“Putin Rusiyası: Qanqsterlər oğurlaya, dələduzluq edə,pulların yuyulması ilə məşğul ola bilərlər”
Professor Mark Qaleotti Danimarkanın “Berlingske” nəşrinə verdiyi müsahibəsində bildirir ki, prezident Putin dahi taktik və yarıtmaz strateqdir və onun Rusiya kriminal aləmi ilə əməkdaşlığı bunun nümunələrindən biridir.
O, başqa ölkələrə soxulmaq üçün qanqsterlərdən istifadə edir. Putin qanqsterlərlə belə yaxınlıq nəticəsində yaranmış indiki kriminal rejimdən qurtula bilmir. Prezident Putin qanqsterlərsiz Krıma və Şərq Ukraynaya soxula bilməzdi. O, Soçidəki olimpiya obyektlərini onların köməyi olmadan tikə bilməzdi. Putin qanqsterlərdən yerli siyasətdə, geosiyasətdə istifadə edir. O, özünün təhlükəsizlik xidməti üçün “boz” pullar qazanmaqdan ötrü onlardan istifadə edir.
Bəs qanqsterlər Putinin nəyinə lazımdır?
Prezident Putin onları qoruyur. Onların soyğunçuluq, oğurluq, dələduzluq və şantajla məşğul olmaları ilə razılaşır.
Bunlar professor Mark Galeottinin yeni və sensasiyalı “The Vory” kitabından götürülmüş fikirlərdir. Kitab Qərbə qarşı Rusiyanın istifadə etdiyi hibrid müharibəsinin elementi olan qanqster şəbəkəsindən bəhs olunur.
Qaleotti Rusiyadakı kriminal aləmlə siyasət arasındakı simbiozu araşdıran tanınmış ekspertlərdəndir. O, Praqadakı Beynəlxalq Əlaqələr İnstitutunun baş elmi işçisi və həm də Praqdakı Karlova Universitetinin professorudur. Bu yaxınlarda Qaleotti Rusiyaya tətbiq olunan sanksiyalarla əlaqədar Britaniya parlamentinin xarici siyasət komitəsində çıxış edib. Onun birinci kitabı olan “Əfqanıstan: Sovet İttifaqının son müharibəsi”baş verənlərə tamamilə yeni baxış acısından yanaşılamsı ilə yadda qalıb. Qaleotti Rusiyada Əfqanıstan müharibəsi veteranları ilə görüşərək onların söhbətlərini dinləyib. Sonradan Qaleotti 14 kitab yazıb.
“Berlingske” Londonda ondan müsahibə götürüb. Həmin müsahibəni təqdim edirik:
– Siz öz kitabınızda Putin rejimi və Rusiyanın cinayətkar aləmi arasındakı münasibəti təsvir edirsiniz. İndi siz bu münasibətləri qısaca şərh edə bilərsinizmi?
– Qanqsterlər şəhərdə dövlətin ən güclü və ən böyük quldur dəstəsi olduğunu etiraf etməlidirlər. Əgər onlar bunu etsələr, onda rejim onlara dözüm nümayiş etdirəcək və onlarla əməkdaşlığa gedəcək. Yox, əgər qanqsterlər rejimə meydan oxumağa başlasalar, onda dövlətin cəzaverici əli onların boğazından yapışacaq. Buna nümunə kimi öz şəxsi hakimiyyətində meydan sulayan Sankt-Peterburqdan olan yerli qanqster bossu Vladimir Barsukovu göstərmək olar. Ona Kreml zərbə endirərək, bəlkə də lazım olduğundan da artıq güc göstərdi və indi Barsukov həbsdədir.
– Baruskov qanqsterlərin digər bosslarından heç də çox kriminal deyildi, ancaq o rejimə qarşı gedirdi, bax budur fərq…
– Düzdür. Putin və onun adamları qanqsterlərə dözürlər, onlarla əməkdaşlıq edirlər, lakin onlar qanqsterlərin meydan oxumasını qəbul etmirlər. Belə bir vəziyyət Putini əhatə edən oliqarxlara da aiddir. Onlar oğurlaya bilərlər, onlar dələduzluqla məşğul ola bilərlər, çirkli pulları yuya bilərlər və rejim buna dözər. Amma əgər birdən onlar rejimə qarşı gedərlərsə, onda rejim zərbə vuracaq.
