Vladimir Muxin
“Nezavisimaya qazeta”, Rusiya, 11 aprel 2018-ci il
Əgər ABŞ, guya, Duma şəhərinə kimyəvi hücumla əlaqədar olaraq Suriyada gücdən istifadə etməyə qərar verərsə, onlar yalnız Dəməşqdən deyil, Moskvadan da oxşar cavab alacaqlar.
Belə hərəkətlər nəticəsində amerikalılar və onların müttəfiqləri üçün baş verəcək “ciddi nəticələr” haqqında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya dünən bəyanat verib.
Bu axarda digər rus siyasətçiləri və məmurları da fikir bildirib. Bir qədər əvvəl Rusiya ordusunun Dəməşqi müdafiə etmək üçün hazır olduğu haqqında RF Xarici işlər naziri Sergey Lavrov bəyanat vemişdi: “Bizim hərbçilər artıq buna reaksiya veriblər. Bizim Suriya Ərəb Respublikası (SƏR) qarşısında öz öhdəliklərimiz var”.
Necə reaksiya verildiyini Sergey Lavrov izah etməiyib. Lakin RF-nin hərbi fəaliyyətlərini işıqlandran bir neçə sayt dünən yazıb ki, ölkənin silahlı qüvvələri 8-9 apreldə gizlicə tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Hələlik bu barədə rəsmi təsdiq və şərhlər yoxdur. Ancaq Müdafiə Nazirliyinin ordu və donanmanın fəaliyyəti haqqındakı məlumatlarına əsasən, həqiqətən, qoşunların və hərbi donanmanın artan aktivliyi barədə fikir yaranır. Xüsusilə, Qara dəniz və Aralıq dənizi hərbi əməliyyat səhnələrində, həmçinin Xəzərdə – oradan artıq bir neçə dəfə Xəzər donanmasının gəmilərindən buraxılan qanadlı “Kalibr” raketlərilə Suriyadakı hədəflərə zərbələr endirilib.
İstisna deyil ki, orada belə zərbələrə hazırlıq indi də aparılır. Hərbi ekspert general-leytenant Yuri Netkaçevin fikrinə görə, “Əgər Pentaqon Rusiyanı məşhur kimyəvi hücumda ittiham edərək, Tartus və Hmeymimdəki rus bazalarına qarşı “intiqam əməlləri” həyata keçirməyə qərar verərsə, Yaxın Şərqdəki amerikan obyektlərinə və bazalarına “Kalibr”lərlə zərbələr endirilə bilər”.
ABŞ və müttəfiqlərinin Rusiya obyektlərinə zərbələr endirməsinin mümkünlüyü haqqında dünən Ağ evdəki mənbələrə istinad edərək, “Reuters” agentliyi söz açıb. Netkaçev əmindir ki, belə zərbələri Rusiya cavabsız qoymayacaq.
Lakin ekspert hadisələrin belə inkişaf ssenarisini (“Kalibr”lərlə cavab vermə) azehtimallı hesab edir, çünki o, şübhəsiz, “həqiqi böyük müharibəyə təhrik edə bilər, bunu da nə ABŞ, nə də Rusiya istəyir”.
General fərz edir ki, əgər ABŞ prezidentinin göstərişilə Pentaqon zərbə endirməyə qərar verərsə, o zaman bu, yəqin, amerikalıların bir il bundan əvvəl 59 “Tomahavk” raketi buraxmaqla, Suriyanın Şayrat hava bazasına (İddia edilirdi ki, İdlib vilayətinə kimyəvi hücumu məhz bu bazanın aviasiyası həyata keçirib) endirdiyi zərbəyə bənzəyəcək.
NATO qüvvələrinin sabiq baş komandanı Uesli Klark da bu fikirdədir. CNNteleviziyasına verdiyi müsahibədə o, bəyan edib ki, “ABŞ Suriyadakı vertolyot bazasına zərbələr endirə bilər”, guya, bu baza Şərqi Qutadakı Duma şəhərində kimyəvi silah tətbiq edilməsi üçün istifadə edilib. Bununla birlikdə, Klark əmindir ki, bu halda “güc variantından başqa bir variant ola bilməz”.
