Xəzər qarşıdurma meydanına çevrilir; Təhdid Bakı və Astananı bir araya gətirib

30-04-2018, 09:35   


Xəzər qarşıdurma meydanına çevrilir; Təhdid Bakı və Astananı bir araya gətirib

Aprel ayının əvvəlində Rusiyanın müdafiə naziri Sergey Şoyqu Xəzər donanmasının Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürüləcəyini bəyan etməklə yanaşı, həm də bu donanmada hərbçilərin sayının artırılacağını da bildirmişdi.

Rusiyanın ordu rəhbəri rəsmi Moskvanın addımına aydınlıq gətirməsə də, bu, Azərbaycan və Qazaxıstanın, o cümlədən Türkəmistanla Özbəkistanın Xəzərdən keçməklə Azərbaycanın liderlik etdiyi neft kəmərlərinə qoşulmaq cəhdinə təhdid kimi qiymətləndirilir.

Rusiya tərəfi bu diversifikasiya ilə bağlı çox rahat davranır və Azərbaycanın sərhədlərinin 200 kilometrliyinə böyük hərbi birləşməni yerləşdirməsinə aydınlıq gətirməyə ehtiyac duymur.

Xəzər qarşıdurma meydanına çevrilir; Təhdid Bakı və Astananı bir araya gətirib

Bir müddət əvvəl "Komsomolskaya Pravda” qəzetinə müsahibə verən ehtiyatda olan rusiyalı polkovnik Viktor Baranets isə Rusiyanın Xəzərdə güclənmək planının toplum üçün görünməyən tərəflərinə işıq salıb. Moskvanın qeyri-rəsmi mövqeyini çatdıran polkovnik, Rusiyanın bu addım ilə Azərbaycana meyilləndiyini dilə gətirib.

Bu bölgənin gələcəkdə baş tutacaq enerji resursları uğrunda mübarizənin əsas meydanlarından birinə çevriləcəyini deyən Baranets, Rusiya Baş Qərargahının artıq bu planlara bələd olduğunu, ona görə də Azərbaycan sərhədlərində möhkəmləndiyini deyib.

Azərbaycana təhdidlərin hər zaman şimal qonşusu və Xəzər dənizindən gəldiyini bildirən ekspertlər isə rəsmi Bakının təhdid olunduğunu düşünürlər. Sözsüz ki, bu sırada qonşu İran faktoru da var. Hansı ki, bu ölkə ilə də yaxın zamanlara qədər Xəzərdə mübahisəli neft yataqlarımız olub.

Lakin Ruhaninin son səfərindən sonra bu problemin çözüldüyü hiss olunur. Təsadüfi deyil ki, Azərbaycanla İran 20 ildən çoxdur mübahisə predmeti olan yataqların birgə işlənməsinə razılaşıblar. Ona görə də, indiki məqamda İranın, özü də Azərbaycan vasitəsi ilə, həm də ortaq dəmiryolu xətti layihəsini həyata keçirdiyi ərəfədə nə ölkəmizə, nə də bölgəyə qarışıqlıq salan planlara əl atması ağlabatan deyil.

Amma bunu Rusiya barədə demək mümkünsüzdür. Moskva açıq-aşkar Xəzərə əlavə hərbi güc yeritməklə, Orta Asiya və Azərbaycanın dünyaya daha geniş açılan pəncərəsini qapatmaq niyyətini gizlətmir.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün əvvəl gözlənilmədən Londona səfər etdi. O, Britaniyanın baş naziri Tereza Meylə birlikdə SOCAR və BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni sazişin (HPBS) imzalanması mərasiminə qatıldı.

"BP Azerbaijan" şirkətindən verilən məlumata görə, HPBS Azərbaycan prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə London şəhərində SOCAR-ın rəhbəri Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalanıb.

