Bu günlərdə Rusiyanın “Kommersant” qəzeti Sank-Peterburqda meyvə-tərəvəz biznesilə məşğul olan azərbaycanlı biznesmenlər arasında baş vermiş qalmaqaldan yazıb. Məqalədə bildirilir ki, Sankt-Peterburq şəhərində meyvə-tərəvəz biznesi ilə məşğul olan iri çaplı iş adamları Elçin Əhmədovla (ona “Banan Elçin” deyilir. Bu sahəni monopoliyada saxladığı üçün-red.) Novruz Xəlilov və ikincinin qardaşları arasında mübahisə yaranıb. Qəzetin yazdığına görə, E.Əhmədov N.Xəlilovun 1 milyon 500 min dollar pulunu quldurluq yolu ilə ələ keçirib. Musavat.com Rusiyanın nüfuzlu nəşrlərindən olan “Kommersant”da çıxan yazının linkini təqdim edir https://www.kommersant.ru/doc/3676178
İstintaqın versiyasına görə, biznesmen öz menecerləri ilə birgə şəriklərinin kassasından 12 milyon rubl, təxminən 1 milyon 500 min dollar quldurluqla ələ keçirib.
Kommersant.ru yazır ki, illik ticari dövriyyəsi 7 milyard rubl olan azərbaycanlı iş adamı ittihamı qəbul etmir. Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə İdarəsi həmin şikayəti əsas tutub Əhmədovun evində, iş yerində xüsusi təyinatlıların iştirakı ilə axtarış aparıb. Bununla belə, Əhmədovun vəkilinin apardığı araşdırma ilə onun hər hansı bir quldurluqda iştirakı təkzib olunur. Sənədlərə görə 2015-ci ilin noyabrında baş verməsi iddia edilən cinayət quldurluq əməli kimi tövsif olunub. Qarşı tərəf isə bundan narazı qalıb. Çünki Rusiya qanunlarına görə quldurluq cinayətləri İstintaq Komitəsinin araşdırdığı cinayətlər sırasında deyil, digər hüquq mühafizə orqanları belə cinayətlərin araşdırılması ilə məşğul olmalıdırlar.
Mövzu ilə bağlı musavat.com olduqca maraqlı, hətta sensasional sayıla biləcək bilgilər əldə edib.
Öncə qeyd edək ki, E.Əhmədovla N.Xəlilovun qalmaqalında üçüncü şəxsin də adı çəkilir. Bu, Elbrus Məmmədovdur. Onların üçünün də Şəmkir doğumlu olduqları deyilir. Elbrus Məmmədovla Novruz Xəlilovun rayonun Şiştəpə kəndindən, Elçin Əhmədovun isə Şəmkirin özündən olduğu deyilir.
Yeri gəlmişkən, Elbrus Məmmədovun adı ötən il bir qalmaqalda da çəkilirdi. Onun Razil Məmmədov adlı iş adamının başını yararaq, xəsarət yetirdiyi barədə əksər saytlarda xəbər yayılmışdı. Razil Məmmədov özü bu barədə jurnalistlərə açıqlama vermişdi.
Musavat.com-un əldə etdiyi məlumatda bildirilir ki, Elçin Əhmədov Xəlilov qardaşlarının 1 milyon 500 min dollarını Elbrus Məmmədovla əlbir olub, ələ keçirib. Bu olayın hekayəsi isə son dərəcə maraqlıdı. “Kommersant”ın məqaləsində də adı keçən Rövşən Muradovun deyilənə görə, Elçin Əhmədovla Elbrus Məmmədova 1 milyon 500 min manat borcu varmış. Mənbəmiz bildirir ki, bu borcu Rövşən ödəyə bilmədiyi üçün Elçin Əhmədovla Elbrus Məmmədov onu girov götürüblər. Hədə-qorxu gələrək pulu ödəməsini tələb ediblər. Həmin vaxt Rövşən Muradov Novruz Xəlilovun firmasında menecer işləyirmiş.
O, Argentinadan və Cənubi Afrika Respublikasından gətirilən iri partiyada meyvəni Elçinlə Elbrusa verib, bu yolla borcdan yaxa qurtarmaq istəyib. Bundan sonra Rövşən Məmmədov ortadan yox olub. Yəqin Xəlilov qardaşlarının qəzəbindən özünü qorumaq istəyib. Xəlilovlar başlarına gələndən 2 ay sonra xəbər tuta biliblər.
Bundan sonra İstintaq Komitəsinin əməkdaşları Rövşən Muradovun izinə düşüb, onu saxlayıblar. R.Muradovun ifadəsi zamanı Elçin Əhmədovla Elbrus Məmmədovun barəsində axtarış elan olunub. Mənbənin məlumatına görə, onlar həbsdən yayınmaq üçün Azərbaycana qaçıb.
Əldə etdiyimiz məlumatların arasında o da bildirilir ki, Elbrus Məmmədov Azərbaycana gəldikdən sonra burda oğluna sünnət toyu edib. Məclis iyunun 26-da olub. Bundan bir gün öncə isə “Ciyər axşamı” deyilən mərasim keçirilib. Bu mərasimdə ölkənin yüksək rütbəli məmurlarının, tanınan iş və sənət adamlarının iştirak etdiyi deyilir. Sünnət toyunda və “Ciyər axşamı” mərasimində başqa ölkələrdən də qonaqların iştirak etdiyi haqda bilgilər var. Musavat.com-un əldə etdiyi məlumatda o da deyilir ki, “Ciyər axşamı” mərasimində 80-100 nəfərin iştirakı ilə böyük qumar masası qurulub.
Elbrus Məmmədov sifarişli qətldə də suçlanır. Belə ki, onun qardaşı Niyaməddin Məmmədovun qayınanasının youtube kanalında müraciəti var. Qadın iddia edir ki, onun qızını həyat yoldaşı xüsusi qəddarlıqla qətlə yetirib. Qadının çıxışının 1:27-ci hissəsində bir maraqlı məqam diqqət çəkir. O, Məmmədov qardaşlarını narkotik ticarətində suçlayır. Həmin videon təqdim edirik.
Bu video youtube kanalında 2013-cü ilin aprel ayında paylaşılıb. Deyilənə görə, qətllə bağlı Niyaməddin həbs edilsə də 2 il sonra o, azadlığa buraxılıb. İddialara görə, qadın Məmmədovların hansısa sirrini bilirmiş və onları tez-tez bu sirri açıqlayacağı ilə hədələyirmiş...
Elbrus Məmmədovun erməni şərikinin olduğu da deyilir. Bildirilir ki, o, Osetiyada inşaat biznesi ilə məşğuldu. Osetiyada iki şərikinin olduğu haqda məlumatlar var. Osetin şərikinin adı Marat, erməni şərikinin adı isə Surendi. E.Məmmədovun Bakıda “Ağ şəhər” layihəsində də inşaat işləri apardığı bildirilir.
Musavat.com mövzu ilə bağlı araşdırmaları davam etdirəcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com