– Putin rejimi ilə qanqsterlərin əməkdaşlığı ilə bağlı olan iki məsələ üzərində daha ətraflı dayanmaq istərdik. Birinci məsələ sizin kitabınızdandır və Eston Kohverlə əlaqədardır…
– Eston Kohver Estonya təhlükəsizlik polisində müstəntiq işləyirdi. 2014-cü ilin sentyabrında o, Estoniya kəndində öz mənbələrindən biri ilə görüşməliydi. Rusiyanın xüsusu agentləri sərhəddi keçib işıqlandırıcı qumbaradan istifadə edərək, hücum çəkib Kohveri qaçırıb Moskvaya apardılar və ona casusluq ittihamıyla 15 illik həbs cəzası veriblər. Kohver casus deyi, o, müttəşəkil cinayətkarlığı və qaçaqmalçılığı təhqiq edirdi – xüsusən də sərhəddən keçirilən siqaretləri. O, Rusiya təhlükəsizlik orqanı Federal Təhlükəsizlik Xidmətinin (FTX) böyük “qida”mənbəyi olan qanqsterlərin və onların qaçaqmalçılıq əməliyyatlarının izinə çox yaxından düşmüşdü. Ona görə də, onu ortadan götürmək lazım idi.
– Yəni FTX Rusiya mütəşəkkil cinayətin təhqiqatını dayandırmaqdan ötrü beynəlxalq böhran yarada biləcək riskə gedib?
– Bəli, bu cinayətdə öz payını təmin etmək də var. FTX bu cür cinayətlərdən öz çirkli əməliyyatlarını maliyyələşdirmək üçün istifadə edir. Məsələn, onlar gizli şəkildə öz tərəfdarlarına və Qərbdəki populist partiyalara və həmçinin də haker hücumları və dezinformasiya yaradıcılarına pul ödəyirlər.
– Digər xarakterik nümunə Cefri Delayldır…
– Delayl Rusiyanın hərbi kəşfiyyatı olan Baş Kəşfiyyat İdarəsinə (QRU) gizli məlumatlar ötürən Kanada donanmasının leytenatı olub. Onu 2012-ci ildə ifşa ediblər və istintaqın gedişində çox təəccüblü bir məsələ ortaya çıxıb: QRU Delayldan xahiş edib ki, o, Kanada polisinin rusiyalı qanqsterlər barəsində hansı məlumatlara malik olmasını müəyyənləşdirsin. Haqqında söhbət salınan qanqsterlər kəşfiyyat agentləri deyillər, onlar dələduz, soyğunçu və oğrudurlar…
– Bəs nəyə görə?
– Mənim məlumatıma görə, QRU agentləri bank soymağa cəhd ediblər. Əgər kimsə Rusiya hakimiyyətinə işləyirsə, məsələn, polisə və ya kəşfiyyata işləyirsə, o həmişə fikirləşir ki, bildiyi şeylərdən istifadə edərək pul qazansın. QRU agentləri Kanada polisinin məlumatlarına girmək istəyiblər ki, əldə etdikləri bu məlumatları həmin işdə maraqlı olan qanqsterlərə satsınlar.
– Siz kitabınızda daha bir nümunə kimi polkovnik Sergeydən bəhs edirsiniz…
– Sergey FTX zabitidir, mən onunla bir neçə dəfə görüşmüşəm. Sergeyin məvacibi elə də çox deyil, həyat yoldaşı işləmir, amma onlar Moskvadakı varlı məhəllələrin birində böyük evdə yaşayırlar. Ev mərmərlə üzlənib və otaqlarda bir neçə ən yeni texnologiyalı televizor var. Onun özü “Range Rover”-də, həyat yoldaşı “BMW”-də, ev xadiməsi isə “Renault”-da gəzirlər. Bu ailəyə pulu Sergeyin qıraq biznesi gətirir. O sənədlər və FTX-nin digər məlumatlarını “boz və qara bazar”a satır.
– Yəni Sergey polisdə öz işini yerinə yetirməklə bərabər həm də polis məlumatını başqalarına ötürməklə pul qazanır. Və bununla bağlı ona heç nə demirlər?
– İki kəlimə ilə ifadə etsək, bu Putin Rusiyasıdır!