SOCAR prezidenti R. Abdullayev imzalanma mərasimində çıxış edərək deyib ki, Azərbaycanın BP ilə artıq uzunmüddətli əməkdaşlıq ənənəsi formalaşıb: "Əminəm ki, hər iki şirkətin malik olduğu müasir neft-qaz texnologiyaları və unikal tarixi təcrübə sayəsində bu əməkdaşlıq öz uğur silsiləsini davam etdirəcək”.

B. Dadli isə bildirib ki, bu saziş Azərbaycanda uzunmüddətli hasilatı dəstəkləmək üçün Xəzərdə əlavə imkanların araşdırılması məqsədilə SOCAR və BP-nin yeni birgə səylərinə söykənir: "25 ildən çoxdur ki, biz bu regionda fəaliyyət göstəririk. İnanırıq ki, burada hələ də əhəmiyyətli neft və qaz potensialı mövcuddur”.

Xəzər qarşıdurma meydanına çevrilir; Təhdid Bakı və Astananı bir araya gətirib

Qeyd edək ki, D230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində, təxminən 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok, təxminən 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən BP şirkəti 50 faiz işitrak payına malik olmaqla kəşfiyyat dövründə operatorluq edəcək, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. Bundan əvvəl, 2016-cı ilin may ayında D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Onu da qeyd edək ki, BP və tərəfdaşları Azərbaycanda ilk HPBS-i SOCAR-la 1994-cü ildə "Azəri", "Çıraq" və "Günəşli" (AÇG) yataqlarının dərinlikdə yerləşən hissəsinin işlənməsi üçün imzalayıblar. AÇG üzrə hasilat 1997-ci ildə başlanıb və həmin vaxtdan etibarən bu yataqlardan, ümumilikdə 3,3 milyard bareldən artıq neft hasil edilib. 2017-ci ildə SOCAR və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən tərtib olunmuş HPBS-i imzalayıblar, bununla da həmin sazişin müddəti 2049-cu ilin sonuna qədər uzadılıb.

BP və tərəfdaşları 1996-cı ildə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üçün HPBS-i imzalayıblar. Bu yataqdan hasilat 2006-cı ildə başlanıb. Yatağın işlənməsinin ikinci mərhələsi - "Şahdəniz 2" layihəsi çərçivəsində hasilatın bu il başlanması planlaşdırılır.

BP həmçinin, SOCAR ilə iki geoloji kəşfiyyat HPBS-i imzalayıb: 2010-cu ildə "Şəfəq-Asiman" bloku üzrə və 2014-cü ildə Abşeron yarımadasının ətrafındakı dayaz sulu ərazi üzrə. Hər iki HPBS çərçivəsində seysmik tədqiqat proqramları başa çatıb və hazırda qazma əməliyyatlarının planlaşdırılması davam edir.

Göründüyü kimi, İngiltərə məhz BP-nin xətti ilə Azərbaycanın şimalında, yəni Rusiyanın “qulağının dibində” neft çıxarmaq üçün Bakı ilə anlaşmaqla, Moskvaya “biz varıq, siz Xəzərdə bizim müttəfiqlərimizi istədiyiniz kimi təhdid edə, əzə bilməzsiniz”,- mesajı verib. Bu, eyni zamanda, sanki Rusiyanın Azərbaycanın şimalında donanmasını gücləndirməsinə cavab idi.

Azərbaycanın yerləşdiyi əhəmiyyətli coğrafi mövqe və neft-qaz ehtiyatı, onun daşınması kimi məsələlər Qərb üçün önə çıxır. Lakin onu da unutmayaq ki, son aylar Qazaxıstan və onun lideri Nazarbayev də birbaşa İlham Əliyevin planına uyğun hərəkət etməyə başlayıb.

Belə ki, Azərbaycanın Londonda Xəzərdəki yataqlarla bağlı yeni saziş imzalamasına paralel olaraq, Qazaxıstan parlamentinin yuxarı palatası ABŞ-a Pentaqonun bazalarını Xəzərdə yerləşdirməsinə (Əfqanıstana hərbi yüklərin tranziti üçün) icazə verən sənədi ratifikasiya edib.

