Rusiya bankirlərinin ABŞ-ı hədələməsinin pərdəarxası

25-01-2018, 09:44   

Rusiya bankirlərinin ABŞ-ı hədələməsinin pərdəarxası

Şahin Cəfərli: “ABŞ-ın yeni sanksiya planı böyük narahatlıq yaradıb”

Rusiya bankirlərindən ABŞ-a növbəti hədə gəlib. “Financial Times”ın yazdığına görə, “Sberbank”ın rəhbəri German Qrefin ardınca VTB-nin başçısı Andrey Kostin də ABŞ-ın tətbiq etdiyi sanksiyaların müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, ABŞ-ın Rusiya üzərinə bundan sonra da sanksiyalar qoyması “müharibə elan edilməsinə” bərabər sayıla bilər.

Andrei Kostin deyib ki, ən böyük təhlükə Avropada çox sayda silahların konsentrasiya olunmasındadır. Onun fikrincə, belə bir hal NATO və Rusiya qüvvələri arasında toqquşmaya səbəb ola bilər: “NATO Avropada çox sayda silah toplayır və Rusiya heç şübhəsiz buna eyni şəkildə reaksiya verəcək. Bundan kim qazanacaq? Yalnız generallar və silah istehsalçıları. Amerika deyir ki, Avropa silahlanmaya indikindən çox xərcləməlidir. Bu, kimə lazımdır?”

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi bu yaxınlarda Konqresə cənab Putinə yaxın olan oliqarx və “yarımdövlət biznes vahidlərinin” siyahısını təqdim etməlidir. Bu siyahı Rusiyaya qarşı növbəti sanksiyalar üçün baza rolunu oynayacaq.

“Financial Times” yazır ki, Rusiyanın dövlətin nəzarətində olan iki ən böyük bankı - VTB və Sberbank ABŞ-ın onları Swift beynəlxalq banklararası ödəniş sistemindən kənarlaşdıra biləcəyindən narahatdır.

Kostin deyir: “Düşünürəm ki, vəziyyət "soyuq müharibə" zamanında olduğundan daha təhlükəlidir. Məncə, Amerika odla oynayır, çünki münasibətlər pisdən betərə doğru gedir və buna görə məsuliyyəti biz daşımırıq. Bir-birinə yaxın məsafədə o qədər silah var ki. Nə desən baş verə bilər. - Kostin deyib, - Ola bilər, bu nüvə müharibəsi olmasın, amma bu bizim münasibətlərimizi daha da pisləşdirəcək. Suriyada, Baltikada və ya hazırda Amerika gəmilərinin üzdüyü Qara dənizdə bundan sonra nələrin baş verə biləcəyini kim bilir?..”(BBC)


Politoloq Şahin Cəfərli hesab edir ki, Andrey Kostin müharibə ehtimalından bəhs edərək məsələni məqsədyönlü şəkildə həddən artıq şişirdib: “Düşünürəm ki, cənab Kostin 29 yanvar 2018-ci il tarixi ərəfəsində ABŞ siyasi rəhbərliyinə, Tramp administrasiyasına mesaj göndərir ki, sanksiyalar məsələsində çox dərinə getməsinlər. Həmin tarixdə ABŞ hökuməti 2017-ci ilin iyulunda Konqresdə qəbul edilən və avqustun 2-də prezident Tramp tərəfindən imzalanan yeni sanksiya qanununa (CAATSA) uyğun olaraq Rusiya prezidenti Vladimir Putinə yaxın oliqarxların, iş adamlarının, özəl və dövlət sektorundakı bossların adlarının, eləcə də onların malik olduqları sərvətin və aktivlərin siyahısının qeyd olunacağı geniş hesabatı Konqresə təqdim edəcək. Konqresin isə bu siyahı əsasında həmin şəxslərə qarşı növbəti sanksiyaların tətbiqi barədə qanun qəbul edəcəyi gözlənilir. Əvvəlkilərdən fərqli olaraq, budəfəki sanksiyalar daha ağrılı olacaq. Çünki təkcə yuxarıda qeyd olunan kateqoriyaya aid fərdlərə yox, həm də onların ailə üzvlərinə qarşı sanksiyaların tətbiqi gözlənilir. Bunun səbəbi odur ki, həmin şəxslərin bir çoxu malik olduğu sərvəti ailə üzvlərinin adına keçirib, hətta bəziləri öz həyat yoldaşından rəsmən ayrılaraq sərvətini onun adına sənədləşdirib. Konqres sanksiya qanununu hazırlayarkən bu məsələni qabaqcadan nəzərə alıb. Bu səbəblə, yeni sanksiyalardan yayınmaq çox çətin olacaq”.

