Serj Sərkisyan baş nazir postundan istefa verdikdən sonra Ermənistanda daxili siyasi böhran səngimək əvəzinə, artıq üçüncü həftəyə keçib. İşğalçı ölkədə ikihakimiyyətlilikdir: bir yandan, Qarabağ klanı Rusiya ilə əlaqələri hesabına öz mövqeyini qoruyub saxlamağın yollarını arayırsa, digər yandan, üsyançı deputat Nikol Paşinyanın başçılıq etdiyi “küçə hakimiyyəti” rejimə təzyiqləri günbəgün artırır.
Maraqlıdır ki, bir sıra təhlilçilər ermənilərin Moskvaya sədaqət dərəcəsindən çıxış edərək, baş verənləri məxməri inqilab adlandırmağa tələsmir, bunu sırf “erməni inqilabı” adlandırırlar. Ancaq üsyan qalib gələndə inqilab, məğlub olanda isə elə üsyan kimi tarixə düşür. Sərkisyanın istefasından sonra isə hakimiyyət sükanı hələ ki, legitim olaraq müxalifətə keçməyib. Bu mənada ermənilərin tələyə düşdüyünü düşünənlər də var.
*****
Sabah - mayın 8-də Ermənistan parlament ikinci və axırıncı cəhddə ölkənin 1-ci şəxsini - baş naziri seçməlidir. Əgər bu dəfə də baş nazir seçilməsə, konstitusiyaya görə, parlament buraxılmalı və 3 ay ərazində yeni seçkilər keçirilməlidir. “Yeni Müsavat” xatırladır ki, bir həftə öncə keçirilən səsvermədə yeganə iddiaçı Nikol Paşinyanı 105 deputatdan 45-i dəstəkləmiş, 55 deputat, əsasən də hakim partiyanın təmsilçiləri isə vədlərini tutmayaraq, onun əleyhinə səs vermişdilər (Qələbə üçün 53 səs lazım idi).
Bu dəfə də yeganə namizədin yenə Nikol Paşinyan olacağı gözlənilir. Artıq parlamentdəki 4 deputat fraksiyasından üçü - “Tsarukyan”, “Çıxış”, və “Daşnaksütyun” onun xeyrinə gərəkən imzaları verib. Hakim Respublikaçılar Partiyası isə parlamentin 1/3-də birinin dəstəklədiyi namizədə mane olmayacağını bəyan edib. Yeni baş nazir isə növbədənkənar parlament seçkiləri keçirilənədək ali baş komandan və Təhlükəsizlik Şurasının rəhbəri olacaq. Məsələnin Azərbaycan üçün önəmi həm də bundan ibarətdir.
*****
Sabahkı hadisə ilə bağlı Ermənistan daxilində gərginlik, əsəbi bir ab-hava hökm sürür. Çünki ilk baxışda 8 may səsverməsinin nəticələri bəlli kimi görünsə də, fors-major vəziyyətlər də istisna deyil. Hər halda hakim qüvvə, ölkəni 20 ildir idarə edən Qarabağ klanı, Sərkisyan-Köçəryan tandemi məğlubiyyətlə asanca barışana, hakimiyyəti problemsiz Paşinyana verənə oxşamır. Proseslərdə Moskvanın gizli “dirijor çübuğu” da işini görməkdədir.
Nəhayət, onu da unutmaq olmaz ki, Ermənistan 1999-cu ildə parlamenti gülləbaran edilən və nəticədə baş nazir və spiker də daxil, 8 nəfərin öldürüldüyü, yəni terrorun siyasi mübarizə vasitəsi kimi məqbul sayıldığı ölkədir.
*****
Parlamentin 8 may krtik iclası ilə bağlı yerli və xarici ekspert gözləntiləri müxtəlifdir. “Yeni Müsavat” xəbər verir ki, erməni politoloq Aleksandr İsgəndəryana görə, bundan sonra proseslərin üç inkişaf variantı mümkündür: “Ya Paşinyan parlamentdə onun qələbəsi üçün çatmayan səsləri qoparda biləcək, ya ona respublikaçılara zəmanət vermək müyəssər olacaq, ya da parlament buraxılacaq. Bu, heç də ən yaxşı variant deyil, nədən ki, seçkiləri hazırkı seçki komissiyaları təşkil edəcək və bu, bir ay və ya ayarım sonra baş verəcək - nə vaxt ki, Paşinyanın partiyası azlıqda olacaq”.
“Xalq hərəkatı mahiyyət etibarilə ən həyəcanlı fazasına girib. Risk qismində nəzəri ssenarilər çoxsaylı ola bilər - Paşinyanın yerinə bir başqasının olmasından tutmuş, son anda hakim partiyanın səsvermədən imtina eləməsi və beləliklə, müvəqqəti hökumət yaradılaraq erkən seçkilərə gedilməsi variantına kimi”. Bu sözlər isə 1 in.am nəşrinin siyasi şərhçisi Aram Amatuninin məqaləsindədir.
