“İfadə azadlığına hörmət etmə üzrə qarşılıqlı ATƏT öhdəlikləri və beynəlxalq öhdəliklər nəzərə alınmaqla, Kanada və Amerika Birləşmiş Ştatları yanvarın 12-də azərbaycanlı jurnalist Əfqan Muxtarlının altı il müddətinə azadlıqdan məhrum edilməsi hökmü ilə bağlı narahatdır.”
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin ATƏT-də Kanada Nümayəndə Heyəti / ATƏT-də ABŞ-ın Missiyasına istnadən yaydığı birgə bəyantında deyilir.
Bəyanatda deyilir ki,deyilənlərə görə Muxtarlı mayın 29-da Gürcüstanda qaçırılmış və sonradan Azərbaycanda qaçaqmalçılıq və əlaqədar ittihamlarla həbs edilmişdir; geniş dairələr bunun siyasi motivli olduğunu hesab edir.
“Kanada və Birləşmiş Ştatlar Azərbaycan hökumətini cənab Muxtarlını və əsas azadlıqlarından istifadə etdiklərinə görə məhkum olunmuş digərlərini azad etməyə çağırır. Biz qaçırılma faktı ilə bağlı Gürcüstandakı istintaqı yaxından izləməyə davam edirik və gürcüstanlı həmkarlarımızdan məsələ ilə bağlı yeni məlumatlar tələb edirik.”deyə bəyanatda vurğulanıb.
Gürcüstandan oturum izni almış Əfqan Muxtarlı 2017-ci il mayın 29-da müəmmalı şəkildə saxlanıb. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.
Ona Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb. İttihamda iddia olunur ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb.
Bu il yanvarın 12-də 6 il müddətinə azadlıqdan məhrum edilən Əfqan Muxtarlı ittihamları rədd edərək, həbsini “siyasi sifariş” adlandırıb.
Ötən il dekabrın 31-də Əfqan Muxtarlının bacısı, bacısı və qardaşı uşaqlarının meyiti mənzillərində tapılıb. Hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, ölümlər dəm qazından baş verib. Həmin hadisə ilə bağlı cinayət işi açılıb.
Əlaqəli qurumlar Əfqan Muxtarlının əzizlərinin dəfn mərasiminə buraxılmasına icazə verməyiblər.