Dünya yeni bir epoxaya daxil oldu - Din savaşı başlayır - Şərh

7-12-2017, 14:04   


Tramp uzun müddətdir müzakirələrə səbəb olan Qüds məsələsini yenidən gündəmə gətirməyi bacardı. Dedi ki, “Mən Qüdsü İsrailin paytaxtı kimi tanıyıram”. Bu bir cümlə bütün siyasət aləminin və İslam dünyasının sərt reaksiyasına səbəb olub.

Sözügedən məsələni “A24.az”a geniş şəkildə şərh edən politoloq Nazim Cəfərsoy “Bu hələ Qüdsün İsrailin paytaxtı olması demək deyil” ifadəsini işlətdi.

Politoloqla olan kiçik müsahibəni təqdim edirik:



“Bir ölkənin özünə paytaxt elan etmə hüququ var. Amma Qüds bir qədər fərqli nümunədir. Həm İsrail və Fələstinin yaranma prosesi, həm də onun paytaxt məsələsi BMT və beynəlxalq sistemin tənzimlədiyi əsaslarda müəyyənləşməlidir. Yəni orda İsrail və Fələstin necə olacaq, hansı formada qəbul olunacaq? Bütün bunlar Birləşmiş Millətlərin qərarlarında konkret əks olunan 1947 və 1967-ci ildə ortaya çıxarılan bir prosesdir. Dolayısı ilə Qüdsün İsrailin paytaxtı elan edilməsi həmin illərdə öz əksini tapmayıb. Tam tərsinə, çox ziddiyyət təşkil edən qərarlar var. Orda Qüdsün İsrailin paytaxtı olacaq söhbəti yoxdur.

İndi İsrailin uzun müddətdir “Qüds bizim paytaxtımızdır” deməsi ya da başqa bir ölkənin – bu dünyanın ən böyük ölkəsi də ola bilər, Amerika prezidentinin çıxıb “İsrailin paytaxtı kimi Qüdsü tanıyırıq” deməsi beynəlxalq hüquq baxımından xüsusi ziddiyyət təşkil edir. Yəni Qüdsün statusu ilə bağlı dünyanın hər hansısa bir ölkənin beynəlxalq qanunvericilikdə Amerikanın da, İsrailin də ona uymaq məcburiyyəti var. Bu mənada məsələyə baxanda Amerikanın Qüdsü paytaxt elan etməsi beynəlxalq qanunvericiliyə ziddir. Bu işin hüquqi tərəfi…

Məsələnin siyasi tərəfi isə dünyanın ən önəmli dövlətinin İsrailin paytaxtının Qüds olaraq tanıması və səfirliyini ora göndərəcəyini elan etməsi siyasi baxımdan ciddi problemlər yaşadacaq. Bəs niyə Tramp bunu elədi? Bilirsiniz, bu iki şeydən qaynaqlanır. Birincisi, Tramp mövcud sistematikliyi qəbul etməyən, həddindən artıq buna qarşı çıxan bir anlayışla hərəkət edir. Bu həm onun xarakterindən, həm də təmsil etdiyi dünyagörüşündən qaynaqlanır.

İkincisi, hal-hazırda Trampın belə bir qərar verməyinin səbəbi onun daxildə çox ciddi şəkildə problemlərlə qarşı-qarşıya gəlməsidir. Trampın ətrafına topladığı komandadan çoxlu sayda insan istefa verib. Bəziləri Federal Təhqiqatlar Bürosu ilə əməkdaşlığa başlayıblar. Trampın yaxın adamlarından Milli Təhlükəsizlik müşaviri müəyyən etiraflara və əməkdaşlıq etməyə başlayıb. Trampın kürəkəninin Rusiya ilə əlaqələri barədə ciddiləşən məhkəmə prosesi var. Bütün bunlar Trampı siyasi gələcəyinə dair bir çox məsələləri aktual hala gətirib. Tramp da bu mərhələdə prosesdən canını qurtarmaq üçün Amerika siyasətindəki ənənəvi aktyora – Yəhudi Lobbisinə müraciət edib. Onun vasitəsiylə, siyasətdəki ağırlığından istifadə edərək özünün mövqeyini gücləndirməyə çalışır. Çünki bu impiçmentin həyata keçirilə biləcəyi konqres və digər qurumlar üzərindəki İsrail lobbisinin gücündən istifadə etməyə çalışır”.

Bəs Tramp bu qərarla İsrailə yaxşılıq etdi, yoxsa onu burulğana soxdu?

-Əslində, təkcə Amerika olmadığı kimi, təkcə İsrail də yoxdur. Çünki İsraildəki mövcud hakimiyyət, Netanyahunun bu məsələyə daha radikal yanaşması, İsrailin gələcəyi ilə bağlı dünyagörüşü, həm də Netanyahunun bunun üzərindən öz siyasi gücünü artırmaqdır. Onlar düşünürlər ki, hal-hazırda Yaxın Şərqin bu qədər qarışdığı bir vaxtda Qüdsün paytaxt elan edilməsi üçün ən uyğun zamandır. Təbii ki, Amerikanın bunu tanıması prosesə bir legitimlik gətirir. Amma bu regionda hadisələri daha ağır vəziyyətlərə gətirəcək. Onsuz da Yaxın və Orta Şərqdə proseslər yetərincə gərgindir. Aktual İŞİD preoblemi var, aktual olan İran problemi var, indi də Qüds problemi yaradıldı. Əslində bu məsələ bir az problemlərdən geri qalmışdı, amma yenidən dünya və islam dünyasının gündəminə gətirərək, bir nömrəli problemə çevirməyə başlayıblar.

