Çərşənbə günü Astana prosesinin ortaqları – Rusiya, İran və Türkiyənin dünyaya birlik və güc mesajı verdiyi haqqında çox yazıldı. Dünyada da bu toplantının verdiyi mesaya diqqət edildi. Bu toplantının fotoşəkillərini çərşənbə axşamı Rusiya prezidenti Putin ilə Türkiyə prezidenti Ərdoğanın Akkuyu Atom Elektrik Stansiyasını uzaqdan komanda ilə açma fotoşəkilləri və S-400 raketləri satışındakı inkişafla birlikdə qiymətləndirənlər, Türkiyənin strateji kimliyində bir dəyişiklik olub-olmadığını da soruşurlar.
Bu kontekstdə AB naziri Ömər Çəlikin Fransaya gedərək, NATO üzvlərinin bir-birləri qarşısındakı öhdəliklərini xatırlatması bəlkə də bunu soruşanlara qarşı cavab keyfiyyəti də daşımaqdadır.
Nə olursa olsun, müttəfiqlərinin Rusiyaya yönəlik sanksiyalarına və ya diplomatik reaksiyalarına qatılmayan, təhlükəsizlik qayğıları ilə bağlı Qərbli müttəfiqlərindən anlayış görmədiyi üçün Rusiyaya getdikcə daha çox yaxınlaşan bir Ankara mövqeyinin olması aydındır. Daxildəki Qərb düşməni ritorikasının da təsirilə ictimai rəyin nə tarixi, nə də geopolitik reallıqları nəzərə alma ehtiyacı duyaraq, bu gedişatdan məmnun olduğuna dair də kifayət qədər əlamətlər var.
Analiz və məlumatları doğru müzakirə etmənin də çətin olduğu bir şəraitdə bütün bunların hara gedəcəyini proqnozlaşdırmaq asan deyil. Ötən həftə Tramp fantaziyası olaraq zühur edən “ABŞ-ın hərbçilərini Suriyadan çəkmə”düşüncəsi getdikcə ətə-qana dolan kimi görünür. Bu qərarın tətbiq edilməsinin 6 ay təxirə salınması üçün Tramp razı salınsa da, o, geri addım atana oxşamır. Onsuz da 6 ay sonrası ara seçkilərin 1 ay öncəsinə düşür.
Aydındır ki, daxili siyasət motivləri ön plana çıxır. Pentaqonun hesabları və planları nə olursa-olsun, İrana yönəlik düşmənçiliyinin qalıcı və bu ölkənin qarşısını alma hədəfinin müəyyən olmasına rəğmən, çəkilmə qərarında Trampın israrı məntiqli görünməsə də, bugünkü reallıq belədir.
Tramp, qərarının ilk addımı olaraq ABŞ-ın Suriyada mina təmizləməyə, su və elektriklə təmin etməyə və siyasi durumu tənzimləməyə ayırdığı 200 milyon dollarlıq bir qaynağı müddətsiz olaraq dondurdu. Bu durumda yenidən ortaya çıxan və həm İraqda, həm də Suriyada hücumlara başlayan İŞİD-lə mübarizədə kəsintilər olacaqdır.
İdlib riskli ola bilər
Əgər ABŞ, həqiqətən, 6 ay içində öz birliklərini geri çəkərsə, deməli, Ankaradakı zirvədə ortaya çıxan görüntüyə uyğun olaraq, Suriya üç ortaq arasında təsir sahələrinə ayrılacaq. Əsas sual Fəratın şərqində kimin hakim olacağıdır.
Əsəd rejiminin gələcəyi məsələsində Türkiyənin Rusiya və İranla zidd görüşdə olduğu məlumdur. Türkiyənin məsuliyyət sahəsindəki İdlibdə yığılan cihadçıları həm rejimin, həm də İran və Rusiyanın məhv etmək istəyəcəyi təxmin edilir. Rejim gücləriylə şiə milislərin və cihadçıların arasında yerləşən türk hərbçilərinin xeyli riskli bir şəraitə düşəcəyi qorxusu var. Ankaradakı zirvədə bu detalların müzakirə edilib-edilmədiyini bilmirik.
ABŞ-ın çəkilməsindən ən böyük zərəri isə bu günədək İŞİD-lə mübarizədə birlikdə hərəkət etdiyi, təlim keçib silahlandırdığı terror təşkilatı olan PYD/YPG görəcəkdir. Suriya kürdlərinin siyasi hədəflərinin reallaşması da çətinləşəcək. Hərçənd, Afrində kürdləri deyil, Türkiyəni seçən Rusiya ABŞ-ın çəkilməsinin ardından öz tarixi mövqeyinə görə geri dönməyi düşünə bilər və Astanada gündəliyə gətirdiyi konstitusiya layihəsində nəzərdə tutduğu şəkildə, kürdlərin muxtar bir bölgəsinin olmasını müdafiə edə bilər. Bu durumda Ankara ilə Moskva arasındakı əlaqələr də gərginləşəcəkdir.
İsrail və Səudiyyə Ərəbistanının da bu çəkilmədən məmnun qalmayacağı bəllidir. Səudiyyə Ərəbistanı Bəşər Əsədin iqtidarda qalmasına artıq razı olsa da, İranın Suriyada güclənməsindən, Hizbullah üzərindən Livana nəzarət etməsindən narahatdır. Hamısından önəmlisi, dirənən mərkəzlər bir-bir ortadan qaldırıldıqca, Suriya rejimi də cəsarətlənməkdədir. Rejim indidən İsrail sərhəddinə yaxınlaşmağa başlayıb. Bütün yaşayış məntəqələrini nəzarətinə aldıqda, araya biriləri girmədiyi təqdirdə, Türkiyə ilə də haqq-hesab çəkmək istəməsi sürpriz sayılmaz.
Soli Özel
“Habertürk”, Türkiyə
Tərcümə Strateq.az-ındır