İRANDAKI ETİRAZ AKSİYALARINDA “ŞULUĞ ŞEYTAN” NİYƏ SUSDU?

8-01-2018, 12:09   






İranda son siyasi-sosial çalxalanmada heç səsi çıxmayan Mahmud Əhməinejadın birdən-birə yanvarın 6-də “tvit”lə, daha sonra saxta həbs xəbəri ilə gündəmə gəlməsi gözlənilməz idi. Çünki sabiq prezidentdən şifahi və ya yazılı açıqlama, əksəriyyətin fikrincə, məhz etiraz dalğasının yüksəldiyi dövrə təsadüf etməliyidi. Odur ki, indi bir çox müşahidəçilər Əhmədinejadın susqunluğuna məntiqli izah axtarırlar.

“Comhuri-ye İslami” qəzetinin fikrincə, ölkənin bəzi bölgələrində, xüsusilə şərqdəki kiçik və böyük şəhərlərdə baş vermiş son sosial böhran zamanı ictimai rəy, o cümlədən cəmiyyətin aşağı və iqtisadi cəhətdən zəif təbəqələri Əhmədinejadın populizminə hələ də ümid edirlər. Onlar sabiq prezidentdən dəqiq və qətiyyətli mövqe sərgiləyəcəyini gözləyirdilər…

Əbəs!

“Əhmədinejadın bu məsələdə bitərəfliyi əsla gözlənilən deyildi”, – deyə “Comhuri-ye İslami”də nəticə çıxarılır.

Lakin necə olursa-olsun, Əhmədinejad səssiz qaldı!

Bununla belə, o, hətta öz susqunluğu ilə etirazların gündəminə düşə bildi. “Sepah” komandanı Cəfəri insanları etirazlara səsləyən şəxslərdən birinin sabiq prezidentin və ona məxsus olduğu deyilən “amadnews” olmasına eyham vurdu.

Əslində, susqunluq hicri-şəmsi 1397-ci il (miladi təqvimlə 2018-2019-ci illər) dövlət büdcəsi layihəsinin İran parlamentinə təqdim olunduğu gündən pozulmalı idi. Çünki Həsən Ruhani hökumətinin qanun layihəsində ciddi ixtisara düşən bəndlərdən biri aylıq sosial müavinətlərin həcminin və onları alan təbəqənin məhdudlaşdırılmasıdır.

2010-cu ildən etibarən tətbiq olunan və əhalini müəyyən dərəcədə ələbaxımlılığa alışdıran bu siyasətdən imtina etirazın səbəblərindən biri ola bilərdimi? Əlbəttə. Amma Əhmədinejad bu mövzuda səs çıxarmadı. Bəlkə də ona görə ki, – əksəriyyətin fikrincə, – son hadisələrin səbəbi məhz onun hökumətinin qoyduğu miras və etirazların yatırılmasından sonra verilən ilk rəsmi şərhlər bu gün qayıdışa can atan həmin siyasi spektrə ciddi xəbərdarlıqdır.

“Hazırda Məsləhət Şurasında təmsil olunan sabiq prezident daha çox aqibəti ilə qayğılanır”, – nəticəsi çıxaran “Fararu” nəşri yəqin ki, haqlıdır. Başqa sözlə, Əhmədinejad 2017-ci ildə onu prezident seçkilərindən kənarlaşdıran Nəzarətçilər Şurasına qərarının təsdiqi kimi əlavə əsas vermək istəmirdi, buna görə də, səssiz qalmağa üstünlük verdi.

“Onsuz da bu gün siyasi ədəbiyyatda onun davranışı deviant (cəmiyyətin hakim əxlaqi və hüquqi normalarına zidd hərəkət etmə – Ə.R.) adlandırılır, bəzi digər siyasi qruplar və sistemin fəal və nüfuzlu şəxsləri isə tərəfdarları isə bu fəaliyyəti hətta qiyam, nizam (siyasi sistem) əleyhinə fəaliyyət kimi qiymətləndirirlər”, – deyə “Fararu” yazır. Bu, həqiqətə yaxın rəydir, çünki Əhmədinejadın mənəvi atası sayıla biləcək Ayətullah Misbah Yəzdi kimi nüfuzlu sima da artıq sabiq prezidentin yoldan sapdığını açıq şəkildə dilə gətirir.

Doğrudur, Əhmədinejad hələ də siyasi katalizator olmağa çalışır, virtual şəbəkələrdə yüksək səslə qışqırırdı. Lakin “o, artıq nizamın (siyasi sistemin) iradəsi əleyhinə gedir, Ali Dini Liderin tövsiyələrini vecinə almır”, məhkəmə hakimiyyəti və parlament rəhbərinin mənsub olduğu Laricani ailəsini hədəfə alırdı.

Bəlkə də sabiq prezident ümid edirdi ki, kütlənin hazırkı hökumətdən məyusluğu son nəticədə təkcə küçələrə çıxan etirazçıların deyil, həm də “osulgəran” adlanan prinsipçilərin tələbi ilə Həsən Ruhaninin impiçmenti ilə nəticələnəcək. Nəticədə, ölkədə yeni prezident seçkiləri keçiriləcək, özü və tərəfdarları yenidən hakimiyyət zirvəsinə yüksələcəklər.

Belə bir niyyət vardısa da, alınmadı.

Bəs sonra?

Dili dinc durmayan Əhmədinejad son “tvit”i (“Ölkəmizdə bir çox insanlar öz güzəranını təmin etməkdə acizdir, lakin bəzi insanlar dövlətin pulu ilə müalicə üçün Avropa ölkələrinə gedirlər”) artıq gələcək konspiroloji ssenarilərdə öz adı ilə birgə çəkilən başqa bir şəxsi hədəfə alır. Aydındır ki, o, hazırda Almaniyadakı bir klinikada beyin xərçəngindən müalicə olunan Ayətullah Haşimi Şahrudinin bostanına daş atır. Bununla da güvəndiyi mühafizəkar qanadda son tərəfdarlarını belə özündən kənarlaşdırır.

Bismark necə deyirdi? "Gəncliyində inqilabçı, yaşlı vaxtı mühafizəkar olmayan adam axmaqdır"…

Siyasi tənhalığa sürüklənən sabiq prezidentin gərgin günlərdə susqun qalması isə hələ də beyinləri qurcalayır. Buna görə də, Əhmədinejadın son “tvit”inə təpki çox kəskindir:

“تو شلوغیا کجا بودی شیطون” – "Bəs sən harada idin, şuluğ şeytan?.."

Əziz Rzazadə

Strateq.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.