Füzuli rayon sakinləri yerli məhkəmənin sədri Məhəmməd Bağırovun qanunsuz əməllərindən cana doyub. Rayon sakinləri anaxeber.info-a bildirib ki, Məhəmməd Bağırov məhkəmə sədri kimi qanunun aliliyini təmin etmək, ədalət prinsiplərini üstün tutmaq əvəzinə öz fəaliyyətini öz “qanunları”na uyğun qurub.
Sakinlər iddiasına görə, Füzulidə vətəndaşın xəbəri olmadan barəsində məhkəmə qərarı çıxarılması adi hala çevrilib. “Bir gün hər kəsin qapası döyülə və ona məhkəmə qərarı təqdim edilə bilər. Bu artıq qərarın icraya yönədilməsi zamanı baş verir. Vətəndaşın nə məhkəmədən, nə prosesdə baş verənlərdən xəbəri olmur”,- deyə sakinlər bildirib.
Digər problem boşanmayla bağlı məsələdir. Sakinlər deyib ki, Füzuli Rayon Məhkəməsində boşanma ilə bağlı ərizələrə baxılması üçün Məhəmməd Bağırovun öz şərtləri var. “Boşanma ərizələrinə adamına görə 200-500 manat civarında “rüsum” alınmasa baxılmır”, - sakinlər belə deyir.
Füzuli Rayon Məhkəməsinin qərarlarından verilə apelyyasiya şikayətlərinin təmin olunması vətəndaşı nə qədər sevindirirsə, bu işə yenidən baxılmasının aylarla uzadılması onları narazı salır.
Sakinlərin sözlərinə görə, hər hansı məsələyə görə məhkəməyə müraciət edən vətəndaş çıxarılan qərarı almaq üçün aylarla gözləməli olur, bəzən isə qərarı almaq qismət olmur.
İddia olunur ki, Məhəmməd Bağırov müşavirə etməyi sevmir. O prosesin sonunda müşavirə otağına yollanmadan qərarı zalda elan edir. “Deyir ki, mən belə istəyirəm. O istək və arzularını qanun şəklində tətbiq edir”,- deyə sakinlər əlavə edib.
Məlumata görə, hazırda Füzuli rayonunda ən çox narazılıq edilən sahə məhkəmə sistemidir. Sakinlər rayonda məhkəmin ədalətsizliyini birbaşa Məhəmməd Bağıdovun fəaliyyətilə bağlayırlar. Onlar iddia edir ki, hakimlərin qanunsuzluğu da sədrin tapşırıqlarından doğur.
“Belə davam etsə rayon camaatı məhkəmə sədrinə qarşı etiraz aksiyalarına başlaya bilər” - sakinlər bildirib.
anaxeber.info