Müəllif ardınca yazır: “Başqa ağla gələn və gəlməyən ssenarilərdən də söz açmaq olar - o cümlədən hakim partiyanın öz mövqelərini saxlamaq üçün cəbhə xəttində təxribat törətməsinədək. Hər halda son olaylar göstərir ki, bu partiyadan hakimiyyəti saxlamaq naminə istənilən hərəkəti gözləmək olar. Aydın deyil ki, cəmi bir gün içində hakim partiyanı öz mövqeyini dəyişməyə nə vadar edib? Siyasi məntiq diktə edir ki, mayın 8-də Ermənistanda yeni baş nazir olacaq. Amma gəlin, yüz faizlik iddiadan çəkinək - ta ki, həmin gün parlamentin tablosunda məxməri inqilabın qələbəsi fiksə olunanadək”.
*****
“Hazırda Ermənistanda diaspor ilə Rusiyanın kəşfiyyat orqanları arasında ciddi mübarizə gedir”.
Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli deyib. O bildirib ki, diaspor Ermənistan üçün mənşəcə ermənistanlı olan yeni bir rəhbər axtarır: “Bu mübarizədə diasporun pul vasitəsi ilə bütövlükdə prosesləri nəzarət altına ala biləcəyinə inanmıram. Rusiya artıq bu işə var qüvvəsini sərf edir. Rusiya, eləcə də Qarabağ klanı Ermənistanda situasiyanı qoruyacaq və buradakı vəziyyətə nəzarəti ələ alacaq. Çünki Paşinyan indiki şəraitdə diasporun da ümidlərini doğrulda bilməz. Ermənistanda çox çətin və spesifik şərait yaradılıb, Ermənistan dövlətçiliyi tamamilə dağılıb. Bu kontekstdə Rusiya artıq buradakı prosesləri yaxından izləyir və sona qədər də nəzarət etmək fikrindədir”.
Politoloqun fikrincə, Ermənistanda hadisələr Rusiyanın ssenarisi əsasında gedir. Onun fikrincə, digər maraqlı məqam odur ki, Ermənistan parlamentinin nizamnaməsinə görə, bir dəfə seçilməyən adamın namizədliyi ikinci dəfə verilə bilməz: “Ancaq Paşinyanın ikinci dəfə namizədliyini verəcəyi deyilir. Əsas məsələ səs yığmaqdır. Mən inanmıram ki, Paşinyan özünə lazım olan səsi toplasın”.
“Məncə, Paşinyanın əmlakın yenidən bölüşdürülməsiylə bağlı çox böyük sosial proqramı var. Bu isə hər zaman ictimaiyyəti həyəcanlandırır, daxili gərginliyi gücləndirir. Bəzən isə onu vətəndaş müharibəsinə çevirir”. Bunu isə “Moskva-Bakı” portalına müsahibəsində rusiyalı yazar, ideoloq Aleksandr Proxanov deyib. Onun sözlərinə görə, Paşinyan və Sərkisyan tərəfdarlarının qarşıdurması Qarabağ və İrəvan klanlarının qarşıdurması kimi qəbul edilə bilər: “Bu konflikt çoxdan mövcuddur və indi daha sərt forma alıb. Tərəflərdən birinin qələbəsi konfliktin yatırılması demək deyil. Bundan sonra Ermənistanda Amerikanın mövcudluğu güclənəcək. Erməni ictimaiyyəti isə çox güclü şəkildə amerikanlaşdırılıb. Moskva Vaşinqtonun buradakı böyük təsirinə dözməyəcək”.
*****
ABŞ isə bu arada “Ermənistanın yeni hökuməti ilə əməkdaşlığa hazır olduğunu” bəyan edib. Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert onu da deyib ki, Ermənistandakı siyasi proseslər bu ölkənin daxili işidir. “Biz əminik ki, yaranmış situasiya Ermənistan konstitusiyasına uyğun olaraq, sülh yolu ilə həll ediləcək. Biz Ermənistana dost ölkə kimi, siyasi dalandan çıxış üçün konstruktiv dialoqun tərəfdarıyıq”, - deyə o qeyd edib.
Rusiya isə “yeni hökumətlə işləməyə hazır olduğunu” bəyan eləməyə tələsmir. Hələ ki, Moskvadan analoji bəyanat səslənməyib. Bu da ehtimal eləməyə əsas verir ki, Kreml hər halda Paşinyan və dəstəsinin Rusiyayönlü bəyanatlarının səmimiliyinə tam inanmır. Ermənistandakı proseslərdə əsas sözü isə yəqin ki, yenə Rusiya deyəcək. Kremlin şahmat dili ilə desək, erməni gedişi nə olacaq, Qarabağ klanına, ABŞ-a, yoxsa Paşinyana “mat” deyiləcək? 1 gün gözləyək.
*****
Sonda əlavə edək ki, 8 may həm də Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın işğal günüdür. Ümid edək ki, budəfəki ildönüm erməniləri “ikiqat” bayram əhvalına deyil, yasa batıracaq. Zatən, gec-tez Şuşaya görə düşmən onsuz da bədəl ödəyəcək - Paşinyan baş nazir, ali baş komandan olsa da, olmasa da...
“Yeni Müsavat”ın
analitik xidməti