“AAAF Park” “Azərbaycanlı çoban”a verdiyi otağı ondan alıb: “Məndən reklam üçün istifadə etdilər” – VİDEO

25-01-2018, 22:27   
“AAAF Park” “Azərbaycanlı çoban”a verdiyi otağı ondan alıb: “Məndən reklam üçün istifadə etdilər” – VİDEO

“O səs Türkiyə” mahnı yarışmasında ifası ilə böyük rezonans doğuran və “Azərbaycanlı çoban” kimi məşhurlaşan gənc ifaçı Pərvin Səfərov, həmin günlərdə “AAAF Park” tərəfindən pulsuz qalması üçün otaqla təmin olunmuşdu.

Bu xəbər bütün saytlarda, sosial şəbəkələrdə yayıldı və həmin günlərdə şirkətin yetərincə piar edilməsinə səbəb oldu. Hər kəs şirkətin bu addımını alqışladı. Amma indi məlum olub ki, onu həmin otaqdan çıxarıblar.

Minval.İnfo-ya danışan Pərvin Səfərov deyib ki, bu xoş xəbərin üstündən çox keçməmiş “AAAF Park” onu oteldən çıxarıb: “Mənim Bakıda qalmaqla bağlı sıxıntım var idi. Onlar mənə “facebook”dan yazmışdılar ki, dəstək ola bilərik. Zəng vurdum və dedim belə bir sıxıntım var. Dedilər gəl bura, sənə kömək olaq. Rayondan Bakıya gəlib “AAAF Park”ın rəhbərliyi ilə görüşdüm və mənə dedilər ki, ürəyin nə qədər istəyir burada qala bilərsən. Hətta bildirdilər ki, peşəkar olmasalar da, otelin restoranında musiqiçilər var, onlarla da məşğul ola bilərsən. Onu da əlavə etdilər ki, bizim səninlə bağlı planlarımız var, dəstəkləyirik səni. Mən də məmnuniyyətlə təklifi qəbul elədim və qalmağa yerim olmadığı üçün əşyalarımı “AAAF Park”ın otelinə yerləşdim. Həmin günlərdə başqa bir nəfər də mənə zəng edərək, ev məsələmi həll edə biləcəyini demişdi. “AAAF Park”ın bu addımından sonra həmin şəxsə təşəkkür edib, təklifini geri çevirmişdim.



Görüşdə mənə oteldən filan vaxtı çıxmalısan deyə vaxt qoyulmadı. Dedilər ki, ürəyin nə qədər istəyirsə, qal. Açığı, mən burada çox qala bilmirdim, gah kəndə gedirdim, gah da “O səs Türkiyə” yarışması ilə bağlı Türkiyəyə… Orada həftədə 1 və ya 2 gün qalırdım.

Ümumilikdə bəlkə “AAAF Park”ın otelində heç 20 gün qalmamışam. “O səs Türkiyə” yarışmasına getdim və 3-cü turdan keçə bilmədim, alınmadı. Mənim əsas məqsədim gəlib Bakıda təhsil almaqdır. Yarışmadan qayıdandan sonra otelə gəldim. Əvvəl burada mənim üçün ayrıca otaq verilmişdi. Lakin bu dəfə mənə belə deyək, ümumi otaqda yer verdilər. Dedilər ki, sənin qaldığın otaq başqasına verilib, müvəqqəti qal burda, sonra səni köçürərik digər otağa”.

Pərvin Səfərov deyir ki, oteldə bir-iki gündən qalandan sonra “AAAF Park” rəhbərliyi onu çağıraraq oteldən çıxmasını istəyib: “Bir-iki gün sonra müdiriyyət mənimlə görüşdü. Dedilər ki, səninlə burada qalmaq məsələni ilin sonuna kimi danışmışdıq. Burada qalmağın üçün gərək biz sənin üçün akt hazırlayaq, müqavilə imzalayaq, hər gecəsinə 80 manat pul ödəyirik. Halbuki əvvəl mənim burada ilin sonunadək qalma söhbətim olmamışdı.


Danışıqlarından anladım ki, getməyimi istəyirlər. Ona görə dedim ki, “Sabahdan çıxaram”. Söhbət əgər 10-15 gün orada qalmaqdan gedirdisə, mən narahatçılıqla da olsa qohumlarda qalardım. Axı, əvvəldən mənə belə deyilməmişdi. Mənə toxunan odur ki, bəri başdan mənə desəydilər işimi bilərdim. Bu mənə çox pis təsir elədi. Məqsəd nə idi, nə etmək istəyirdilər, bilmədim. Mənim orada qalma xəbərimi sağ olsunlar, saytlar xəbər etmişdilər və bu da “AAAF Park”ın dolayı yolla reklamı demək idi. Hər kəs də bildi ki, “AAAF Park” mənə dəstək olur. Ancaq bu gün “AAFF Park” mənə deyir ki, biz səninlə müəyyən vaxta qədər – ilin sonunadək danışmışdıq. Belə çıxır ki, mən “O səs Türkiyə”də mərhələni keçə bilmədim deyə çıxardılar? Hər şeyin səbəbi reklam idi? Məndən istifadə etdilər”.