Qazaxıstanın xarici işlər naziri Qayrat Abdraxmanov bildirib ki, ABŞ-ın təklifi ilə xüsusi yüklərin Əfqanıstana tranziti üzrə marşrut indi Gürcüstan və Azərbaycan ərazisindən keçəcək. Əvvəlcə Xəzər dənizi vasitəsilə Qazaxıstana, ondan sonra isə dəmiryol nəqliyyatı ilə Sarıaqaş, Kələs və ya Beyneu-Karakalpakiya stansiyaları ilə Özbəkistana, oradan da Əfqanıstana.


Yeri gəlmişkən, ABŞ-ın 10 min, NATO-dakı müttəfiqlərinin isə 3 min nəfərlik hərbi kontingenti hələ də Əfqanıstanda qalmaqdadır.

Xəzər qarşıdurma meydanına çevrilir; Təhdid Bakı və Astananı bir araya gətirib

Qazaxıstanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, yoxlama-keçid məntəqələrinə Aktau və Kurık limanları da əlavə edilib. Bütün bunlar da ABŞ-ın (qonşu Əfqanıstanda sülhü və stabilliyi qorumağa çalışan ölkə olaraq) strateji müttəfiqi olan Qazaxıstanın maraqlarına tam cavab verir.

Əfqanıstana yüklərin tranziti ilə bağlı Xəzərdəki Aktau limanından istifadə imkanlarına dair ABŞ ilə Qazaxıstan arasında danışıqların getdiyi ilk dəfə 5 il əvvəl ortaya çıxmışdı. Bu xəbər rəsmi Astananın istəyi xaricində sızdırılmış və nəticədə hökumət rəsmiləri etiraf etməli olmuşdular.

Xəbər Rusiya rəhbərliyində qıcıq yaratmışdı. Belə məlum olurdu ki, Rusiyanın yaxın tərəfdaşı, bütün inteqrasiya layihələrinin iştirakçısı olan Nursultan Nazarbayev Moskva ilə məsləhətləşməyə ehtiyac duymayıb.

“Biz Xəzərdə işləri birgə görmək barədə razılaşmışdıq. Orada Xəzərə aidiyyəti olmayan dövlətlərin silahlı qüvvələrinin peyda olması bu razılaşmanın ruhuna ziddir”, – deyə Rusiya Dumasının MDB məsələləri üzrə komitəsinin birinci müavini Konstantin Zatulin yaranmış durumdan narazı qaldıqlarını dilə gətirib.

Bəli, ilk baxışdan hər şey Əfqanıstanla bağlı izah olunur. Lakin məsələnin gizli tərəfi, sözsüz ki, Rusiyanı Xəzərdə durdurmaqla bağlı olduğuna dünyanın ən məşhur ekspertləri belə şübhə etmirlər. Azərbaycan kimi, Qazaxıstan da rəsmi Moskvanı qəzəbləndirib, əlavə problemlərə yol açmamaq üçün çox ehtiyatlı siyasət yeridir.

Qazaxıstanın “Real Politik” analitik xidmətinin rəhbəri Talqat Mamırayımov isə ehtimal edir ki, Astana Kreml ilə ilkin məsləhətləşmələr aparıb:

“Ola bilsin ki, bu məsələ Nazarbayevin hələ Vaşinqtona səfərindən əvvəl müzakirə olunub. Çünki səfər zamanı Nazarbayev ABŞ hərbçilərinin Əfqanıstan ərazisində mövcudluğunun vacib olmasından danışmışdı. Kreml ilə bəlli konsensus olmadan Nazarbayev bunu çətin ki, müzakirəyə çıxarardı. Böyük ehtimalla, onun Putinlə bu barədə söhbəti olub və tərəflər limanlardan tranzit üçün istifadə oluna biləcəyinə dair razılığa gəliblər”.

