PAMBIQÇILARI ZƏHƏRLƏYƏN ŞİRKƏTLƏR MƏLUM OLDU - “O pambıq sahələrinə nəinki insanı, heç heyvanı da buraxmaq olmaz”

22-06-2018, 08:35   

 



Məlum olduğu kimi, son günlər pambıq tarlalarında işləyənlərin kütləvi zəhərlənməsi baş verib. Belə ki, iyunun 19-da İmişli rayonunda pambıq sahəsində becərmə işləri aparan işçilər arasında kütləvi zəhərlənmə olub. Zəhərlənənlərin sayının 80-ə yaxın olduğu bildirilib.  Bu hadisədən 9 gün öncə, yəni iyunun 10-da Saatlı rayonunda da pambıq sahəsində kütləvi zəhərlənmə olmuşdu. Rayonun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini “Kimyəvi dərman zəhərlənməsi” diaqnozu ilə Saatlı mərkəzi rayon xəstəxanasına daxil olmuşdu. Hadisədən dərhal sonra ölkə başçısının tapşırığına əsasən zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülmüş, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilmişdi. İmişli hadisəsindən sonra nazir İnam Kərimov bildirib ki,   həm  İmişlidə baş vermiş hadisə, həm də bundan əvvəl Saatlı və Tərtərdə pambıq sahəsində baş verənlərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb, hadisənin əsl səbəbi araşdırılır.
Rəsmi açıqlama olmasa da, bunun pambıq tarlalarında istifadə edilmiş pestisidlərlə bağlı  olduğu bildirilir.
Virtualaz.org-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, pambıq tarlalarında istifadə edilmiş pestisidləri alan iki şirkətin adı məlum olub.
“MTK” MMC и “CTC-agro.az” şirkətlərinin inhisarçılıq qaydasında aldıqları pestisidlər kütləvi zəhərlənmələrə gətirib çıxarıb.
Bu şirkətlərin fəaliyyətini araşdırmaqdadır . Sözügedən şirkətlərin keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədova yaxın sahibkarlara məxsus olduğu bildirilir.
Adlarını çəkdiyimiz inhisarçı şirkətlərin nümayəndələri virtualaz.org-a insanların sağlamlığı üçün təhlükəli olan pestisidlərin ölkəyə gətirilməsinə aidiyyatları barədə məlumatı şərh etməkdən imtina ediblər.
Məlum olduğuna görə, “CTC-agro.az” şirkətinin rəhbəri Zakir Əzimovdur.

Qeyd edək ki, kənd təsərrüfatı naziri İnam Kərimov  bildirib ki, məsələ ilə bağlı cinayət işi başlanılıb: “Pambığın ərsəyə gəlməsi üçün həşəratlara qarşı kimyəvi maddələrin tətbiqi qaçılmazdır, zəruridir. Amma burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşür. Özəl şirkətlər və fermerlərin həm biçində, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə bağlı məsuliyyəti var. Həmçinin dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. Biz istintaqın nəticələrini gözləməliyik. Ehtimala görə, bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmamasından baş verə bilər”.
Müxtəlif ictimai şəxslər bildirdilər ki, sovet dönəmində də ölkə ərazisində pambıq əkilsə də, bu cür zəhərlənmə halları müşahidə olunmurdu. Bildirilir ki, əsas problem mütəxəssis çatışmazlığıdır.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, pambıq bitkisinin 200-dən çox ziyanvericisi və 10-dan çox xəstəliyi var:“Ziyanverici həşəratlara, xəstəliklərə, alaq otlarına qarşı kimyəvi zəhərli maddələrdən uzun müddət istifadə edilsə də, əvvəllər pambıq sahələrində işləyənlərin zəhərlənməsi halları heç zaman müşahidə olunmayıb”.
Mütəxəssis indiki zəhərlənmələri məsuliyyətsizlikdə, qeyri-peşəkarlıqda və kadr problemində görür.
“Yeni Müsavat”a danışan həkim-mütəxəssis Tofiq Ələsgəroğlu bildirib ki, əvvəllər pambıq sahələrinin dərmanlanması xüsusi qurğular, təyyarələr vasitəsilə aparılırdı: “Həşəratlara qarşı dərman vasitələrindən istifadə hər zaman olub. Lakin əvvəllər bu, xüsusi təyyarələr vasitəsilə aparılırdı. Heç bir zəhərlənmə hadisəsi də müşahidə olunmurdu. İndi isə bunu əllə aparırlar. Bu cür işlərin görülməsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi texnika verilməlidir. İnsanlar da son dərəcə ehtiyatlı olub, təhlükəsizlik qaydalarına əməl etməlidirlər”.

