TARİXİ GÖRÜŞ, TARİXİ ANLAŞMA…- Cənubi və Şimali Koreya liderləri bir araya gəldi: sülh razılaşmasının detalları açıqlandı

28-04-2018, 09:50   

Bu gün Cənubi Koreya prezidenti Mun Çje İn və Şimali Koreya lideri Kim Çen İn arasında tarixi görüş keçirilib. Liderlər demilitarizə edilmiş zonada – Koreyanı ikiyə bölən sərhəd kəndi Pxanmunjomda təşkil edilən sammitdə bir araya gəliblər. Bu, 1953-cü ildən – Koreyada savaş bitəndən bəri iki tərəfin rəhbərliyi arasında keçirilən üçüncü görüşdür. Bundanə əvvəlki görüşlər 2000 və 2007-ci illərdə Pxenyanda baş tutmuşdu.

Müzakirələrin nəticəsi olaraq Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə, müharibə şəraitinin (1950-ci ildən başlayan) rəsmən başa çatmasına qərar verilib.

Bundan başqa, hər iki lider mayın 1-dən silahlı qüvvələrinin sayını azaldacağını, “sülh zonasında” sərhədi gücləndirəcəyini, havada, suda, yerdə qonşu dövlətə qarşı dostca olmayan bütün addımları dayandıracağını bəyan edib. Söhbət həm də sərhəddə aparılan təbliğatın və vərəqə paylanılmasının dayandırılmasından gedir.

Cənubi və Şimali Koreya uzunmüddətli sülh sisteminin qurulması istiqamətində aktiv əməkdaşlığa da qərar verib. Liderlərin fikrincə, bu, tarixi vəzifədir və onu təxirə salmaq olmaz.

Liderlər “Yeni sülh erasının” başlandığını elan etiblər və bildiriblər ki, tərəflər arasında hücum etməməyə dair də razılaşma olacaq: “Bəyan edirik ki, Koreya yarımadasında bir daha müharibə başlamayacaq”.

Cənubi Koreya lideri Mun Çje İnin sözlərinə görə, artıq geriyə yol yoxdur: “Şimali və Cənubi Koreya qardaşdır və bir-birlərindən ayrı qalmamalıdır. Koreyanı ikiyə bölən demilitarizasiya zonası zamanla sülh xəttinə çevriləcək, iki tərəf arasında əlaqələr fəallaşacaq, hər iki ölkə əhalisinə, o cümlədən dənizçilərə və sərhədyanı rayonların sakinlərinə təhlükəsizlik təminatı veriləcək”.

Görüşdə imzalanan bəyannaməyə əsasən, Mun Çje İn bu ilin payızında Şimali Koreyaya səfər edəcək. Sənəddə bildirilir ki, hər iki ölkə Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində beynəlxalq ictimaiyyətlə aktiv əməkdaşlıq aparacaq.

Şimali və Cənubi Koreya dəmir yolu xətlərinin birləşdirilməsi məsələsində, koreyalı ailələrin birləşməsi və digər humanitar layihələri icra etmək barədə də razılığa gəlib. Razılığa əsasən, may ayında Şimal və Cənubun ordu rəhbərləri bir araya gələcək.

Liderlər digər ölkələrin, eləcə də ABŞ-ın iştirakı ilə danışıqlara başlamaq niyyətində olduqlarını bəyan ediblər. Əsas hədəf uzunmüddətli sülh və stabillikdir.

Bəyannamənin imzalanmasından sonra Kim Çen İn və Mun Çje İnqucaqlaşıblar. Liderlər əl-ələ tutaraq demilitarizə edilmiş zonanı keçiblər, sonra yenidən Cənubi Koreya ərazisinə qayıdıblar.

“Kim Çen İn bu xətti keçən andan Pxanmunjom bölünmənin yox, sülhün simvioluna çevrilmiş oldu”, – deyə Cənubi Koreya lideri bildirib.

ABŞ və Cənubi Koreya nüvə silahından imtina ilə bağlı Şimali Koreyadan konkret qərar gözləyirdi. Pxanmunjom sammiti uğurla başa çatdığından indi qarşıda duran əsas məsələ Kim Çen İnin ABŞ prezidenti Donald Trampla planlaşdırılan görüşüdür.

Bəzi ekspertlər bu görüşün nəticələri ilə bağlı nikbin deyillər.

Çinin Koreya üzrə ixtisaslaşmış eksperti, professor Tsin Tsyaninin fikrincə, Vaşinqtonla Pxenyanın Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair yanaşma tərzi bir-birindən fərqlənir: “Onların şərtlər və müddətə dair fikirləri də fərqlidir. ABŞ istəyir ki, Şimali Koreya nüvə silahından tamamən və ən qısa zamanda imtina etsin. Kim Çen İn isə böyük ehtimalla, yavaş addımlarla getməyə çalışacaq. Ona görə də proses ləng gedə, hətta ciddi şəkildə uzana bilər”.

Ekspertin fikrincə, nüvə silahından imtina müqabilində Pxenyanın iqtisadi təzminat tələb edəcəyi istisna olunmur.

Trampın milli təhlükəsizlik üzrə yeni müşaviri Con Bolton son açıqlamalarının birində Kim Çen İnin öz məqsədlərinə çatmaq üçün vaxtı uzada biləcəyini bildirib.

Alman ekspert Ryudiger Frank isə hesab edir ki, Şimali Koreya nüvə silahını tezliklə təhvil verəcək. Çünki bunu Pxenyan rejiminin yaşaması üçün təminat sayır: “Şimali Koreya nə Çindən asılı olmaq istəyir, nə də Birləşmiş Ştatlardan. Əgər Trampla Kim Çen İnin görüşünün nəticəsi uğursuz olsa, iki ölkə arasındakı münasibətlərdə yeni gərginlik yaranacaq. Bu da təbii olaraq hərbi münaqişə riskini artıracaq”.

Trampın Şimali Koreya lideri ilə görüşü mayın sonlarına planlaşdırılır. ABŞ prezidenti bu barədə geniş danışmasa da, onu bildirib ki, görüşün bütün dünya üçün uğurlu olmasına var gücüylə çalışacaq.

Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.