Eyni zamanda Yeni Amerika təhlükəsizlik mərkəzinin eksperti Nikolas Heras “Foreign Policy” üçün yazdığı məqalədə təsdiq edir ki, ABŞ-ın Suriyaya mümkün zərbəsi bir il bundan öncəki zərbədən daha güclü olacaq. Onun fikrincə, “ABŞ-ın ötən il Şayrat hava bazasına endirdiyi zərbələr öz məqsədinə çatmayıb – hücumdan bir neçə saat sonra Suriya ordusunun təyyarələri bu aerodromdan uçmağa davam etdilər”.
Heras yazır: “Bəşər Əsədə hissediləcək ziyan vurulması və Donald Trampın təsəvvürünə görə, yetərli siqnal verilməsi üçün ABŞ daha çox hədəfə hücum etməli olacaq. Elə etməlidi ki, Suriya ordusunun hərbi imkanları sarsılsın”.
Ekspertə görə, hücuma ölkənin həm şərqindəki, həm də qərbindəki hərbi obyektlər məruz qala bilər.
Hərbi ekspert polkovnik Vladimir Popov hesab edir ki, “İndi amerikalılardan hər şey gözləmək olar. Axı onlar Suriyada Bəşər Əsəd rejiminin möhkəmlənməsinə qarşıdırlar, deməli, onlar apriori (təcrübədən asılı olmayaraq) Rusiya və İrana da qarşıdırlar”.
O xatırladır ki, ötən il Şayrata zərbə endirməzdən öncə ABŞ SƏR-dəki Rusiya komandanlığını planlarından xəbərdar etmişdi. İndi isə, Tramp kimyəvi hücumlara görə Rusiyanı ittiham etdiyi halda, belə xəbərdarlıq olmaya bilər.
Popov istisna etmir ki, Tramp Əsədin fizki olaraq ortadan qaldırılması haqqında qərar qəbul edə və onun yaşayış yerlərinə zərbə endirə bilər. Bu halda ölkənin mühüm obyektlərini qoruyan Rusiya və Suriya HHM vasitələri öz effektivliyini göstərməlidir.
Qərb KİV-ləri yazır ki, Suriyaya zərbələri, böyük ehtimalla, hazırda Suriya sərhədləri yaxınlığında, Rusiya Hərbi Dəniz Donanmasının maddi-təchizat bazasının 150 mil uzaqlığında yerləşən amerikan esminesi ”USS Donald Cook” endirə bilər. Bu gəmi 1600 km. mənzili olan 56 qanadlı “Tomahavk”raketilə təchiz olunub.
Bundan əlavə, Amerika KİV-lərinin yazdığına görə, yaxın günlərdə ona həmin layihədən olan “USS Porter” esminesi (yeri gəlmişkən, o, ötən il Şayrat hava bazasına hücumda iştirak edib) qoşulacaq.
Eyni zamanda, Aralıq dənizində ABŞ Hərbi Dəniz Donanmasının“Tomahavk” raketlərilə təchiz edilən digər gəmiləri, o cümlədən Suriyadakı hədəflərə hücum edə biləcək atom sualtı qayıqları da var.
Türkiyənin “Hürriyet” qəzeti dünən yazıb ki, RF Hava-kosmik qüvvələrinin döyüş təyyarələri “psixoloji hücum” məqsədilə, dörd dəfədən az olmayaraq, ”USS Donald Cook” esminesinin üzərindən alçaqdan uçublar.
Vladimir Popov hesab edir ki, əgər amerikan esmineslərindən buraxılan raketlərdən rus hərbçiləri ölərsə, o halda istisna deyil ki, ABŞ gəmiləri Rusiya raketləri və aviasiyasının hücumuna məruz qalacaq. Rusiyanın belə hərəkət etməsinin mümkünlüyü haqqında, məlim olduğu kimi, Rusiya baş qərargahının rəisi Valeri Gerasimov artıq xəbərdarlıq edib.
Bu ilin mart ayının 13-də keçirilən iclasda ABŞ-ın Suriyanın ünvanına yönəlik təhdidlərini şərh edərkən, o bəyan edib ki, “bizim hərbçilərin həyatlarına təhdid yarandığı halda RF Silahlı Qüvvələri həm raketlərə, həm də onları istifadə edən daşıyıcılara qarşı cavab tədbirləri görəcək”.
Tərcümə Strateq.az-ındır