Qeyd edək ki, bu ilin əvvəlində N. Nazarbayevin Vaşinqtona üçgünlük səfəri olmuş və ABŞ prezidenti Donald Tramp onu yüksək səviyyədə qarşılamışdı. Hələlik görünən odur ki, ABŞ-la Qazaxıstanın bütün sahələrdə, eləcə də hərbi sahədə əməkdaşlıq səviyyəsi artan xətt üzrə gedir.

Bu yaxınlarda Vaşinqtonda hərbi əməkdaşlığa dair 2018-2022-ci illəri əhatə edən beşillik plan imzalandı. Deyilənlərə görə, sənəddə Xəzərin Aktau limanında ABŞ Hərbi-dəniz qüvvələrinin bazasının yaradılacağı imkanlarından da bəhs olunur. Lakin bu barədə rəsmi məlumat verilmir.

Bundan başqa, planda Xəzərdə Qazaxıstan dəniz donanmasının inşasına ABŞ-ın dəstəyindən də bəhs olunur. Aktau limanında təlim poliqonu qurula bilər ki, onu da asanlıqla hərbi-dəniz bazasına çevirmək mümkündür.

ABŞ Qazaxıstana hərbi texnika verib. Bu ölkənin ordusuna NATO standartlarına uyğun təlimlər keçir ki, Qazaxıstan hərbçiləri alyansın xaricdəki əməliyyatlarında iştirak edə bilsin. Qazaxıstanda keçirilən bütün hərbi təlimlərdə amerikalı müşahidəçilər iştirak edir. Rusları isə bu təlimlərə heç də həmişə dəvət etmirlər.

Məlum olduğu kimi, Xəzər bir neçə ölkəyə – Azərbaycan, İran, Türkmənistan, Rusiya və Qazaxıstana məxsusdur. Bugünədək bu dövlətlər Xəzərin hüquqi statusuna dair mübahisələri bitirə bilməyiblər.

Bəzi ekspertlər ehtiyat edir ki, Xəzər sularında ABŞ-ın peyda olmasından sonra vəziyyət bir qədər də gərginləşə bilər. Məsələn, ABŞ-ın Qazaxıstan limanlarından tranzit üçün istifadə etməsinə İran necə yanaşacaq? Sözsüz ki, Tehran bundan məmnun qalmayacaq. Amma İran hökuməti məsələyə hələ ki, rəsmi mövqe bildirməyib.

Xəzər qarşıdurma meydanına çevrilir; Təhdid Bakı və Astananı bir araya gətirib

2016-cı ilin əvvəlində İranın üzərindən Qərbin əksər sanksiyaları götürüldü. Təbii ki, Tehran bütün sanksiyalardan qurtulmaq istəyir. Ona görə də bir müddətdir, ABŞ-ın ünvanına o qədər də sərt bəyanatlar səsləndirmir.

Digər Xəzər dövlətlərinin də məsələyə qarşı çıxacağı gözlənilmir. Ən azı ona görə ki, tranzit məsələsinin onların milli maraqlarına mənfi təsiri yoxdur.

Rusiyalı ekspertlər hesab edirlər ki, Qazaxıstanın məlum qərarı Moskvaya sərfəli olmasa da, birbaşa təhdid də yaratmır: “Yəqin ki, Kremlin kəskin bəyanatına şahid olmayacağıq. Qazaxıstan suveren dövlətdir və özünə lazım olduğu kimi davrana, addım ata bilər. Keçid məntəqələrindən biri sonradan hərbi bazaya çevrilsə, nə olacaq?

ABŞ-ın bu gün xaricdə 700 hərbi bazası var. Bu da növbəti olar. Rusiya üçün xoşagəlməzdir, amma Moskva buna mane olmaq iqtidarında deyil”.

Reyting.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.