Məsələ ilə bağlı məlumat almaq üçün Kənd Təsərrüfatı Nazirliyi ilə də əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov “Yeni Müsavat”a bildirib ki, İmişlidə “MKT” adlı şirkətin innovasiyalar təsərrüfatı var ki, texnika işinə onlar baxırlar:  “O şirkətin öz hesabına və ”Aqrolizinq”dən aldığı texnikaları mövcuddur.  Orada bəzi səlahiyyətlər artıq iyul ayının 1-dən etibarən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçiriləcək. Bizim tərəfimizdən isə artıq fermerlərə, sahibkarlara, icra hakimiyyətlərinə məktub ünvanlanıb ki, bu məsələdə bir qədər ehtiyatlı olsunlar, təhlükəsizlik qaydalarına əməl etsinlər. Bu məsələdə təhlükəsizlik qaydalarına doğru-düzgün əməl olunması vacib haldır. Hazırda müvafiq qurumlardan ibarət yaradılan komissiya da öz işinə davam edir. Araşdırmanın nəticəsi məlum olduqdan sonra bu barədə ictimaiyyətə məlumat verəcəyik”.
Bu arada  məsələnin tibbi baxımdan şərhi üçün Medicina.az-ın əməkdaşı tibb üzrə ekspert, professor Vüqar Məmmədova müraciət edib.  Ekspert bildirib ki, inkişaf etmiş ölkələrdə pestisid səpilmiş əkin sahələrinə heç heyvanı da buraxmırlar: “İlk olaraq onu qeyd edim ki, bu gün rayonlarda pambıq sahələrinə insanların, hətta tibb işçisi və müəllimlərin məcburi olaraq işçi qüvvəsi kimi çıxarılması sovet dövründən qalma məsələdir, heç bir qanunvericiliyə uyğun deyil, yerli icra orqanlarının öz vəzifəsindən sui-istifadə etməsidir.Ona görə tarlada baş vermiş hər hansı hadisəyə, həmin insanlara dəymiş ziyana, zərərə görə mütləq araşdırılma aparılıb, hüquqi müstəvidə cəza tətbiq olunmalıdır.  Azərbaycan vətəndaşı öz sağlamlığı təhlükə altında qoyulduqda və səhhətinə dəyən zərərə görə istənilən halda məhkəməyə müraciət edə bilər. Bu, onun hüququdur.  Təəssüf ki, vətəndaşlarımız bu hüququnu bilmir, istifadə etmir, rayon yerlərində xətir-hörmət, xahişlərə görə susur.Müasir inkişaf etmiş ölkələrdə pestisid, defoliant səpilmiş açıq əkin sahəsinə nəinki insanı, heç heyvanları da buraxmazlar. Alman, fransız, ingilis bu səhvi etməz, heç o ölkələrdə insanlar da buna getməz. Çünki bilirlər ki, kiçik bir məsuliyyətsizliyin cəzası, cəriməsi necə ağır ola bilər”. V. Məmmədov pambıqçıların zəhərləndiyi pestidis və digər maddələrin gələcək nəsillərə ziyan vura biləcəyini də açıqlayıb: “Pestisid və digər maddələrin bundan sonra o insanların sağlamlığında, hətta ailə üzvlərində, gələcək nəsillərində nə kimi fəsadlar verəcəyi məsələsinə gəlincə, bir həkim və tibb üzrə ekspert kimi mən sahəyə səpilən o maddənin kimyəvi-bioloji tərkibini dəqiqliklə bilməsəm, konkret nəsə deyə bilmərəm.Əgər deyilənlər kimi Vyetnamda istifadə olunan o toksiki maddədirsə, bu maddə həmin ərazidə yaşayan insanlara, heyvanat ailəminə və faunaya ciddi zərər verib, gələcək nəsillərdə genetik mutasiya və xəstəliklərə gətirib çıxara bilər.İnanmıram ki, ölkəyə gətirilən pestisidlərin tərkibində qeyri-adi nəsə olsun. Burda problem təhlükəsizlik qaydalarına və dünya standartlarına riayət etməməkdir.  O nöqteyi-nəzərdən ortada cinayət faktı var.Bu maddələr digər ölkələrdə ciddi nəzarət altındadır, ciddi yoxlanır və bir çox yerlərdə qadağan da olunub. Azərbaycanda əkin sahələrinə səpilən hər bir kimyəvi maddə, pestisidlərin keyfiyyəti, mənbəyi, tərkibi ciddi araşdırılmalıdır.  Söhbət Azərbaycan əhalisinin sağlamlığından, gələcək nəsillərin qorunmasından gedir. Belə ümummili məsələdə ən xırda səhv belə böyük fəsadlara yol açır”.Rasim
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.