– Putinin Rusiyanın kriminal aləmi ilə geniş miqyaslı əməkdaşlığı ilk dəfə 2014-cü il üzə çıxıb. O, əvvəl qanqsterlərdən Krıma girmək üçün, bundan iki ay sonra isə Ukraynanın şərqindəki Donbasa soxulmaq üçün istifadə edib. O, nəyə görə qanqsterlərin xidmətindən istifadə edib?
– 2014-cü ildə Putin Krımı Ukraynadan qoparmaq qərarına gəldikdə Kremldə belə bir məsələ ortaya çıxdı: bu regionda bizim hansı güclərimiz var? Krımda olan qanqster şəbəkəsi ruslardan ibarət idi. İqtisadi baxımdan onlar Kremlə kömək etməkdə maraqlıydılar. 2014-cü ilin fevralında Rusiya xüsusi təyinatlıları Krıma soxulanda, onlara qollarına qırmızı bağlamış, əyinlərinə hərbi forma geyən və yeni silahlar gəzdirən adamlar kömək göstərdilər. Bunlar yerli qanqsterlər idilər və ruslar Sergey Aksyonovu Krımın baş naziri etməklə, onlara göstərdikləri köməyin əvəzini ödəmiş oldular. Aksyonov əvvəllər yerli Salem quldur dəstəsinin başçısı idi.
Putin yerli qanqsterlərdən 2014-cü ilin aprelində Donbasa soxulanda da istifadə etdi. Onları Donbasın hər yerində görmək olar. Regionu məhz onlar idarə edirlər, Rusiya ordusu onlar üçün sipərdir.
– Ola bilər ki, geosiyasətdə qanqsterlərdən istifadə olunması – yaxşı taktikadır, amma pis strategiyadır?
– Bəli, məhz belədir. Bu bütün Putin dövrünün ən möhtəşəm metaforasıdır. O, gözəl taktikdir və buna görə də o çox şey edə bilir. Lakin strateq kimi o fəlakətdir. Çünki baxın, bizim danışdıqlarımız baş tutdu, bəs sonra? Qanqsterlər Krım və Donbası ələ keçiriblər, bununla nə olur ki?
Krımda qanqsterlər yerli biznesi soyurlar, reketlə məşğuldurlar, yarımadanın inkişafına xərclənməli olan nəhəng məbləğləri Putinin köməyi ilə çırpışdırırlar. Bu tərz idarəetmə Krım əhalisini boğaza yığıb.
– Bəs Donbasda?
– Orada da elə həmin şeydir. Qanqsterlər özlərinin özəl dövlətini qurublar və Donbasda qanunsuzluq hökmranlıq edir. Məsələn, mən özünü vətənpərvər adlandıran və oraya “faşistlərlə mübarizəyə” gedən bir rus ilə söhbət etmişəm
– O dərindən məyus olub?
– O deyir ki, bu əsl müharibə deyil, bu quldur dəstələri arasında müharibədir. Qanqsterlər Rusiya ordusundan silah və döyüş ləvəzimatları oğurlayırlar və onları satırlar. Təchizat mərkəzi Rusiyanın Rostov şəhəridir. Yəqin ki, bu şəhər bu gün Avropanın ən təhlükəli şəhəridir. Həm də qanqsterlər pis əsgərdirlər. Ukrayna əks-hücum təşkil edəndə onlar dərhal quyruqlarını qısıb qaçırlar, hücumu dəf etmək isə Rusiya ordusunun üzərinə düşür.
– Bu cür oğurluğun yəqin ki, akkumulyasiya effekti var. Rusiya təbii resurslarla zəngin ölkədir, lakin onun iqtisadiyyatı İtaliyanınkından zəifdir. Putinin qanqsterlərin mövcudluğunu qəbul etməsi və onlarla əməkdaşlıq etməsi hansı mənada izah olunur?
– İcazə verin bir nümunə gətirim. Soçi Qış Olimpiya Oyunları Rusiyaya 55 milyard dollara başa gəlib. Tikinti xərcləri təxminən 30 milyard dollar təşkil edib. ”Transparency İnternational”-ın məlumatına görə, bütün pulların yarısını korrupsiya udub. Bu pullar faydalı heç bir şeyə sərf edilməyib, iş yerləri yaradılmayıb, yeni müəssisələr meydana gəlməyib. Pullar sadəcə offşor hesablarda oturdulub.