Açıq danışsaq, bu, regionda çox ciddi gərginliyə səbəb olacaq. Yaxın Şərq regionunda radikallaşmanı daha da artıracaq, çünki dünyanın ən yumşaq siyasi liderləri belə məsələyə sərt reaksiya veriblər. Hədəfdə İsrail və ABŞ olacaq. Yəni bu iki ölkəyə qarşı radikal hərəkatların baş verməsinə zəmin yaranacaq. Buna Hizbullah və İranın İsrailə yönəlik radikal mövqeyini artıracaq, onlara qarşı daha da fəallaşacaqlar. Digər tərəfdən də İŞİD-in əlində Qüds üzərindən Qərb ölkələri və Amerikada yeni təhdidlər yaratmaq üçün ideoloji çərçivə yaratmış olacaq.

ABŞ-ın qazancı nə ola bilər?

-Düzü, bu proseslər beynəlxalq münasibətlər sistemində ABŞ-ın getdikcə mövqeyinin itirməsinə və rasionallaşmasına gətirib çıxarır. ABŞ siyasətinin ən əhəmiyyətli nümunələrindən biri rasionallığa və praqmatizmə əhəmiyyət verməyidir. Əslində bu yeni problemlər çıxartmaq deyil, onların həllində iştirak etməsidir. Amma burda Trampın bu addımı nəinki sülhə, sabitliyə, ya da problemin həllinə xidmət edir, tam əksinədir. Bunlar daha böyük gərginliyin çıxmasına səbəb olur. Açıqcası bunu Yaxın Şərq regionu üçün gərginliklərin yaranmasına böyük bir katalizator, bomba atılması kimi xaraktyerizə etmək olar. Və bu problemlər bizə də mənfi təsirlər göstərəcək.

Tramp həqiqətən prezidentdir, yoxsa kənar qüvvələr tərəfindən idarə olunan bir təlxək?

-Normalda görünən odur ki, ABŞ-ın legitim seçilmiş prezidentidir. Sözsüz ki, onun qərarlarında müxtəlif aktyorların, fiqurların rolları var. Tramp təkbaşına deyil, bütün ölkələrin liderləri təkbaşına qərar vermirlər. Müxtəlif maraq dairələrin, legitim və qeyri-legitim aktyorların görüşlərindən istifadə edirlər. Amerika dövlət idarə etməsində, prezidentin qərarlarının qəbul edilməsi prosesində müxtəlif maraqları legitimləşdirən ölkələrin başında durub. Çünki konkret olaraq o ölkədə lobbiçilik qanunvericiliyə uyğun şəkildə tənzimlənir. Yəni orda lobbiçilik etmək ayıb sayılmır. Mən prosesləri Trampın idarə etməyə çalışdığını düşünürəm, amma nə qədər bacarlıqlıdır, bu artıq ayrı bir mövzudur.

Azərbaycana çox ciddi mənfi təsir göstərəcək…

-Burda iki cəhətdən problem yaranacaq. Birincisi, bölgədə gərginliyin artması radikallaşmanı və cəbhələşməni artıracaq. Azərbaycan isə tarazlıq siyasətini yürüdür. Dolayısı ilə müxtəlif mərkəzlər arasındakı gərginləşmə istər-istəməz Azərbaycanın bu məsələdə mövqe göstərməsini tələb edir. Tərəflər zaman-zaman Azərbaycandan bu məsələdə mövqe almasını istəyə bilər.

İkincisi, Qüds məsələsi İslam dünyası ilə, İsrail və Qərb arasındakı vəziyyətləri çox gərginləşdirib. Azərbaycan müsəlman bir ölkədir, eyni zamanda həm İranla, İsraillə, həm də Fələstin, ABŞ və Türkiyə ilə yaxşı münasibətləri olan bir ölkədir. Amma bu Qüds məsələsi ortaya atılandan sonra Azərbaycanın ordakı mövqeyi bu ölkələrlə münasibətə təsir edə bilər. Məsələn, İsrailin bu dəfə ərəb dünyasına qarşı mənfi imici daha güclənəcək, bu isə ərəb dünyası ilə gözəl münasibətlərdə olan ölkələrə təsir edə bilər. Azərbaycan da bu ölkələrdən biridir. Odur ki, Azərbaycan-İsrail münasibətlərinə yönəlik mənfi reaksiyalar, müxtəlif tezislər gündəmə gələ bilər. Yəni bu da İsrail-Azərbaycan münasibətlərində proseslərin inkişafına dayandırıcı təsir edə və ya inkişafında ləngimələrə səbəb ola bilər.

Üçüncüsü, Qüds məsələsinə həssasiyyət artır, bu da ölkə daxilində bu həssasiyyətə olan təbəqələri, həm də bunu istifadə edərək kənardan ölkəyə müdaxilə etmək istəyən aktyorların Azərbaycanda fəallaşmasını gündəmə gətirə bilər. Bu da ölkədə siyasi gərginliyin artmasına, həm də Azərbaycan-İran münasibətlərinin Qüds məsələsi üzərindən müəyyən problemlər yaşamasına gündəmə gətirir.

Bundan başqa bölgədə bu qədər gərginliyin artmasıni belə izah etmək olar: Orta Şərq regionunun dalğalı dəniz olduğunu düşünün. Sizin sahilə yaxın bölgədə ciddi tufanlar, dalğalar, fırtınalar baş verir. Və siz də bu dənizdə öz gəminizi idarə etməyə çalışırsınız. Dəniz nə qədər fırtınalı olsa, sizin orda böyük risklərlə qarşılaşmanız və o gəmini idarə etməyiniz daha çətin olacaq. Dolayısı ilə Azərbaycanın baş verən hadisələrdə ayaqda qalması daha da çətinləşəcək.

Firuzə Alimova / A24.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.