edir, o qazanır, kim ki kin saxlayır - itirir”.

*****

Türkiyə dövlət başçısının bu ultimatumu daha çox xəbərdarlıq xarakteri daşımaqla yanaşı öncəliklə, Dağlıq Qarabağ məsələsində qardaş ölkənin bundan sonra Azərbaycanın yanında olacağının, Bakının məqbul saymadığı həll variantını Ankaranın da qəbul etməyəcəyinin çox aydın bir mesajıdır - özü də təkcə İrəvana yox, həm də Moskvaya mesajdır.

İkincisi, bu, Ermənistanın taleyinin sırf öz əlində olduğu barədə ermənilərə birmənalı ismarışdır, status-kvonun uzanmasından ən çox erməni xalqının əziyyət çəkdiyi və çəkəcəyi barədə xatırlatmadır. Bu xüsusda Qarabağ məsələsində İrəvan konstruktiv mövqe tutmayacağı təqdirdə sərhədlərin açılmasına və siyasi-diplomatik əlaqələrin bərpasına olan ümidlərin heç vaxt çin olmayacağının anonsudur.



Yeri gəlmişkən, Ermənistan prezidenti Serj Sərkisyan BMT Baş Məclisinin son sentyabr sessiyasında çıxışı zamanı sərhədlərin açılmasını nəzərdə tutan bədnam “Sürix protokolları”nı (2009-cu ildə ABŞ-ın patronajlığı ilə imzalanıb) gələn ilin aprelinədək arxivə verməyəcəklərini demişdi. Yəni erməni tərəfində ümid var idi ki, bəlkə aprelədək Türkiyə prinsipial mövqeyini dəyişə, sərhədlər açıqla, Ermənistanın blokadası yumşala. Ancaq Ərdoğan yuxarıdakı açıqlama ilə düşmən tərəfin son ümidini də basdırmış oldu.

Nəhayət, üçüncüsü, Türkiyə lideri Ankara-İrəvan münasibətlərinin normallaşması yönündə əsas əngəllərdən birinin erməni lobbisi olmasına diqqət yönəltməklə həm Ermənistan rəhbərliyini xarici siyasət məsələsində daha sərbəst olmağa çağırıb, - o erməni lobbisi ki, Sərkisyan hakimiyyəti ilə hazırda heç də isti münasibətlərdə deyil, - həm də saxta soyqırım iddiasının Ankara tərəfindən heç vaxt tanınmayacağına diqqət yönəldib.


*****

Qardaş ölkə başçının işğalçı ölkəyə bu xəbərdarlığı daha iki aspektdən diqqət çəkir. Məsələ ondadır ki, yuxarıdakı açıqlama son vaxtlar Türkiyə ordu generallarının Bakıya intensivləşən səfərləri və “Sürix protokolları”nın əsas memarı olan ABŞ-la Türkiyə arasında gərginləşən münasibətlər fonunda verilib. Yəni Ərdoğan faktiki şəkildə İrəvana ultimatum kimi hədə, Bakıya isə generallar göndərir. Bu da İrəvana çox mühüm bir xatırlatmadır ki, işğal rejiminin sonsuzadək sürəcəyinə ümidlənməsin.

Əlavə edək ki, Türkiyə lideri zaman-zaman bənzər bəyanatlarla çıxış edir. Məsələn, bu ilin əvvəlində o bildirmişdi ki, Azərbaycana qarşı yeni təcavüz olarsa, Ermənistan öz qarşısında Türkiyəni görəcək.

*****

Gözlənildiyi kimi, Türkiyə prezidentinin açıqlamasına işğalçı ölkədə reaksiya özünü çox gözlətməyib. “Yeni Müsavat” xəbər verir ki, Ərdoğanın hədəsi ilə bağlı “Jamanak” qəzeti yazıb: “Türkiyə prezidentinin bu çıxışı ondan xəbər verir ki, Ankara yaza kimi türk-erməni protokollarına qayıtmaq niyyətində deyil - nə barədə ki, Sərkisyan BMT-dəki çıxışında buna işarə vurmuşdu. Həmin protokollar əslində XX əsrin əvvəllərində Rusiya-Türkiyə anlaşmasının təsdiqi və ”modernləşməsi"ndən savayı bir şey deyil. Yəni protokollar daha çox Moskva-Ankara əlaqələrini “təzədən formatlamaq”la bağlı idi, nəinki türk-erməni əlaqələrini".



1 in.am nəşrinin şərhçisi Sarkis Arsruni isə öncə Ermənistanın siyasi rəhbərliyi ilə erməni diasporunun mövqeləri arasındakı fərqə diqqət çəkməklə dolayasıyla Ərdoğanı yanlış yanaşmada qınayır: “Şübhəsiz ki, Ermənistanın və erməni diasporunun gündəliyinin eyni olduğunu və ya formalaşmış ümumerməni gündəminin olmasını iddia eləmək doğru olmaz. Diasporun özü nə siyasi mövqe baxımından, nə də dəyərlər oriyentirləri və ya düşüncə planında yekdil deyil. Yəni hətta Türkiyə məsələsində erməni lobbisinin vahid mövqeyindən danışmaq yersizdir”.

Musavat.com-un məlumatına görə, müəllif əksinə, iddia edir ki, Sərkisyan lobbinin güclü təsiri altında deyil və sərhədlərin açılmasının vacibliyi məsələsində diasporun müqavimətini qıra bilib: “Sərkisyan şəxsən icmaları gəzərək, diasporun müqavimətini qırmağı bacarıb, türk-erməni barışığında Ermənistanın roluna inandıra bilib. Təəssüf ki, eyni şey Ərdoğana müyəssər olmadı. Çünki onu ön şərtləri protokolların ruhuna uyğun deyildi. Bu şərtlər Ermənistanın təcridinin davam edəcəyi ilə bağlı son şantajla birgə mahiyyət etibarilə Bakının istəyidir. Zaman göstərdi ki, Ərdoğan Azərbaycan faktorundan qurtula bilməyib”.

Bu, heç mümkün də deyil. Ona görə ki, Türkiyə hakimiyyətinin başında kimin durmasından asılı olmayaraq, Qarabağ məsələsi iki qardaş ölkənin ortaq dərdi olaraq qalacaq. Bunun əksini gözləyənlər boşuna gözləyir.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.