Prezident Donald Trampın ABŞ-ın tezliklə Suriyadan çıxacağına dair bəyanatı böyük səs-küyə səbəb olub. Təhülkəsizlik Şurasının sabahkı iclasında Tramp administrasiyasının İŞİD-ə qarşı mübarizə planı və Vaşinqtonun Suriyadakı gələcək addımları müzakirə olunacaq. Tramp bütün döyüşçülərini həqiqətən də Suriyadan çıxaracaqmı?
Strateq.az xarici mətbuata istinadən bu suala cavab tapmaga çalışacaq.
Bir çox ekspertlər deyir ki, Trampın məlum bəyanatı Vaşinqtondakı ənənəvi tribunalarda yox, Ohayo ştatına səfəri zamanı səsləndirməsi populist xarakter daşıyır və ona ciddi yanaşmaq lazım deyil.
"Reuters"in məlumatına görə isə Tramp bu məsələni həqiqətən də öz müşavirləri ilə müzakirə edib və ABŞ silahlı qüvvələrinin Suriyadan çıxarılmasında israrlı olacağını deyib.
Tramp həmçinin İŞİD-dən azad edilən və kürd-ərəb alyansı olan Suriyanın Demokratik Qüvvələrinin (SDF) nəzarətindəki rayonlarda bərpa işlərinə ayrılan maliyyəni məhdudlaşdırmağa da qərar verib.
"Wall Street Journal" yazır ki, ABŞ Dövlət Departamenti bu məqsədlə 200 milyon dollar ayırmağı planlaşdırırdı.
Bir məqam da var ki, elan edilən addım Trampın əvvəlki ritorikasına qarşı deyil.Lakin Pentaqonun bəyanatları ilə ziddiyyət təşkil edir. Pentaqon bildirirdi ki, regionda İŞİD-ə qarşı mübarizənin yekunlaşmasına çox var və döyüşçülər hələ bir neçə il Suriyada qalmalıdırlar.
Rəsmi statistik məlumatlara görə, ötən ilin ikinci yarısında Yaxın Şərq və Şimali Afrikada (o cümlədən Suriya və İraq) hərbçilərin sayı həmin ilin ilk 6 ayı ilə müqayisədə 33 faiz artıb. Suriyadakı hərbçilərin və mülki heyətin sayı isə 1251-dən 1723-ə yüksəlib.
Populizm, sağlam düşüncə, yoxsa manevr?
ABŞ-ın Suriya strategiyasını ilk dəfə aydın ifadə edən bu yaxınlarda vəzifəsindən azad edilən dövlət katibi Reks Tillerson olmuşdu. Həmin strategiyada Suriyanın Demokratik Qüvvələrinə dəstək nəzərdə tutulub. Və SDF-in qarşısına bu vəzifələr qoyulub – İŞİD-ə qarşı mübarizə, İranın bölgədə genişlənməsini məhdudlaşdırmaq,Tehrandan Beyruta araran körpünün funksionallığını önləmək və Dəməşqə təzyiq göstərmək.
SDF nəhəng neft və qaz yataqlarına nəzarət edir və Əsəd rejiminin onlara çıxışını məhdudlaşdırır. Bu amil Dəməşqi real siyasi dəyişikliklərə məcbur edə, fərqli fikirli qrupları, həmçinin sünni müxalifləri, kürd və ərəbləri əzməkdən qoruya bilər.
"The Washington Post" yazır ki, Birləşmiş Ştatlar Suriyadan çıxsa, bu neft böyük ehtimalla İranın əlinə keçəcək. Belə olan təqdirdə isə kürdlər Əsəd rejimi ilə razılığa gəlib qiyamçı sünniləri Əsədlə təkbətək buraxacaqlar. İran isə Tehran-Beyrut körpüsünün inşasını yekunlaşdıracaq.
Qəzet qeyd edir ki, Trampın Suriyaya dair real strategiyası yoxdursa, bu, ABŞ prezidentinin İrana dair real strategiyasının olmadığı anlamına gəlir. Beləliklə, Birləşmiş Ştatların Suriya ilə bağlı hansı variantları var?
Birinci variant: Qalmaq naminə getmək
ABŞ SDF-in nəzarətində olan rayonlarda daimi bazalara və obyektlərə sahibdir. Eyni zamanda amerikalılar müttəfiqləri ilə təlim düşərgələrində və məntəqələrdə də mövcudiyyətlərini davam etdirirlər.
Ekspertlərə görə, ABŞ hərbi mühəndisləri, dənizçiləri çıxarıb bunu hərbi kontingentin məhdudlaşdırılması kimi təqdim edə bilər. Amma xüsusi xidmət orqanlarının əməliyyatçıları, xüsusitəyinatlılar şərqi Suriyada mövcudluğunu davam etdirəcək. Və SDF-in nəzarətindəki əraziləri İordaniya sərhədi yaxınlığındakı məntəqə ilə əlaqələndirməyə çalışacaqlar.
Bu məntəqəyə Qərb dövlətlərinə məxsus xüsusitəyinalıların dəstək verdiyi müxaliflər nəzarət edir.
Daha bir məqam son dövrlərdə İordaniyada – Suriya və İraq sərhədinə yaxın hissədə vertolyot və pilotsuz aparatlar üçün infrastrukturun qurulmasıdır.
İkinci variant: özünüz bərpa edin
Rusiya Birləşmiş Ştatların Suriyadakı iştirakını hər vəhclə gözdən salmağa çalışır. Həmçinin beynəlxalq koalisiyanın legitim olmadığını bəyan edir. Koalisiyanın nəzarət etdiyi rayonlarda humanitar böhranın olduğunu deyir. Görünən odur ki, Moskva əhaliyə humanitar yardım göstərmək adı altında at-Tanfa və Rakkaya girmək istəyir.
Birincisi, Qərb SDF-in nəzarət etdiyi ərazilərdən çıxarsa, ABŞ qoşunlarının 2011-ci ildə İraqdan çıxmasından sonra yaranan vəziyyət burada da təkrarlanacaq. İkincisi, ABŞ-ın iştirakı Dəməşqi güzəştlərə getməsi və İranın təsirini azaltmaq üçün istifadə oluna bilərdi. Üçüncüsü də, Dəməşq arxayın idi ki, şərq rayonlarının bərpası ilə Qərb məşğul olacaq.
Ekspert Aaron Şteyn bildirir ki, ABŞ üçün ən yaxşı variant qüvvələrini Suriyadan çəkməkdir. Bunun nəticəsində Suriyada bərpa işlərinin maliyyələşdirilməsini Rusiya öz üzərinə götürməli olacaq. Bu həm də Moskvanı qarmaqda saxlamağa imkan yaradacaq: "Moskvaya qısamüddətli qələbə qazanmaq imkanı yaratmaq həm də, onu qarmaqda saxlamağa şərait yaradacaq. Çünki bu halda Əsədin bütün addımlarının məsuliyyətini Rusiyanın üzərinə qoymaq mümkün olacaq".
Strateq.az