“Neftçala Mərkəzi Xəstəxanasında baş həkimin oğlu biabırçılıq edir və mən səhiyyə naziri cənab Oqtay Şirəliyevə üzümü tutub bu biabırçılığa son verməsini tələb edirəm”.
Bu sətirlər anaxeber.info-a göndərilən şikayət məktubunda qeyd olunub. Məktub müəllifi anonimliyini saxlayaraq qeyd edir ki, YAP-ın rayondakı veteranlarından biridir.
Onun sözlərinə görə, Neftçalanın baş həkimi Telman Zahidov çox qısa bir fasiləni nəzərə almasaq, 30 ildən artıqdır rayon səhiyyəsinə rəhbərlik edir.
“Neftçala səhiyyəsinə rəhbərlik etdiyi bu uzun müddətdə Telman Zahidov demək olar ki, mərkəzi xəstəxananı, digər xəstəxanaları özəlləşdirib.
Telman Zahidov Neftçala Mərkəzi Xəstəxanasına, o cümlədən yaşadığı Aşağı Qaramanlı xəstəxanasına özünün ata malı kimi baxır”, - deyə yazır.
Nazirə müraciət edən YAP-çı bildirir ki, baş həkim xəstəxanadakı idarəçiliyi oğlu Elxan Zahidovun öhdəsinə buraxıb:
“Elxan Zahidov istədiyini tənbeh edir, istədiyini işdən atır, istədiyini işə götürür. Elxan Zahidovun tibb işçilərinə qarşı davranışına görə onu heç kim cəzalandırmır. Bu da xoşagəlməz mənzərə və narazılıq yaradıb. Amma kimsə səsini çıxara bilmir.
Onu da qeyd edim ki, Telman Zahidov da 1993-cü ildən Yeni Azərbaycan Partiyasının ən fəal üzvlərindən biridir. Bu illər ərzində onun da YAP-a müəyyən xidmətləri olub.
Lakin bu xidmətlər ona böyük bir müəssisəni oğlunun külli ixtiyarına verməsinə və Neftçala Mərkəzi Xəstəxanasını istədiyi şəkildə idarə etməsinə səbəb olub. Ona görə də nazirdən təcili tədbirlər görülməsini xahiş edirəm”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Yuxarıda da qeyd etdiyimiz kimi, məktub müəyyən ixtisarla dərc olunub və məktubda irəli sürülən ittihamlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırırq.
anaxeber.info