– Bəzi beynəlxalq məlumatlara əsasən Rusiya iqtisadiyyatının 40%-i “yer altındadır”. Bu, Yunanıstandan iki dəfə çoxdur, yalnız Nigeriyadan bir qədər azdır. Bu istənilən ölkə üçün tamamilə qəbuledilməzdir. Axı nəyə görə Putin iqtisadiyyata müdaxilə etmir və nəyə görə “boz” iqtisadiyyatı “ağ” iqtisadiyya çevirmir?
– Onun əlləri bağlıdır. O özü-özünü küncə sıxışdırıb. Əgər Putin Rusiya iqtisadiyyatını inkişaf etdirsə, onda o qanqsterlərə, oliqarxlara zərbə vuracaq və iqtisadiyyatın rentabelsiz sferasını qapadacaq. Belə olduqda birincisi, bu onu dəstəkləyən dostlarına zərbə olacaq.
İkincisi, bununla köhnə və rentabelsiz müəssisələrdən asılı hala düşmüş böyük əraziyə zərbə dəyəcək. Əgər yaxın dairə və bütöv regionlar Putinə olan inamı itirərlərsə, onda belə vəziyyət onun özünə və onun rejiminə təhlükə törədər. Ona görə də, onun əlləri bağlıdır və yaxın ətrafı bunu nümayiş etdirir.
Nəticədə təkcə Rusiyadan kapital qaçmır, eyni zamanda da ən bilikli rusiyalılar da Putin Rusiyasından heç nə gözləmirlər.
– İctimai rəyin öyrənilməsi ilə bağlı ən təzə məlumatlara görə Putinin ictimai dəstəyi kəskin düşüb və onu indi yalnız 48% dəstəkləyir. Bu insanların Putin dövründən cana gəldikləri anlamına gəlirmi?
– Düşünürəm ki, əksər rusiyalılar siyasi və iqtisadi problemləri görə bilərlər. Mənə elə gəlir ki, əksər rusiyalılar ölkənin inkişaf etməsini istərdilər. Putin bir insan kimi onların xoşuna gəlir və onlar onu yenidən millətin atası kimi seçirlər.
Amma onlar inanmırlar ki, siyasətçi Putin lazım olan dəyişikləri həyata keçirə bilər. Heç bir şəxsi paralel apramadan demək olar ki, bu 1945-ci ilin britaniyalılarını xatırladır. Uinston Çörçil bir insan kimi onların xoşuna gəlirdi, lakin onlara tam aydın idi ki, əgər siyasi dəyişiklik istəyirlərsə, leyborist Klement Ettliyə səs verməlidirlər və onlar belə də etdilər.
– Bir qədər sonra Danimarkada Maqnitski aktı ilə əlaqdar sanksiyaların tətbiqi məsələsi müzakirə ediləcək. Siz bu yaxında sanksiyalarla bağlı Britaniya parlamentinin xarici siyasət komitəsində çıxış etmisiniz. Əgər siz danimarkalılara məsləhət versəydiniz, onlara nə deyərdiniz?
– Mən deyərdim ki, sanksiyalar bəzi nüfuzlu ruslara təsir edir. Onların adlarını açıq söyləyirlər və onlar Qərbə gedə bilmirlər və ya uşaqlarını Qərb məktəblərinə yollaya bilmirlər. Onlar Marbelyedə, Londonda daşınmaz əmlak ala bilmirlər. Artıq onların cinayətlərinin nəticəsi onların özünə toxunur.
– Amma?…
– Sanksiyalar naminə sanksiya tətbiq olunması mənasız bir şeydir. Mən üç kriteriya təklif edərdim. Birincisi -sanksiyalar rusiyalılara tələblə bağlı olmalıdır: Deyilməlidir ki, konkret olaraq əgər siz bunu edərsinizsə sanksiyalar götürüləcək.
İkincisi – sanksiyalar hamıya şamil olunmalıdır. Əgər biz çirkli pullara görə sanksiya tətbiq ediriksə, onda gərək biz bütün çirkli pullara qarşı bunu etməliyik. Məsələn, Körfəzdəki neft dövlətlərinə qarşı.
Üçüncüsü – biz sanksiyalarla yanaşi müsbət təşəbbüs tətbiq etməliyik, məsələn, gənc rusiyalılara bizim məktəblərdə və universitelərdə təhsil almaq üçün stipendiyalar verməliyik.
Putin və onun dövrünə məxsus olan nəslin gələcəyi itirilib. İndi söhbət gələcək nəsil rusiyalıların mübarizəsindən gedir.
(azpolitika.info)