Avropa İttifaqının xarici işlər nazirləri Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsini pisləyib. Nazirlər Londonun bu hücumun arxasında Moskvanın dayandığına dair dəyərləndirməsini “çox ciddi” qəbul etdiyini bildirir.
“Avropa İttifaqı Britaniya ilə həmrəyliyini və ona dəstəyini bildirir”, – 28 nazirin martın 19-da yaydığı bəyanatda deyilir.
Bəyanatda o da vurğulanır ki, birlik Britaniyanın hücumun araşdırılması ilə bağlı Kimyəvi Silahların Qadağa Təşkilatı ilə sıx əməkdaçlıq öhdəliyini alqışlayır.
“Gec, ya da tez bu əsaslandırılmamış iddialara cavab verilməlidir: onlar ya uyğun dəlillə əsaslandırılmalı, ya da üzr istənməlidir” – deyə, prezidentin sözçüsü Dmitriy Peskov deyib.Kremlsə bir daha bildirib ki, Britaniya Rusiyanın Skripal və qızının zəhərlənməsində əli olduğunu sübut etməli, ya da üzr istəməlidir.
“Həqiqət iynəsini yalan və təhrif tayasında gizlətmək Rusiyanın klassik strategiyasıdır, daha heç kəsi aldada bilmirlər”- deyə, Conson Brüsseldə Avropa İttifaqı xarici işlər nazirlərinin toplantısından öncə deyib.
“Rusiyanın inkarı getdikcə absurdlaşır. Brüsseldə bu masa ətrafında elə bir ölkə tapmazsan ki, son illər Rusiyanın bəd və dağıdıcı davranışına məruz qalmasın”- deyə, o bildirib.
Avropa Birliyinin xarici siyasət rəhbəri Federika Moqerini isə görüşdən öncə deyib ki, Aİ xarici işlər nazirləri Conson tərəfindən bilgiləndiriləndən sonra məsələyə dair birgə bəyanat yayacaq.
“Həmişə gözlədiyim birlikdir”- o, Aİ-nin bu məsələdə Britaniya ilə həmrəy olduğunu deyib.
Martın 19-da beynəlxalq kimyəvi silah ekspertləri Britaniyaya gedir. Onlar İngiltərədə keçmiş rusiyalı casusun zəhərlənməsində istifadə olunmuş sinir qazından örnəklər götürəcəklər.
Kimyəvi Silahların Qadağa Təşkilatının (OPCW) ekspertləri Britaniyanın Noviçok adlandırdığı qazın nümunələrini götürəcək. Bu maddənin sovet dönəmində hazırlanmış hərbi dərəcəli sinir qazı olduğu bildirilir.
“Bu nümunələr daha sonra nüfuzlu beynəlxalq laboratoriyalara göndəriləcək, nəticələr isə azı iki həftəyə gözlənir”, Britaniyanın Xarici İşlər Nazirliyi bildirib.
Martın 4-də Sergei Skripal və qızı Yuliya Solsberi şəhərində huşsuz vəziyyətdə aşkar edilib. (amerikaninsesi.org)