ABŞ Suriyada Türkiyə-Rusiya əlaqələrini də bombaladı?

15-04-2018, 10:53   

 


   
ABŞ-ın həyata keçirdiyi son əməliyyatlar Əsəd rejimini məhv etməkdən daha çox siyasi şou xarakteri daşıyır.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayıl deyib. O bildirib ki, baş verənlər əslində Əsəd rejiminin gözünü qorxutmağa yönəlikdir:
“Tramp bununla ABŞ-ın da bölgədə varlığını göstərdi. Vurulan zərbələrin əhəmiyyəti və atılan raktlərin yerləri olduqca maraqlıdır. Problemlər bölgədə bu şəkildə həll olunmamalıdır”.
Politoloq qeyd edib ki, Rusiyanın ABŞ-ın bu zərbələrinə cavab verəcəyini düşünmür:
“Rusiyadan ABŞ-a qarşı sərt mesajlar olacaq. ABŞ tərəfindən hədəflər Rusiya ordusunun olduğu yerlərdən uzaqda, eyni zamanda Rusiyanı qıcıqlandırmayacaq şəkildə seçilmişdi. Digər tərəfdən, ABŞ, Fransa və Britaniya Əsədə qarşı ciddi bir mübarizə başlatsaydı belə, Rusiyanın buna qarşı təkbaşına durması olduqca çətin məsələ idi. Həmçinin Suriya Rusiyanın ABŞ-la savaşa girməsi üçün əsas yerlərdən biri deyil. Belə bir savaşın da bölgədə olma ehtimalı çox aşağıdır. Bölgədə hazırda bir güc göstərisi var. Bunda da ABŞ gücünü bu şəkildə göstərməyə çalışır”.
T.İsmayıl vurğulayıb ki, Türkiyə Əsəd rejiminin getməsini istəyir, amma bunun üçün də birbaşa müdaxilə etmək niyyətində deyil:
“Digər tərəfdən, Türkiyənin Rusiya və İranla yürütdüyü siyasət var. Bu siyasətdə də Türkiyə Əsədin yanında yer almır. Dolayısı ilə Türkiyənin Xarici İşlər Nazirliyinin bugünkü açıqlamasında sözlər bir az sərt seçilmiş olsa da, Türkiyənin əvvəlki mövqeyinin təkrarıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan öncə də Türkiyənin bu məsələdə nə ABŞ-ın, nə də Rusiyanın yanında olacağını açıqlamışdı ”.
T.İsmayılın sözlərinə görə, bölgədəki güc mübarizəsi artıq yeni müstəviyə keçir:
“Terror qrupları artıq ortadan çıxır və biz burada böyük güclərin birbaşa qarşı-qarşıya gəldiyini müşahidə edirik. Məsələnin həlli daha mürəkkəb səviyyəyə gəlib. Qarşı-qarşıya gələn güclərin fikirləri, düşüncələri çox fərqlidir. Hətta bölgədə ortaq dil taparaq, siyasət yürütməyə çalışan Rusiya, Türkiyə, İranın belə Suriya məsələsində fikir ayrılıqları mövcuddur. Bu üç ölkənin də Suriya məsələsində ortaq bir qərara gələcəkləri inandırıcı görünmür. Ona görə də Suriya məsələsi həddindən artıq həssasdır”.
T.İsmayıl qeyd edib ki, ABŞ-n bu zərbəsi Rusiya və Türkiyə münasibətlərinə ciddi zərbə endirməyəcək:
“Çünki əvvəldən də Rusiya və Türkiyənin Suriya məsələsində ortaq fikirdə olduqları tək şey sadəcə Suriyanın ərazi bütövlüyünün təmin olunmasıdır. Suriya ilə bağlı digər məsələlərdə isə Rusiya və Türkiyənin fikirləri çox fərqlidir - istər Əsəd rejimi, istər oradakı PK/PYD olsun. Yəni Türkiyənin Rusiya və İranla mövqeləri üst-üstə düşmür. Buna baxmayaraq, Türkiyə və Rusiya ikili münasibətlərini qorumağa çalışacaq. Bunun üçün maksimum dirəniş göstərəcəklər. Çünki bu iki dövlət sülh və barış içində yaşamaq məcburiyyətindədir”.
Qeyd edək ki, ötən gün ABŞ, Fransa və Britaniya Suriyada rejimə məxsus hərbi obyektlərə zərbələr endirib. türkiyə Suriyada birgə hərəkət etdiyi İran və Rusiyadan fərqli olaraq, hücumu dəstəkləyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.