ABŞ İranı Azərbaycandan hədəf almaq istəyir – sensasion gəlişmə

4-04-2018, 09:07   


Bakı-Tehran əlaqələri yeni sınaqla üzə-üzə; Yeni dövlət katibinin gəlişi ilə Amerikanın regionla bağlı siyasətinə kardinal dəyişiklik istisna deyil; ABŞ nəşrindən Ağ Evə ilginc təklif: “Bunlar edilsə, İranla Rusiyanın Qafqazdan ayağı kəsilər, Qarabağ məsələsi isə...”

Azərbaycan-İran əlaqələri obyektiv və subyektiv əngəllərə rəğmən, dinamik məcrada inkişaf edir. Xüsusən də son illər iki qonşu dövlət arasında əməkdaşlıq daha geniş sahələri əhatə eləməklə keyfiyyətcə yeni bir mərhələyə adlayıb. İran prezidenti Həsən Ruhaninin son Bakı səfəri bu yöndə qənaətləri xeyli möhkəmlətmiş oldu. 

Böyük cənub qonşumuzla münasibətlərin yüksək səviyyədə olması, iqtisadi-ticari, humanitar əlaqələrin genişlənməsi, iri regional və qlobal layihələrdə ortaq iştirak, sübhəsiz ki, hər iki ölkənin və xalqın maraqlarına tam cavab verir. Eyni zamanda Azərbaycanla İranı yaxşı mənada qarşılıqlı asılı edərək, bir-birinə bağlayır. Tehranla yaxın əlaqələr həmçinin Dağlıq Qarabağ məsələsində Bakının İrana təsir imkanlarının artması, cənub qonşumuzun işğalçı Ermənistandan uzaqlaşması deməkdir ki, bu da az önəm kəsb eləmir.

Ancaq belə görünür, Azərbaycan-İran əlaqələri çox tezliklə ciddi sınağa çəkilə bilər. Söhbət öncəliklə, Donald Trampın ABŞ prezidenti seçilməsi ilə İrana və Rusiyaya qarşı Amerika siyasətinin kəskinləşməsindən gedir. İrana münasibətdə qismən mötədil baxışlara malik Reks Tillersonun dövlət katibi postundan uzaqlaşdırılaraq yerinə qatı antiirançı və antirusiyaçı Maykl Pompeonun gətirilməsi bu xüsusda az şey demir və hətta Amerikanın müəyyən planlarının anonsu deməkdir.

*****

Stiven Blank   âThe Hillâ ile ilgili görsel sonucu

“ABŞ-ın milli təhlükəsizliyi üzrə yeni komandası İran və onun maraqlarına zərbə vurmağa meyllənir. Tramp administrasiyasının hücum planı artıq Avropa Birliyində, Rusiyada və Çində ciddi mübahisələr və narahatlıq doğurub - o ki ola İranın özündə. Ancaq Tehranla nüvə anlaşmasına diplomatik hücum Vaşinqtonun öhdəsində olan yeganə variant deyil”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə tanınmış amerikalı analitik Stiven Blank ABŞ nəşri “The Hill” üçün yazdığı təhlili məqalədə bildirir.

Müəllif daha sonra yazır: “Əgər ABŞ administrasiyası İranı təcrid eləmək istəyirsə, o zaman o, İranın Qafqazda, xüsusən də Azərbaycan və Ermənistanla əlaqələrini pozmaq üçün addımlar ata bilər. Bu əlaqələr Tehran üçün həlledici əhəmiyyətə malikdir, çünki iki ölkə İranın şimal və qərb sərhədlərində yerləşir. ABŞ nəinki Qafqazda öz maraqlarını irəli apara bilər, həmçinin, İrana və onun Rusiya timsalında tərəfdaşına zərbə endirə bilər”.

Məqalədə deyilir ki, Bakı ilə Tehran arasında uzun illər bir-birinə qarşı qarşılıqlı şübhələr olub: “Azərbaycan hələ də İrana etimad bəsləmir - baxmayaraq ki, iki ölkə arasında əlaqələr 2012-ci ildən sonra yaxşılaşıb. İran Azərbaycana İrandakı azərbaycanlı əhalini fəallaşdırmaq  üçün istifadə oluna biləcək meydan kimi baxır. Tehran habelə Azərbaycanı İsrail və ABŞ-la dost münasibətlər saxlayan xəyanətkar şiə ölkəsi qismində görür. Bundan əlavə, Azərbaycan energetik sferada İranın rəqibidir. Hazırda İran öz şimal sərhədini möhkəmləndirməkdə və Bakının Vaşinqtona həddən artıq yaxınlaşmanı önləməkdə maraqlıdır”.