“AAAF Park”ın marketinq şöbəsinin rəhbəri Rəşad Əliyev məsələ ilə bağlı münasibət bildirib. R.Əliyev deyib ki, məsələ heç də Pərvin Səfərovun dediyi kimi deyil:

“İnsan etdiyini deməz, amma həqiqəti deməyi özümə borc bilirəm. Ən azından Allah qatında işlədiyim müəssisəyə qarşı vicdanı vəzifəmi icra etmək üçün… İnternetdə onun dəstək istəyini görmüş, səsini bəyəndiyim üçün və bir Azərbaycanlı kimi ölkəmizi təmsil elədiyi üçün ona facebookda yazmışdım. Onu bura dəvət edib, lazımi köməyi edəcəyimizi dedim. O da bir tanışı ilə birlikdə gəldi. Onu AAAF Parkın təsisçisi ilə görüşdürdüm, qalmağına kömək etməyin lazım olduğunu bildirdim. O da razılaşdı və gərəkli addımların atılmasını tapşırdı.

Öz növbəmdə Pərvin Səfərovdan burada nə qədər qalacağını və dərslərinin nə qədər olacağını maraqlanmışdım, o da ilin sonunda və ya yeni ilin ilk həftəsində yarışmaya gedəcəyini demişdi. Hətta bir neçə dəfə müddət müəyyən deyildi.. Tez də ola bilər demişdi.. O vaxta müvəqqəti dərslər alması gərəkdiyini və dəstəyə ehtiyacı olduğunu bildirmişdi. Biz də onu Parkdakı otelimizdə yerləşdirdik, qalma məsələsini həll etdik.

Türkiyəyə gedənə (yarışmaya) qədər rahat qala biləcəyini bildirdim. Hər prosesdə onun yanında olduğumu hiss etdirirdim. Bütün işimi gücümü kənara atıb, bu insana dəstək olmaq üçün səfərbər olmuşdum. Bundan əlavə onun gündəlik yeməyini də pulsuz etdim və kafelərimizdən birində rahat qidalanmasını da özüm qarşıladım.

Xülasə, il bitdi, ayrıldı buradan. 20 Yanvar günü oteldən mənə məlumat gəldi ki, Pərvin Səfərov artıq bir neçə gündür buradadır, qalır. Təkrar geri gəlməsini xəbər vermədiyi üçün çaşmışdım. İnsan bir sms də yaza bilmir məgər? Mənimlə görüşsün dedim. 2 gün sonra gəldi, görüşdük. Hal-əhval tutduq, narahat olduğunu gördüm. Müsabiqədən kəsildiyini bilmirdim. Heç videonu dəfələrlə baxdığım halda görməmişdim. Yeni yerləşdirdiyini dedi, birlikdə baxıb söhbət elədik. “Keçmiş olsun” dedim. Kefini pozmamasını bildirdim.

Niyə gələndə xəbər vermədiyini soruşdum. Ona “Heç olmasa, gələndə xəbər et, çünki otelin öz xərcləri var, prosedur qaydalarına riayət edək ki, rahat qala biləsən. Xəbərsiz etmə bu işləri” dedim. O da özlüyündə narahat etmək istəmədiyini dedi. Bir mesaj yaza biləcəyini vurğuladım. O isə susdu..

Bundan sonra nə edəcəyini soruşanda, təhsilini davam etdirəcəyini və ya səs yazmaq istədiyini bildirdi. Sənə burada lazımi şəraiti yarada bilərik, nə qədər burda qalacaqsan, nə lazım olacaq, nə vaxt qərarını verəcəksən deyə sual elədim? Mənə məlumat ver ki, mən rəhbərliklə danışım, sən burda qal. Sənə başqa dəstək də olarıq dedim. O isə, “Yaxşı, sizinlə yanaşı başqa bir adam vardı qalmaq barəsində, o da kömək edəcəkdi. O adamla da danışaram, xəbər edərəm” dedi. Mən də razılaşdım.

Bir müddət sonra mənə mesaj atdı ki, “Mən danışa bilmədim adamla, bu günü qalım sabah çıxacam” dedi. Narahat olma dedim. Razılıq verdim. Sonra da gördüm ki, bir gün sonra səsli mesaj atıb ki, “…mən artıq oteldən çıxdım. Bilgin olsun”. Cavabım “Allah amanında” oldu. Normal sağollaşdıq.

Məsələ budur. Bu qədər dəstək olduğumuzu, yaxşılıq elədiyimiz adamın belə etməsinə sadəcə söz tapmaq olmur. Başa düşə bilmirəm ki, insanlar necə belə ola bilirlər?!

Bir həkim xəstəni səhv müalicə edib öldürsə, tibbə düşmən olanlardan deyiləm… Ancaq görünən odur ki, yaxşılıq anlayışı insanlar üçün nisbidir..Həqiqəti Allah görür”.
[media=https://www.youtube.com/watch?time_continue=6&v=KUX6LzudG0A]
Minval.İnfo
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.