Hakimiyyəti ötürmək üçün 5 vacib kriteriyaya sahib namizəd kimdir?
Kseniya Sobçak CNN telekanalının populyar əməkdaşı Kristian Amanpurun proqramına qonaq oldu. Aparıcı dərhal xatırlatdı ki, bəziləri Sobçakın Kremlin adamı olduğunu iddia edir. Lakin ardınca əlavə etdi ki, Sobçakda diqqətçəkən nələrsə var.
Putin həqiqi seçki istəyirmi?
Sobçak dərhal etiraf etdi ki, bu seçkiləri uda bilməyəcək. Çünki prosesi Putin idarə edir. Dediyinə görə, əsas hədəfi federal telekanallardan istifadə etməklə seçiciyə çıxış imkanı əldə etmək və bu vaxta qədər bilmədikləri məsələləri onlara çatdırmaqdır. Məsələn, cinsi azlıqların hüquqları, Rusiyanın Krımı ilhaq edərkən beynəlxalq normaları pozması və s.
Sobçak deyir ki, Putin həqiqi seçki istəyir, çünki bütün dünyanın nəzəri ondadır. Xanım namizəd beynəlxalq ictimaiyyətə müraciət edərək Rusiyanı təcriddə saxlamamağa çağırdı.
Sonuncu mesaj Qərbin ictimai rəy liderlərindən (eləcə də Kremlin avropalı lobbiçilərinin) bir çoxunun ürəyindən xəbər verəcək: “Görürsüz, hətta cinsi azlıqlara və Ukraynaya dəstək verən bu cəsarətli xanım belə, hesab edir ki, Putin öz səhvlərini başa düşüb və Moskvanı izolyasiyada saxlamaq olmaz”.
Sobçakın “piar”ını edənlər
ABŞ turnesini təşkil etdiklərinə görə Sobçakın “piar” işini aparanlara 5 düşür. Onlar KİV-lərə hazırkı ABŞ auditoriyasının böyük hissəsinin, Qərbin intellektual elitasının maraqlarına cavab verən, bir namizəd obrazı təqdim etdilər.
Məhz bu elita bir çox hallarda ictimai rəyi formalaşdırır. Onların gözündə “ultra liberal” baxışlı, işləyən və qazanan, ingilis dilində heç də pis danışmayan müstəqil qadın canlandı.
Amerika ekranlarında görünən digər ruslara nəzər salaq. Harri Kasparov və Vladimir Kara-Murza. Ola bilsin ki, onların ingiliscələri, məntiqləri daha güclüdür. Amma onlar kişidirlər, Rusiya hökumətini kəskin tənqid edirlər və Putinə heç bir halda güzəştə getməməyə çağırırlar.
Rusiya ömürlük prezidenti qəbul etməyəcək
Kseniyanın ABŞ səfəri Kreml üçün çox yaxşı nəticə oldu. O, eyni zamanda simasını da itirmədi. Nəticə etibarilə, Sobçak həmişə özünü radikallıqdan uzaq tuturdu.
Müasir Rusiyada Kremlin loyallıq testindən keçmək və eyni zamanda bunu itkisiz (vicdan və nüfuz itkisi) etmək az qala, görünməmiş şeydir.
İndi namizəd Sobçak hətta böyük şəhərlərin seçkiyə getməkdə tərəddüd edən savadlı sakinlərini də razı sala bilər: “Cəsarətlə seçkiyə gedin! Məni hətta Amerikada da qəbul etdilər. Ura!”.
Namizədin bioqrafiyasını nəzərə alsaq, ehtimalımı deyəcəm: Sobçak özünün siyasi gələcəyi haqda danışanda bilir ki, bu gələcək realdır. Böyük ehtimalla, ona səslərin bir neçə faizini (5 və ya bir qədər artıq) götürməyə imkan verəcəklər. Bunun ardınca siyasi partiyanın qurulması gələcək, sonra da 2021-ci ildə Dövlət Dumasına gəliş… Sonra da Putinin varisi olmaq uğrunda müsabiqə olacaq. Ən maraqlısı da elə bu vaxt başlayacaq.
Əminəm ki, Putin özünü ömürlük prezident təyin etməyəcək. Hər bir halda Rusiya Türkmənistan deyil. Rusiyada bu metod keçməyəcək və Putin bunu başa düşür.
Bu o demək deyil ki, Vladimir Vladimiroviç siyasətdən getməyi zəruri sayır. Amma yeni rol axtarışı onun üçün o qədər də sadə məsələ olmayacaq. Qərb politoloqları həmişə eyni şeyi deyirlər: “Putin Çindəki Den Syaopin kimi kölgəyə çəkiləcək, lakin əlaqələri və nüfuzu ilə idarəetmə rıçıqlarını əlində saxlayacaq”. Lakin Rusiya Çin deyil. Üstəlik varis də bəlli kriteriyalara cavab verməlidir.
Putinin varisi üçün 5 kriteriya
Birincisi, gənc, eyni zamanda yetkin olmaq. Gənclik Sobçakda var, digəri də zamanla – bir neçə ilə olacaq.
İkincisi, yaxınlıq və loyallıq. Gedən prezidentə və onun istədiyi adamlara möhkəm təminat verməyə hazır olmaq.
Üçüncüsü, siyasi çəkisi, həmçinin məmurlar və ordu arasında dəstək bazası çox da böyük olmayan namizəd. Əks halda, loyallığa təminat vermək çətin olacaq.
Dördüncüsü, indiki prezidentdən radikal şəkildə fərqlənsin. Putinin Yeltsindən fərqləndiyi kimi. Yoxsa “varis” əməliyyatı iflasa uğrayacaq.
Beşincisi, Qərblə əlaqələri təmin edə bilsin. Bu əlaqənin qurulması Putin və ətrafı üçün həyati əhəmiyyət daşıyır. Bunun üçün amerikalılar və avropalılar üçün ecazkar olmaq lazımdır. “Rusiyanın birinci qadın prezidenti” maraq yaradacaq və uzun müddət xoşməramlı addım kimi yadda qalacaq. Ona görə də, bir qədər dərin düşünülsə, Kseniya Sobçak Kremlin hazırkı rəhbərinə çox yaxşı əvəzedici ola bilər. Əgər belə bir qərar verilsə, yerdə qalan məsələ Rusiya vətəndaşlarını inandırmaqdır ki, işıqlı gələcək Sobçakla bağlıdır… (Tərcümə Strateq.az-ındır)