Trump İran ile ilgili görsel sonucu

Müəllifə görə, Ermənistan isə əksinə, İranın Azərbaycana davamlı antaqonist münasibəti səbəbindən Tehrana həddən artıq yaxındır: “Öz ərazisində Rusiya bazaları saxlayan Ermənistan təkcə Moskvanın satelliti deyil, həm də İranın Qafqaz regionunda əsas tərəfdaşıdır. Bununla belə, Ermənistan Qərblə körpüləri yandırmağı da özünə rəva bilə bilməz. Belə çıxır ki, Tramp administrasiyası üçün yol açıqdır. Rusiyanın Qafqaz bölgəsindəki təsirini, İranın isə şıltaqlığını minimuma endirmək və burada sülhü təmin eləmək üçün stimullar və təzyiq siyasətini birləşdirmək lazımdır. Qarabağ konfliktinin nizamlanması üzrə öz üzərinə öhdəlik götürməklə, bu öhdəliyi faydalar sistemi və sanksiyalar vasitəsilə birləşdirməklə Ağ Ev ABŞ-ın regionda təsirini gücləndirmək imkanındadır. Tramp həmçinin, bir yandan Azərbaycanla Ermənistan arasında əlaqələrdən, digər yandan da Rusiya və İranla məsafə saxlamaqla Amerikanın maraqlarını irəli apara bilər. Arzuediləndir ki, Vaşinqton Yaxın Şərqdəki situasiyadan və İranla və ya Gürcüstanla münasibətlərdən asılı olmayaraq ayrıca olaraq diqqətini Qafqazdakı mövcudluğunu genişləndirməyə yönəltsin. Həmçinin, Vaşinqtonun marağındadır ki, Xəzərin enerji resursları Qafqazdan keçməklə Avropaya çatdırılsın. Amerikanın Qafqazda daha fəal olması Rusiyanın Türkiyəyə də təzyiqini azaldacaq ki, bu da Ankara ilə ABŞ arasında alyansın möhkəmlənməsi üçün əsas olacaq”.

Stiven Blank   âThe Hillâ ile ilgili görsel sonucu

Məqalənin sonunda deyilir: “ABŞ bölgədə öz maraqlarını və demokratik dəyərləri effektiv şəkildə təmin eləmək üçün Azərbaycan və Ermənistanın təhlükəsizliyinin təmin edilməsində dərindən maraqlı olmalıdır. Potensial olaraq Amerika ikiqat uduşda ola bilər: birincisi, regionda öz təsirini artırmaqla və Azərbaycan və Ermənistanla əlaqələri gücləndirməklə o, sülhə kömək edə bilər. İkincisi, Moskva və Tehranın Qafqazda və qonşu rayonlarda təsirini azaltma imkanı əldə edər. Bir sıra ekspertlərə görə, ABŞ-ın bölgədə bir çox maraqları və prioritetləri var. Ancaq əgər Vaşinqton həqiqətən də İrana təzyiq göstərmək istəyirsə, o zaman bunu məhz Qafqazdan başlamaq lazımdır”.

*****

Qafqaz isə həm də və ən əvvəl Azərbaycan deməkdir.   Belə görünür ki, İrana qarşı ABŞ-ın yeni, hətta hərbi xarakterli planı var və həmin planda Azərbaycana da yer ayrılıb. Ancaq əvvəla, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi İran əleyhinə üçüncü ölkə(lər) üçün plasdarm olmayacaq. Ölkə konstitusiyası da ərazimizdə üçüncü ölkənin hərbi qüvvələrinin yerləşdirilməsini yasaq edir. Sonuncu xarici hərbi baza - Qəbələ RLS bir neçə il öncə Azərbaycandan çıxarılıb.

Digər yandan, Amerika nəşrindəki bu yazı düşündürməyə də bilməz. Hər halda, Azərbaycan balaca dövlətdir və regional və qlobal güclərin təsir və təzyiqlərindən tam sığortalanmayıb. Üstəgəl, İran və Rusiya bizə həmsərhəd ölkələrdir, yəni “qapı qonşulardır”. Necə deyərlər, ABŞ uzaqda, İran və Rusiya isə yaxında. O da sirr deyil ki, Moskva və Tehran Azərbaycanı qarışdırmaq üçün bəzi rıçaqlara malikdir və bu qəbildən planlar (separatçı, dini xarakterli və s.) hətta stol üstündədir - o ayrı məsələ ki, belə ssenarilər nəticə verəcək, ya yox.

Bundan əlavə, İranın hədəf alınmasına böyük ehtimalla, ABŞ-q qarşı qəzəbli olan, Tehranla “dərd ortağı” Rusiya da laqeyd qalmayacaq və Moskvanın verəcəyi reaksiya müəyyən mənada Bakıda da əks-səda doğura bilər. Nəhayət, ABŞ-ın sərt İran mövqeyini paylaşan İsrailin Azərbaycanın mühüm strateji tərəfdaşı olması faktı da yaddan çıxarıla bilməz.

Yaranmış vəziyyətdə rəsmi Bakının çevik diplomatik manevrlərlə İran, Rusiya və Qərb arasında ənənəvi balanslı və komplementar siyasəti qoruyub saxlaması yəqin ki, asan olmayacaq. Ancaq bu, mümkünsüz də deyil...

“Yeni Müsavat”ın analitik xidməti

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.