Son dövrlər Putin üçün hədsiz ağır keçir. Neft böhranı, rublun məzənnəsinin düşməsi, sanksiyalar və sairə. Axırıncı üç ildə Rusiya iqtisadiyyatı daima sarsıdıcı zərbələr yeyərək, ölüm və yaşam həddinə gəlib çatıb. Hal-hazırda Rusiya iqtisadiyyatı hərtərəfli böhrana bürünmüş hala düşüb. İqtisadi geriləmə, ixracın azalması və dollara nisbətdə rublun devalvasiyaya uğraması Rusiyanı daha dərin böhrana sürükləyir. Ticarətin daralması, yüksək inflyasiya, kapitalın ölkədən çıxması və digər makroiqtisadi faktorlar mikroiqtisadiyyata təsir göstərməyə başlayır. İndi Rusiya iqtisadiyyatı küncə qovulmuş vəhşi heyvana bənzəyir. Ağ ayı Sovet İttifaqının dağılmasından sonra ən ağır iqtisadi böhranla qarşılaşıb.
Gələn məlumatlara görə, Çin Moskva-Kazan yüksəksürətli dəmir yolunun tikintisi üçün 400 milyard rubl həcmində kredit verəcək. Çinin “İxrac-idxal bankı” və “Dövlət inkişf bankı” Rusiyanın “Yamal sıxılmış təbii qaz” istehsal zavoduna 93 milyard avro və 9,8 yuan həcmində kredit ayırıb. Çin kapitallı yaxın zamanlarda Rusiyanın Uzaq Şərq bölgəsindəki kənd təsərrüfatı layihələrinə kreditlər ayırmağa başlayacaq. Bir həftədən az bir müddət ərzində Çin Rusiyaya yüz milyard dolard həcmində kredit buraxıb. Göründüyü kimi, Rusiya iqtisadiyyatı elə kökə düşüb ki, kömək üçün Çindən xahiş etmək məcburiyyətində qalıb.
Digər yandan, Rusiya iqtisadiyyatı neftdən və təbii qazdan çox asılıdır və ölkənin Ümumi Daxili Məhsulunun üçdə biri bu resursların payına düşür. Həm də ki, neft və qaz Rusiya ixracının 70%-ni təşkil edir. Neftin və qazın qiymətinin yüksək olduğu illərdə iqtisadiyyat nəinki tamamilə xilas edilmişdi, hətta onun dayaqları əsaslı şəkildə möhkəmlənmişdi. Lakin 2014-cü ildən meydana çıxan şist qaz inqilabı və Çindəki iqtisadi düşüş, xam neftə olan tələbatı azaltdı. Əsas təbii resursların qiyməti sürətlə düşməyə başladı. Neftin bir barelinin qiyməti 105 dollardan 30 dollara, təbii qazın min kub futunun (1 ft təxminən 30 sm) qiyməti 4,43 dollardan 1,76 dollara yuvarlandı. Nəticədə Rusiya iqtisadiyyatı öz əvvəlki, yəni ilkin vəziyyətinə qayıtdı.
Son zamanlar Rusiya qeyri-adi şəkildə sərt olub, xüsusən də Ukrayna məsələsində. Buna görə onun Qərb ölkələri ilə münasibəti kəskin pisləşib. Nəticədə ABŞ və Avropa Rusiyaya qarşı iqtisadiyyat, energetika və digər sferalarda bir sıra sərt sanksiyalar tətbiq edib. Rusiya enerji resurslarının ixracına və xaricdən borc götürülməsinə məhdudiyyətlər qoyulub.
Avropa–Amerikan sanksiyaları rublun çökməsinə gətirib çıxardı. İnflyasıyanı nəzarət altına almaq və valyuta məzənnəsini sabitləşdirmək üçün, Rusiya Mərkəzi Bankı uçot faiz dərəcələrini kəskin yüksəltdi. Bu isə banklarda pul qıtlığı yaratdı. Məzənnənin sabitləşdirilməsindən ötrü ölkənin valyuta ehtiyatlarından istifadəyə baş vuruldu. Rusiyanın valyuta ehtiyatı 500 milyard dollardan 300 milyard dollara qədər azaldı. Ümumi yekunda bu tədbirlər rublu xilas edə bilmədi. Mərkəzi Bankın müdaxilədən imtina etməkdən başqa çarəsi qalmadı. Belə olan halda rubl bir gecənin içində çökdü.
Rusiya hökuməti əsasən neft gəlirlərinə söykənir. İqtisadiyyatı stimullaşdırmaq üçün investisiyaların həcmi artırılmalıdır. Keçən il Rusiyadakı büdcə kəsiri 1,95 trilyon rubla kimi artıb. Rusiyanın xilası naminə artıq dövlət müəssisələrinin səhmləri satışa çıxarılıb. Valyuta və maliyyə dağılır. Rusiya varlılar və kasıblar arasındakı bərabərsizlik indeksinə görə, dünyanın ən pis göstəricisinə malik olan ölkələrlə eyni sırada yer alır. Ölkənin varlı və kasıb əhalisi arasındakı hədsiz uçurum Rusiya iqtisadiyyatına ölüm hökmü çıxarıb. Rusiya iqtisadiyyatı xarici və daxili xarakterdən irəli gələn çətinliklər keçirir və o artıq öz gücünə söykənərək bunun öhdəsindən gəlmək qabiliyyətində deyil. Rusiya bu dəfə kömək üçün Çinə müraciət edib. Bu küncə dirənmiş vəhşi heyvanın son döyüşüdür. Əgər gələcəkdə neftin qiyməti qalxmayacaqsa və sanksiyalar zəiflədilməyəcəksə, onda ola bilər ki, rublun yeni düşüşü yaşansın. Belə olan halda isə ölkədəki iqtisadi böhran daha da dərinləşəcək.
(Sina.com-Çin)