Digər ağrılı məqam odur ki, sanksiya siyahısına düşəcək şəxslər dollar sistemindən təcrid ediləcək. Ş.Cəfərlinin sözlərinə görə, bu şəxslərin həm ABŞ-dakı aktivləri, mal varlıqları dondurulacaq, həm də onlar, ümumiyyətlə, ABŞ bank sistemindən istifadə edərək biznes aparmaq imkanından məhrum ediləcəklər: “ABŞ bank sistemindən məhrum olmaq isə dolayısı ilə Avropa bank sistemindən, yəni avrozonadan da təcrid olunmaq deməkdir. Çünki əvvəla, Avropa bank sistemi ABŞ bank sistemi ilə əlaqəli şəkildə çalışır. İkincisi isə CAATSA (Amerikanın düşmənlərini sanksiyalar vasitəsilə cəzalandırmaq) qanununda göstərilir ki, ABŞ-ın sanksiya siyahısına düşəcək fərdlər və qurumlarla böyük biznes quran üçüncü tərəflər də sanksiyaya məruz qalacaq. Yəni sanksiya altındakı rusiyalılarla birgə iş görmək istəyən avropalılar da bundan çəkinmək məcburiyyətində qalacaqlar. Bu səbəblə, A.Kostinin narahatlığı başadüşüləndir”.

Politoloq deyir ki, ABŞ Rusiyaya təzyiqləri getdikcə artırır: “Obama dövründə əsası qoyulan bu siyasət Moskvanın gözləntilərinin əksinə olaraq, Tramp dövründə nəinki səngimədi və dayanmadı, tam əksinə, gücləndi və uzunmüddətli dövlət siyasəti halına gəldi. Məlum olduğu kimi, Tramp ötən ilin dekabrında yeni Milli Təhlükəsizlik Strategiyasını elan etdi. Həmin strategiyada Rusiya və Çin ”ABŞ-ın dəyərlərini və qlobal liderliyini sarsıtmaq istəyən rəqib dövlətlər" kimi təqdim olunur və onların bu təftişçi beynəlxalq fəaliyyətinə qarşı mübarizə aparılacağı bildirilir. Bu sənəd ABŞ-ın digər müvafiq institusional sənədləri üçün baza rolunu oynayır. Belə ki, Pentaqonun yeni Milli Müdafiə Strategiyasında son 15 ildə ilk dəfə olaraq terrorizm 1 saylı təhlükə kimi göstərilmədi və onun yerini başqa dövlətlərdən qaynaqlanan təhlükələr aldı. ABŞ-ın maraqlarına əsas təhlükə törədən dövlətlər kimi Rusiya, Çin, İran və Şimali Koreya qeyd olunub, terrorizm isə sıralamada beşincidir. Bu təhlükələrə qarşı ABŞ-ın öz ordusunu və NATO-nu daha da gücləndirəcəyi bildirilib. Trampa təqdim olunan yeni “Nüvə siyasətinin icmalı” layihəsində isə nüvə silahının hansı hallarda tətbiq olunacağı ilə bağlı yeni yanaşmalar əksini tapıb. Belə ki, daha əvvəl ABŞ-ın ona qarşı nüvə və ya kimyəvi-bakterioloji silahlarla hücum olacağı təqdirdə nüvə silahını tətbiq edəcəyi göstərildiyi halda, yeni sənəddə ABŞ-ın vacib infrastrukturuna (elektrik, rabitə şəbəkələri və s.) dağıdıcı kiberhücumlar ediləcəyi təqdirdə də buna nüvə zərbəsi ilə cavab veriləcəyi qeyd olunub. Bundan başqa, ABŞ məhdud dağıdıcı gücə malik nüvə başlıqları, sualtı və suüstü gəmilər üçün nüvə başlıqlarına malik yeni ballistik və qanadlı raketlər yaradacağını da elan edib. Az gücə malik nüvə başlıqları onların tətbiq olunması riskini artırır. Bütün bunları nəzərə alaraq Andrey Kostinin xəbərdarlığının əsaslı olduğunu düşünmək olar".

Ş.Cəfərli onu da qeyd edir ki, “soyuq müharibə” dövründən də məlumdur ki, bu cür siyasət daha çox qarşı tərəfi çəkindirməyə və zəiflətməyə yönəlib: “ABŞ Rusiyanın Gürcüstan və Ukraynaya hərbi müdaxilələrlə başlayan neoimperial, revanşist siyasətini və Qərbin hegemonluğuna əsaslanan mövcud dünya düzənini təftiş etmək cəhdlərini dayandırmaq, onu bu siyasətdən vaz keçirmək istəyir. Bütün bu kompleks addımlar - iqtisadi sanksiyalar, hərbi tədbirlər, NATO-nun Rusiya sərhədlərində öz hərbi infrastrukturunu qurması məhz bu məqsədin həyata keçirilməsinə yönəlib. Digər tərəfdən, Rusiyanı bu addımlara cavab verməyə, yəni silahlanma yarışına təhrik edərək onun öz məhdud resurslarını tükətməsi nəzərdə tutulub. Rusiyanın siyasi və biznes dairələri hadisələrin bu cür inkişafından çox narahatdır. Putinin növbəti 6 illik müddətə prezidentliyə davam qərarı verməsi bu baxımdan qeyri-müəyyənliyi xeyli artırıb. ABŞ Rusiyanın geri addım atdığını görmədən öz siyasətindən vaz keçməyəcək, Putin isə hələlik geri çəkilmək istəmir. Bu durum gərginliyi xeyli artırsa da, mən bu yeni ”soyuq müharibə"nin qaynar mərhələyə keçəcəyinə inanmıram, çünki söhbət böyük nüvə arsenalına malik ciddi dövlətlərdən gedir".

Dünya SAKİT,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.