Tofiq Yaqublu müxalifətin parlaq simalarından biridir. Azərbaycanın çağdaş demokratik mübarizəsinin rəmzlərindən biri sayılır. Onun prinsipiallığı, cəsarəti, dürüstlüyü və ardıcıllıği nəinki müxalifət düşərgəsində, hətta kənar müşahidəçilər tərəfindən də etiraf edilir.
Tofiq bəy Müsavat Partiyasının rəhbər strukturlarında yüksək vəzifə tutmasa belə, bu, onun ictimai-siyasi nüfuzuna və müxalifət daxilindəki yerinə mənfi təsir etməyəcək. Çünki o, şəxsiyyəti ilə fəaliyyəti bütövləşən azsaylı iradəli, fədakar, nə istədiyini bilən siyasətçilərdəndir.
Bu öz yerində…
Ancaq nəzərə almalıyıq ki istənilən partiya üzvü, xüsusilə də rəhbər strukturlarda çalışan şəxslər həmin partiyanın ali orqanlarının qərarlarına əməl etmək vəzifəsi daşıyır. Əks halda bu siyasi-təşkilati nonsesdir.
Tofiq bəyin tutduğu vəzifədən azad edilməsi bu baxımdan qanunauyğundur və təəcüblü sayılmamalıdır.
Lakin məsələ ilə bağlı diqqət çəkən başqa bir məqam var.
Müsavat partiyası Milli Şuradan 5 il öncə çıxıb və müstəqil siyasət aparır. Tofiq Yaqublu isə 5 ildir MŞ üzvlüyündə qalırdı və bu hal partiya daxilində indiyə kimi ciddi problemə çevrilməmişdi. Hətta münasibətlərin ən gərgin çağında belə onun qarşısında seçim qoyulmamışdı.
Maraqlıdır, MŞ-nın növbədənkənar prezident seçkisini boykot etməsi qərarının ardından Müsavat partiyası da bu seçkidə iştirakdan imtina etdi və müxalifətin birgə aksiyaları ilə bağlı müzakirələr xeyli aktuallaşdı. Cəmiyyətdə belə gözləntilər eşidilirdi ki, “seçki”yə bu oxşar yanaşma iki təşkilatın yaxınlaşması üçün psixoloji səddi qaldıracaq. Məhz Tofiq bəy də bu qurumlar arasında ən ehtimad göstərilən körpü sayılırdı. Partiyalararası psixoloji səddin ortadan qalxdığı bir vaxtda bu qərarın qəbulu çoxsaylı suallar doğurdu.
Müsavat partiyası başqanının bu qərarına rəsmi izahatda əsas səbəb kimi göstərilən T.Yaqublunun Milli Şuranın üzvü olması faktı niyə məhz indi qabardıldı? Bu, düşünülmüş mesajdırmı, kimə və üçün verilb? Məntiqlə axı bu mesaj indi yaxınlaşmaq üçün yaranmış yaxşı fürsətə kölgə sala bilər. Həm də nəzərə alsaq ki Müsavat məclisinin boykot qərarında əsas tərəfdarlardan biri kimi çıxış edən Tofiq bəyin hazırkı situasiyada partiyadakı və müxalifətdaxili mövqeyi proseslərdə birləşdirici amil hesab edilirdi.
Həmçinin, sərt müxalif çıxışlarına görə yenidən prokurorluğa çağrılıb xəbərdar edilən bir partiya funksioneri haqqında belə əlverişsiz bir zamanda qərar verilməsi də şübhəsiz ki suallar yaradacaq.
Tofiq bəyin partiyada tutduğu yüksək vəzifədən kənarlaşdırılması hüquqi baxımdan problem deyil və bu partiya başqanının müstəsna səlahiyyətindədir. Ancaq, siyasi və zamanlama baxımından məsələni təsadüfi hesab etmək olarmı? Ümid edirəm, bu barədə müvafiq açıqlamalarla məsələ aydınlaşacaq.
Nəsimi Məmmədli